Mühafizəçi Aqşinin göstərişlərini yerinə yetirib: “ByFateh”dəki davanın
TƏFƏRRÜATI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh” restoranında baş verən
davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən
prosesdə Aqşin Fatehin özü də iştirak edib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq
olub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş
F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada
olan işçi heyətinə buna dair sənədlər göstərərək oranı tərk etmələrini tələb
edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı
məlumat veriblər.
Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları
götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə
məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib.
Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları
götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən
Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni
restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib.
Aqşin isə qadının telefonu əlindən alaraq yerə çırpıb.
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə
xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib
ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu
gəlməyib, xəsarət yetirməyib.
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş
cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət
verilib.