b26f5302-17e3-43b2-a028-51213960c3c6..jpg

Müdafiə Nazirliyində hərbi jurnalistlər və ekspertlərlə görüş keçirilib

Baxış sayı: 692 dəfə baxılıb.

Müdafiə Nazirliyində hərbi jurnalistlər və ekspertlərlə görüş keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə
Nazirliyinin kommunikasiyaya cavabdeh şəxsləri ilə hərbi mövzuda xəbər
hazırlayan, yazılar yazan jurnalistlər və ekspertlər arasında görüş keçirilib.

Cixisyolu.com xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin,
eləcə də milli azadlıq uğrunda mübarizəyə qalxmış 20 Yanvar şəhidlərinin,
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından
keçmiş həmvətənlilərimizin, həmçinin şəhid jurnalistlərin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri tərəfindən
müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq
edilmiş Kommunikasiya Strategiyasının hesabatı təqdim olunub və Azərbaycan
Ordusunda 2023-cü ildə icra edilən döyüş hazırlığı üzrə tədbirlərin icmalından
ibarət videoçarx nümayiş etdirilib.

Bildirilib ki, Azərbaycan Ordusunda 2023-cü il ərzində – 143 Taktiki-xüsusi,
261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik
təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib, eləcə də
hərbi qulluqçularımız Azərbaycanda və digər ölkələrdə keçirilən 21 beynəlxalq
təlimdə iştirak edib.

Hesabatda qeyd olunub ki, tədbirlərin işıqlandırılması və Nazirliyin
kommunikasiya strategiyasının icrası ilə bağlı Müdafiə Nazirliyi tərəfindən
2023-cü il ərzində ümumilikdə 955 məlumat, 4 224 foto və 403 videomaterial
rəsmi internet səhifəsində və sosial media hesablarında paylaşılıb.
Məlumatlardan 854-ü rus və ingilis dillərinə tərcümə edilib.
İl ərzində media subyektləri tərəfindən Azərbaycan Ordusunun maddi-texniki
bazasından istifadə edilməklə çəkilişlərin aparılması məqsədilə ünvanlanmış 186
məktub icra olunub.

Müraciətlərə əsasən təşkil olunmuş çəkilişlərdə 11 dövlət qurumu, 160 yerli
media subyekti, 6 ictimai birlik, 9 prodakşn, radio, xarici media və media
mərkəzləri iştirak edib.

Bundan başqa, 171 media subyektinin 347 nümayəndəsinin iştirakı ilə hərbi
hissələrə 26 media-tur təşkil edilib. Burada müxtəlif mövzularda çəkilişlər
təşkil olunub və hərbi qulluqçuların gündəlik fəaliyyəti jurnalistlərə təqdim
edilib. Media nümayəndələri tərəfindən daxil olan 91 sorğu cavablandırılıb.

Ordu rəhbərliyinin ictimaiyyətə bilavasitə açıqlama verməsinin əhəmiyyəti qeyd
edilərək, cari il ərzində müdafiə nazirinin 3 müsahibəsi və mətbuat konfransı
təşkil edildiyi bildirilib.

Nazirliyin rəsmi sosial media hesablarında – “Instagram”da 1 437, “Facebook”da
1 478, “X”də 1 593, “Telegram”da 1567, “YouTube”da isə 446 paylaşım edilib.

Görüş zamanı media subyektləri ilə qarşılıqlı əlaqələrin daha da inkişaf
etdirilməsi, səmərəliliyin artırılması məqsədilə perspektiv planlar müzakirə
olunub. Hərbi və dövlət sirlərinin qorunması məqsədilə bu tip məlumatların
yayılmasına yol verilməməsi, qarşısının alınması və birgə mübarizə
aparılmasının zəruriliyi diqqətə çatdırılıb.

Tədbirin yekununda media nümayəndələrinin birgə əməkdaşlığın inkişafına dair
təklifləri dinlənilib.

Source link