Müdafiə Nazirliyi Naxçıvan MR-in 100 illiyi ilə bağlı silsilə tədbirlər
keçirir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı keçirilən “Rəşadətli
Naxçıvan” adlı tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti Fariz
Sərxanov ulu öndərHeydər Əliyevin ölkəmizin müstəqilliyi və Naxçıvanın
muxtariyyətinin qorunması istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən
danışıb və ölkə başçısıİlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100
illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli
Sərəncamının muxtar respublika tarixində əlamətdar hadisə olduğunu diqqətə
çatdırıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri akademik
İsmayıl Hacıyev çıxışında Naxçıvanın muxtariyyət statusunun tarixi önəmindən
danışıb. Ulu öndər Heydər Əliyevin muxtariyyət statusu haqqında fikirlərini
diqqətə çatdıran akademik bildirib ki, bu status Naxçıvana Moskva və Qars
müqavilələri, həmçinin 1921-ci ilin dekabrında keçirilən referendum ilə verilib.
Akademik İsmayıl Hacıyev Moskva və Qars müqavilələrinə əsasən bölgənin fiziki
xəritələri əsasında Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilərdən,
ermənilərin muxtariyyət statusunun ləğvi ilə bağlı canfəşanlığı barədə də
tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd ediblər.
Tədbirdə hərbi hissələrin bədii özfəaliyyət kollektivləri ədəbi-bədii
kompozisiya ilə çıxış edib, Naxçıvana və ordumuzun qüdrətinə həsr olunmuş
şeirləri bədii qiraət edib, mahnılar səsləndiriblər.
Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 100 illiyinə həsr olunmuş kursantlar arasında sınaq test
imtahanı keçirilib. Kursantlar ölkəmizin, o cümlədən Naxçıvan Muxtar
Respublikasının tarixi və coğrafi mövqeyi barədə sualları cavablandırıblar.
Əlahiddə Ümumqoşun Orduda Naxçıvanın 100 illiyinə və “Yaşıl dünya naminə
həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyası da təşkil olunub. Daim Vətənin
müdafiəsində dayanan hərbi qulluqçular təbiətimizə töhfə vermək üçün aksiyada
fəal iştirak ediblər.