Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmədə günahlandırılan general:
“Bilsəydim, tədbir görərdim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunaraq tutulmuş Maliyyə və Büdcə
İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin
Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların
maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə
xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
baş tutan prosesdə şahid qismində dindirilən “N” saylı hərbi hissəsinin maliyyə
xidmətinin rəisi Musa Məmmədov deyib ki, onun tərəfindən maliyyə yoxlamaları
zamanı 455 min manat ziyan vurulması müəyyən edilib. O bildirib ki, hərbi
hissəyə ayrılan pullar nağdlaşdırılıb və korpusun maliyyə xidmətinin rəisi
olmuş Rasim İbrahimova məruzə edilib. Rasim İbrahimov və Emin Poladov onun
xidmət etdiyi hərbi hissədə təftiş aparıblar. Şahid deyib ki, hərbi hissəyə
ayrılan vəsaitdən mənimsənilən pulun 60 faizini onlara verib, qalan 40 faizini
isə özünə götürüb.
M.Məmmədov bildirib ki, onun tərəfindən mənimsənilən vəsaitin 265 min manatını
ödəyib, qalan vəsaiti də hissə-hissəyə ödəyəcək.
Təqsirləndirilən Cəlal Kazımov deyib ki, şahid M.Məmmədov tərəfindən xidmət
etdiyi hərbi hissədə başqa bir hərbi hissədə xidmət edən guya Füzuli Ələkbərov
adlı şəxsin adına 17 500 manat köçürüb. Onun sözlərinə görə, bu, istintaq
sənədlərində müəyyən edilib.
Şahid isə bunun düzgün olmadığını, Füzuli Ələkbərovun kartına vəsait
köçürmədiyini deyib. Suallara cavab verən şahid deyib ki, real olmayan
şəxslərin adına kartlar açıblar və pulları həmin formada mənimsəyiblər.
Təqsirləndirilən Cəlal Kazımov isə deyib ki, əvvəlki iclaslarda da mövcud
olmayan şəxslərin adına kartlar açılması, pulların həmin kartlara əməkhaqqı adı
altında köçürülməsi barədə iddialar səsləndirilib:
“Burada hamı nağıl danışır, belə kart açdıq, pulları belə köçürdük. Bunun
mümkün olmadığı məlumdur. Bir neçə maliyyə xidmətlərinin rəisi var ki, onlar
şəxsi adlara pul köçürüblər. Amma həmin pulları niyə köçürüblər? Bu, bəlli
deyil. Bunları da istintaqda demişəm”.
Digər şahid Yaşar Rzayev də hərbi hissədə maliyyə xidmətinin rəisi olub. O,
xidmət dövründə maliyyə pozuntusuna yol verildiyini bildirib. Qeyd edib ki,
hərbi hissələrdən birində aparılan yoxlamadan ona 280 min 685 manat əlavə pul
qalıb:
“Həmin pulu da özümə götürmüşəm. Bir səhvdir etmişəm. Bununla bağlı təftişə
gələnlər olub. Onlara həmin puldan vermişəm. Ümumilikdə hərbi hissədə 4 dəfə
yoxlama aparılıb”.
Y.Rzayev deyib ki, təftişə gələnlərdən birinə rəhbərliyi Maliyyə və Büdcə
İdarəsinin təftiş şöbəsinin rəisi olmuş Rəfael Xələfov edib:
“Həmin vaxt Rafael Xələfova 164 min manat vermişəm. Ümumilikdə 4 il ərzində
963 min manat təftişçilərə vermişəm”.
Y.Rzayev bildirib ki, 2019-cu ildə Büdcə və Maliyyə İdarəsində planlaşdırma
şöbəsinin rəisi təyin olunub. Onun sözlərinə görə, onların işi şəxsi heyətin iş
planını müəyyən etməkdən ibarət olub.
Təqsirləndirilən Nizami Məmmədov deyib ki, şahid Yaşar Rzayev onun kadrı olub:
“Yaşar Rzayevi mən hərbi hissəyə maliyyə xidmətinə rəis göndərmişəm. Bir neçə
ildən sonra dedi ki, rəis, təqaüdə çıxacağam, məni yüksək vəzifəyə gətir,
təqaüdə çıxanda pensiyam yüksək olsun. Onu idarədə planlaşdırma şöbəsinə
gətirdim. 2017-ci ildə Rafael Xələfov yoxlama aparıb. Bu da mənə bir söz
deməyib. Belə çıxır ki, Rafael Xələfovla birləşib iş görüblər. Rafael Xələfov
bu işçini çox tərifləyirdi, deyirdi ki, yaxşı işçidir, qabağa çəkmək lazımdır.
Rafael Xələfov bildirirdi ki, belə işçiləri qabağa çəkmək lazımdır, qoy yaxşı
işçilərlə bağlı and içməyə yerimiz olsun. Amma indi məlum olur ki, Rafaellə
əlbir olub, iş görüblər. Dəfələrlə qəbulumda olub. Amma mənə bir dəfə Rafaelin
qanunsuz iş görməsini deməyib. Desəydi, tədbir görərdim”.
Şahid deyib ki, Rafael Xələfovla heç bir işbirliyi olmayıb.
Digər şahid Əli Qədirli isə deyib ki, maliyyə yoxlamaları zamanı onun
tərəfindən dövlətə 400 min manat ziyan vurulması müəyyən edilib. O, 2019-cu
ildə maliyyə xidmətinə rəis təyin olunduğunu bildirib:
“Məndən əvvəl də belə olub. Pullar hesaba köçürüləndən sonra məbləğlərin
şişirdilməsi nəticəsində bir qismi mənimsənilib. 2019-cu ildə həmin vəzifəyə
gələndə vəziyyəti belə görmüşəm”.
Şahid qeyd edib ki, iki dəfə yoxlamanı təqsirləndirilən Bayram Bayramov aparıb:
“Üçüncü dəfə isə yoxlamaya Rafael Xələfov 4 nəfərlə gəlmişdi. Yoxlamalar
zamanı bilinməyən məbləğlərin olması müəyyən edildi. Həmin vəsaitin də 50
faizini Rafael Xələfov götürdü”.
Əli Qədirli ifadəsində dövlətə onun tərəfindən dəymiş ziyanın 50 min manatını
ödədiyini deyib. Bildirib ki, qalan məbləği də yaxın zamanlarda ödəyəcək.
Bundan sonra ifadə verən şahid Samir Həmidov deyib ki, şərti olaraq 26 nəfərin
adına əməkhaqqı kartı açıblar:
“Həmin şəxslərin ad və soyadları mənim tərəfimdən şərti adlar altında yazılıb.
Həmin adları banka təqdim etməklə əməkhaqqı kartı açılıb. Pullar da həmin
kartlara köçürülüb. Bundan sonra tərəfimizdən həmin pullar nağdlaşdırılaraq
götürülüb”.
Şahidin ifadəsi ilə bağlı arayış verən Nizami Məmmədov deyib ki, mövcud
olmayan şəxslərin adına bankda əməkhaqqı kartı açmaq mümkün deyil:
“Bu, uydurmadır. Şəxsi heyətlə bağlı hərbi hissə komandiri tərəfindən banka
siyahı təqdim olunub. Şəxsiyyət vəsiqəsini təqdim etməklə şəxsi heyət üzvlərinə
əməkhaqqı kartı açılıb”.
Bu məsələ ilə bağlı arayış verən digər təqsirləndirilən Cəlal Kazımov deyib
ki, 2013-cü ilə kimi əməkhaqqı kartları hərbi vəzifə kartını banka təqdim
etməklə açılıb:
“Amma 2013-cü ildə Zakir Həsənov nazir vəzifəsinə gələndən sonra hərbçilərə
əməkhaqqı şəxsiyyət vəsiqəsi əsasında verilməyə başlanıb. Həmin vaxtdan da
hərbçilərin əməkhaqqı kartlarının alınması üçün banklara şəxsiyyət vəsiqələri
təqdim olunub. O dövrdən banka şəxsiyyət vəsiqəsi təqdim etmədən əməkhaqqı
kartı alınması mümkün deyil”.
Şahid qismində daha sonra Sahil Mehdizadə ifadə verib. Sahil Mehdizadənin
ilkin ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yaranıb. Belə ki,
o, ifadəsində mənimsəmə kimi qeyd edilən müəyyən miqdarda vəsaitin hərbçilərə
ödənildiyini deyib. İstintaqda isə həmin vəsaitin mənimsənildiyi qeyd edilən
akta qol çəkərək təsdiq edib.
O, vəkil Rəşad Mirmehdizadənin bunun səbəbi ilə bağlı suallarına cavab
verməyib.
Daha sonra digər şahidlər – Fərrux Xəlilov, Yasin Şahverdiyev, Təyyar Fərəcov,
Yasin Davudzadə, Nicat Qurbanov, Nicat Yusifov, Taleh Hüseynov və İbadulla
Əliyev ifadə veriblər. Onlar da işlədikləri hərbi hissələrdə qanunsuzluqlara
yol verdiklərini, dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsinə yol
verdiklərini deyiblər.
Onların mənimsədikləri vəsaitlərin bir qismi ödənilib, böyük hissəsi isə hələ
də ödənilməyib.
Proses yanvarın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal
Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi,
polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar
idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi
Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə
ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon
manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə
külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli
sürülüb.