Müğənnidən ETİRAZ: “Efirlərimiz arvad bazarı, qeybət yeri olub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Efirlərimizdə bu gün elə aparıcılar var ki, aparıcılıq etməsələr, daha yaxşı
olardı. Əlbəttə ki, bu sözlərim hər aparıcıya aid deyil. İnsanlar şəxsi
həyatlarını, öz ayıblarını verilişlərdə açıb-ağardırlar, aparıcılar da onlara
şərait yaradır. Allah ayıbları örtəndir. Deyirlər ki, sən başqasının ayıbını
ört, Allah da sənin ayıbını örtər. Bu gün efirlər ayıb açır. Və yaxud da
insanlar öz xanımlarının, qayınanalar öz gəlinlərinin, xanımlar öz ərlərinin,
gəlinlər qayınanalarının ayıblarını açırlar”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib. O
daha sonra əlavə edib:
“Düşünürəm ki, buna ciddi nəzarət olmalıdır. Efirlərimiz qeybət yeri, arvad
bazarı olub. Çox istərdim ki, efirlərimizdə bunlar olmasın. Mədəniyyətimizin,
musiqimizin gözəl tərəfləri göstərilsin. Oxuya bilməyənlər bu gün ekrandadır,
efirlərə bəh-bəhlə dəvət alırlar. Onlar sosial şəbəkədə pul verib müəyyən
səhifə və saytlara özlərini təriflədirlər. Gərək efirə gəlib çıxmazdılar.
Reytinq xətrinə bunları etməməlidirlər”.
Müğənni bildirib ki, insan həyatını elə yaşamalıdır ki, öləndən sonra onu
yaxşı yad etsinlər:
“İnsanın həyatında elə hadisələr baş verir ki, onun üstündən ötüb keçmək olar.
Elə hadisələr də olur ki, həmin şəxs dünyasını dəyişəndən sonra da arxasınca
danışılır. Sağlığında həmin insan o şəxsin həyatında elə kədərli izlər buraxıb
ki… Bəlkə də o şəxsin ölən şəxsin arxasınca danışmağı normaldır. Nəticədə
insan o şəxsin onun həyatında olub, həyatını məhv etdiyinə görə danışır. İnsan
gərək həyatını elə yaşasın ki, öləndən sonra ona rəhmət deyilsin, rəhmətlə
anılsın. Onlar gözləməsinlər ki, insanlar o öləndən sonra sağ ikən danışa
bilmədiklərini danışsın. Çox təkəbbürlülük də bir şey deyil. Allah bir daha
göstərir ki, təkəbbürlü olmayın. Təkəbbürlü olanların, sağlığında fironluq
etmək istəyənlərin öləndən sonra da arxasınca danışanlar olur. Vaxtında gərək
insanı əzməyəsən. Əzirsənsə, yoxluğunda da o şəxslər danışacaq. Deməsələr,
əlbəttə ki, daha yaxşı olar. Allah bizə elə ömür nəsib etsin ki, ölüb gedəndən
də sonra gözəl yad edilək”.
Xuraman Şuşalı ona atılan daşlara bir çox hallarda cavab vermədiyini bildirib:
“Kim nə istəyir desin, kim nə istəyir danışsın. İnsan ağzını açanda söylədiyi
fikirlərlə özünü təqdim edir. Bu gün ağıllı insanlar digərlərinin
danışdıqlarına deyil, əməllərinə, addımlarına, yaşantılarına baxıb qiymət
verirlər. Ona görə də danışanlar, müzakirə edənlər, əslində, özlərini görsələr,
dəyişərlər. İnşallah, onlar da düzəlib yararlı işlərlə məşğul olarlar”.