94763ebe-fdb7-4615-a8d4-d87655bff78d..jpg

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib – VİDEO

Baxış sayı: 448 dəfə baxılıb.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin
qəbulunu elan edib – VİDEO

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq
arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş
müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər
sentyabrın 12-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də
Gəncə və Bərdə şəhərlərində yerləşən hərbi hissələrin qərargahlarında fəaliyyət
göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na
qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən
hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə
Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Hərbi Həkim
Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər
qəbul imtahanlarına buraxılırlar.

Məlumatda bildirilir ki, fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə
qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə
bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi
məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul
edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır
və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Qurumdan bildirilib ki, namizədlər qəbul komissiyalarına müraciət edərkən
aşağıdakı sənədləri təqdim etməlidirlər:

– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə bir nüsxədə, çap edilmiş – iki
nüsxədə);

– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (bir nüsxədə);

– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (bir
nüsxədə);

– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (bir nüsxədə);

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli
olduqda, bir nüsxədə);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş
surətləri (uşaq olduqda, bir nüsxədə);

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış (bir nüsxədə);

– dörd ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, iki ədəd 3×4 sm və iki ədəd
4,5×6 sm ölçüdə);

– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji
və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi
barədə) arayış;

– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (bir
nüsxədə).

Sənədlərin qəbulunun həyata keçiriləcəyi ünvanlar: Bakı şəhəri, Yasamal
rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan
Ordusunun Təlim və Tədris Mərkəzi), Gəncə və Bərdə şəhərlərindəki hərbi
hissələr.

Müraciət etmə vaxtı: 2023-cü il sentyabrın 12-dək hər gün (bazar günləri
istisna olmaqla) saat 09:00-dan 18:00-dək.

MN müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq
olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən
asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət
etməmələrini xahiş edib.


Source link