Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yoxlayıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması
məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən
birində olub.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və
qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş
hazırlığını yoxlayıb.
Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin
praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib.
General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin
döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib.
Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin
planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra
praktiki atışlar yerinə yetirilib.
Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş
tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib.