ab406cfe-ef9a-4352-8bd4-bd93fd14cd5e.jpg

Muğam ustası Mənsum İbrahimovun doğum günüdür

Baxış sayı: 252 dəfə baxılıb.

Oktyabrın 1-i Azərbaycanın musiqi sənətində özünəməxsus rolu olan, Xalq
artisti, “Şöhrət” ordenli Mənsum İbrahimovun doğum günüdür.

Cixisyolu.com xatırladır ki, Mənsum İbrahimov 1960-cı ildə Qarabağın incisi Ağdam
rayonunun İmamqulubəyli kəndində dünyaya göz açıb.

Uşaqlıqdan musiqi sənətinə böyük maraq göstərən Mənsum 1982-87-ci illərdə Asəf
Zeynallı adına Bakı Musiqi Texnikumunun Muğam şöbəsində, 1988-93-cü illərdə isə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəni maarif
fakültəsində təhsil alıb.

Gənc yaşlarından istedadı ilə seçilən xanəndə hələ 1985-ci ildə dahi bəstəkar
Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə
birinci yerə layiq görülüb.

Elə həmin dövrdə sevilən müğənni, Xalq artisti Şövkət Ələkbərovanın tövsiyəsi
ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət olunub. Mənsum
İbrahimov bu teatrda 1993-cü ildən etibarən “Leyli və Məcnun” operasında
“Məcnun”, “Aşıq Qərib”də “Qərib”, “Gəlin qayası”nda “Camal”, “Sevil”də “Azançı”
kimi aparıcı rolları məharətlə ifa edib.

Muğam ustası Mənsum İbrahimovun doğum günüdür
Muğam ustası Mənsum İbrahimovun doğum günüdür

Opera səhnəsindəki uğurlu çıxışları ilə yanaşı, Mənsum İbrahimov həm də xalq
və bəstəkar mahnılarının, muğamların mahir ifaçısı kimi tanınır. O, Azərbaycan
muğam sənətini İran, Türkiyə, İraq, Fransa, Belçika, Lüksemburq, Kipr, ABŞ və
Kanada kimi ölkələrdə böyük məharətlə təmsil edib.

Mənsum İbrahimov təkcə görkəmli ifaçı deyil, həm də musiqi sənətini gələcək
nəslə öyrədən pedaqoqdur. O, Azərbaycan Milli Konservatoriyası və Musiqi
Kollecində çalışaraq gənc muğam ustalarının yetişməsinə böyük töhfələr verir.
Onun yetirmələri ölkədə keçirilən muğam müsabiqələrində uğurla çıxış edirlər.

Muğam ustası Mənsum İbrahimovun doğum günüdür
Muğam ustası Mənsum İbrahimovun doğum günüdür

Mənsum İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət
tərəfindən yüksək qiymətləndirilib.

O, 1998-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artist”, 2005-ci ildə
“Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına, 2010-cu ildə “Şöhrət”
ordeninə layiq görülüb.

2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Source link