69e9e2ec-f576-4942-9613-e8107bf51590..jpg

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir – VİDEO

Baxış sayı: 499 dəfə baxılıb.

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə
könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş,
tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 21-dən sentyabr
ayının 23-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris
Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə
bilərlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən
edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və
hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və
digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları
müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla bağlaşma bağlanır və onlar
ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən
aşağıdakı sənədləri təqdim etməlidirlər:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2
nüsxədə;

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2
nüsxədə;

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada
təsdiq edilmiş surətləri – 2 nüsxədə;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli
olduqda) – 2 nüsxədə;

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş
surətləri (uşaq olduqda) – 2 nüsxədə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış – 2 nüsxədə;

– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 santimetr və 2 ədəd
4,5×6 santimetr ölçüdə);

– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;

– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə
bağlı müraciət edib-etməməsi barədə arayış;

– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq”
hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2023-cü il avqust ayının 21-dən sentyabr ayının 23-dək
hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-35-70.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün
müraciət etməmələri xahiş olunur.


Source link