Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Novruz bayramı tədbirləri davam edir.
ÇıxışYolu.Com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, son günlər keçirilən “Açıq qapı” günləri və digər bayram tədbirlərində iştirak edən minlərlə vətəndaşlarımız, dövlət, qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, o cümlədən valideynlər hərbi hissələri ziyarət edərkən burada yaradılan sosial-məişət şəraitindən və təminatdan məmnun qalır, razılıqlarını bildirirlər.
Silahlı Qüvvələrimiz dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq, əşya, eləcə də digər təminatının daha da yaxşılaşdırılması üçün böyük işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyinin məlumatında deyilir:
“Bu gün Ordumuzun təminatla bağlı heç bir problemi yoxdur. Hərbi hissələrdə olarkən hər kəs bu istiqamətdə əldə etdiyimiz uğurların şahidi olur. Bunu nəzərə alaraq bildiririk ki, hərbi hissələrə ziyarət təşkil edilərkən əsgər normasından artıq və israfçılığa səbəb olacaq təminat vasitələrinin toplanılmasına və gətirilməsinə ehtiyac yoxdur.
Xalqımızın səmimi münasibəti, mənəvi dəstəyi, hərbi vətənpərvərlik tədbirləri şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da möhkəmlənməsinə yetərlidir. Əsgərlərimizə mənəvi dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk”.