Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq
arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi
xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel
ayının 26-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət
göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na
qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən
hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə
Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim
Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər
qəbul imtahanlarına buraxılırlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları,
ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin
fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən
imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar
ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim
etməlidir:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1
nüsxədə);
– şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli
olduqda, 1 nüsxədə);
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş
surətləri (uşaq olduqda, 1 nüsxədə);
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və
yaşayış yeri haqqında arayış (1 nüsxədə);
– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6
sm ölçüdə);
– qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji
və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi
barədə) arayış;
– hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1
nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu,
Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun
Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: 27 mart – 26 aprel 2024-cü il hər gün (bazar günləri
istisna olmaqla) saat 09:00-dan 17:00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq
olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən
asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət
etməmələri xahiş olunur.