502b9d68-38c2-44ea-b764-843a81959f61..jpg

Müddət başa çatır – Sabah Əhmədlə bağlı qərar veriləcək?

Baxış sayı: 577 dəfə baxılıb.

Müddət başa çatır – Sabah Əhmədlə bağlı qərar veriləcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu
il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi
hələlik açıq qalır.

Fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi
barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb,
müşahidə altındadır.

Müşahidə əsasında onun anlaqlı olub-olmadığı ilə bağlı 20 gün ərzində rəy
hazırlanacağı bildirilmişdi. Martın 13-də müddət bitir. Qərar olacaqmı, yoxsa
müşahidə bir müddət də davam edəcək?

Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində
ekspertizanın rəyini gözləyirlər. O, rəyin konkret neçə günə veriləcəyini
söyləməyib.

Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4
(xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox
şəxsi öldürmə) maddələri ilə aparır. Baş Prokurorluğun Mətbuat Xidmətindən
verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai
təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında
olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur.

Xatırladaq ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd
etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və
bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən
istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə
üzvlərini niyə öldürmüsən” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm,
çünki belə lazım idi” söyləyib.

Hazırda Psixiatriya Xəstəxanasında olan Əhməd Əhmədovun psixi vəziyyəti
haqqında ziddiyyətli məlumatlar var. Onun bu qətli həyata keçirərkən anlaqlı
olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun
dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli
hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə
hamısında şübhələr yaranıb. Belə ki, o, affekt vəziyyətdə olsaydı, ardıcıllıqla
ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o,
şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının
evinə getməsi onun anlaqlı olduğunu göstərir.

Ekspertiza onun cinayət törətdiyi zaman anlaqlı olmadığı haqda rəy verərsə,
sonrası necə olacaq?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki,
ekspertiza Əhməd Əhmədovun anlaqlı olmadığını müəyyən edərsə, hadisəni affekt
vəziyyətində törətdiyini təsdiqləyərsə, bu halda onun barəsində məcburi müalicə
qərarı veriləcək:

“Əhməd Əhmədovun hadisədən sonra istintaqa verdiyi və ictimailəşən ifadəsi
doğrudursa, belə nəticə hasil olur ki, o, törətdiyi əməldən peşman deyil. Bu
məqamı onun psixi durumunun o qədər də uyğun olmadığı kimi qiymətləndirmək
olar. Belə qanlı cinayəti törətmiş şəxs məntiqlə əməlini təkzib etməli və ya
əməlinə haqq qazandırmaq üçün bir bəhanə uydurub deməlidir. Əhməd Əhmədov isə
sakitcə cinayətini etiraf edir.

Onun psixi durumunun ən azı hadisəni törədərkən normal olmasını deməyə əsas
verən məqam var və mətbuatda da bu haqda kifayət qədər yazılıb. Əhməd Əhmədov
ayrı-ayrı ünvanlarda yaşayan 5 nəfəri bir neçə saat içində öldürüb. Cinayət
törətmək üçün mağazadan kəsici-deşici alətlər alıb. Yəni cinayəti planlı
şəkildə törədib. Hər halda, Əhməd Əhmədovun psixi sağlamlığı ilə bağlı
birmənalı olaraq fikir söyləmək çətindir. İndiki halda məhkəmə ekspertizasının
rəyini gözləmək lazımdır”.

Hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən
təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri
zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı
detalları danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə
kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da
verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin
yaxınlığındakı mağazadan satın alıb. Hazırda istintaq davam edir.

Source link