9e34b921-b31a-4638-a128-38c6db5e6a9e..jpg

“Müharibə əlilini rəsmi işə götürüblər, amma nə maaş verirlər, nə də iş yerinə buraxırlar” – ŞİKAYƏT + FOTO

Baxış sayı: 1. 018 dəfə baxılıb.

“Müharibə əlilini rəsmi işə götürüblər, amma nə maaş verirlər, nə də iş yerinə
buraxırlar” – ŞİKAYƏT + FOTO

“2022-ci ilin noyabr ayında işə başlamağıma baxmayaraq, 2023-cü ilin
fevralında razılığım olmadan rəsmi işçi kimi ştata alıblar. Amma nə maaşımı
verirlər, nə də iş yerinə buraxırlar. Bu qanunsuzluq Şəki Regional Mədəniyyət
İdarəsinin rəhbəri Aqaəli Cəlilovun birbaşa tapşırığı ilə həyata keçirilir”.

Bu sözləri Cixisyolu.com-a müraciət edən Şəki sakini, rəqs dərnəyinin rəhbəri Nurəli
Ramazanov deyib. O qeyd edib ki, əmək müqaviləsi 2024-cü ilin yanvar ayına
qədər qüvvədə olsa da, qeyd edilən maaş ona verilmir:

“Əvvəl onu deyim ki, 1-ci və 2-ci Qarabağ müharibələrinin hər ikisinin
iştirakçısı olmuşam. Müharibə əliliyəm. Ötən il YAŞAT Fondunun dəstəyi ilə
Vətən müharibəsi iştirakçılarının məşğulluğunun təmin olunması haqqında
göstərişlərə əsasən, rəqs dərnəyi yaratmağıma razılıq almışam.

2022-ci ilin noyabr ayından etibarən Mədəniyyət İdarəsinin tabeliyindəki
klublarda dərnək rəhbəri kimi fəaliyyətə başlamışam. İdarə ilə razılığımıza
əsasən, rəqs dərnəyindən qazanılan pulun yarısı mənə çatmalı idi. Amma məni işə
2022-ci ilin noyabrın 1-dən deyil, 2023-cü il fevralın 1-dən götürüblərmiş. Mən
isə heç bir əmək müqaviləsinə, sənədə qol çəkməmişəm. Onlara bildirmişəm ki,
işə qəbul tarixim səhvdir, qeyd olunan vaxtdan 3 ay əvvəl işə başlamışam. Buna
baxmayaraq, fevraldan rəsmi ştata götürüblər, aylıq 345 manat maaş yazıblar,
mənim bunların heç birindən xəbərim yoxdur. İmzam olmadan necə işə götürə
biliblər, çox qəribədir.

Bütün bunlar bir tərəfə, tutaq ki, məni fevral ayından ştata alıblar, maaş
yazıblar. Bəs o maaş hanı? Mənə nə pul verirlər, nə də dərnəyə buraxırlar.
Fevral ayında şikayət yazmışdım. Mədəniyyət naziri ilə görüşmüşdüm, onun
tapşırığı ilə məsələ həll edilməli idi. Amma ortada heç nə yoxdur.

Dövlət Əmək Müfəttişliyi Xidmətinə də məktub yazdım. Onlar məsələni araşdırıb,
haqlı olduğumu üzə çıxardılar. Müfəttişlik idarəni cərimə etdi. Buna
baxmayaraq, mənimlə əlaqədar heç bir addım atılmadı, pulumu yenə vermədilər.

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi
səlahiyyətini müvəqqəti icra edən, eyni zamanda M.F.Axundzadə adına Şəki
Mədəniyyət Mərkəzinin direktoru olan Aqaəli Cəlilov tapşırıq verib ki, Nurəli
Ramazanovu heç bir klubda görməyim. Klub rəhbərlərini təhdid edib ki, məni
içəri buraxan klubu bağlayacaq. Mən işləmişəm, zəhmətimlə pulumu qazanıb, evimə
çörəkpulu aparmağa çalışıram. Amma mənə böhtan atırlar ki, guya psixoloji
pozğunluğum var. Halbuki əlimdə bu iddiaları da təkzib edən sənədlər mövcuddur.
Sadəcə haqqımı tələb edirəm. Mənim işləməyimə icazə verilsin, ödənilməli olan
borc, əməkhaqqı təmin olunsun. Əmək müqaviləsi 2024-cü ilin yanvar ayına qədər
qüvvədədir. Belə çıxır ki, mənim maaşımı qanunsuz yeyirlər. Bir tərəfdən,
müharibə əlillərinin məşğulluğunun təmin edilməsindən danışılırsa, bir tərəfdən
də, onların haqqı bu cür tapdalanır. Şikayətimin təmin olunmasını istəyirəm”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğunun cavabında
bildirilib ki, Nurəli Ramazanovun şikayəti nazirliyin Daxili nəzarət şöbəsi
tərəfindən araşdırılır, nəticələr haqqında əlavə məlumat veriləcək.

Aysel Aslan

Source link