Müharibə qaçılmazdır: Üç əsas aspekt – ŞƏRH

Müharibə qaçılmazdır: Üç əsas aspekt – ŞƏRH

Baxış sayı: 2. 399 dəfə baxılıb.

İran-İsrail münaqişəsinin eskalasiyası qaçılmazdır. Hazırda Tel-Əviv və Tehran arasında münaqişənin alovlanması üçün üç əsas aspekti göstərmək olar. 

Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi şərhçi Denis Korkodinov deyib.

Onun sözlərinə görə, birincisi, 2018-ci il aprelin 13-dən 14-nə keçən gecə Suriyadakı İran hərbi bazalarına hücum İsrail Nazirlər Kabinetində sevinc doğurmadı. 

“Rəsmi Tel-Əviv hücum nəticəsində İranın Suriya sərhədlərindən geri çəkiləcəyini gözləyirdi, ancaq beynəlxalq koalisiyanın İran mövqelərinə zərbələri simvolik xarakter daşıdı.

Vaşinqton Fransa və Böyük Britaniyanın dəstəyi ilə İran mövqelərinə sarsıdıcı zərbə endirə bilmədi. Ayətullah rejimi Suriyadakı qüvvələrini qısa zamanda bərpa etdi.

Bundan başqa, Ağ evin Tehranla nüvə sazişini ləğv etməsi “M üçlüyü”nün (Merkel, Mey, Makron) Donald Trampa müxalif mövqedə dayanmasına gətirib çıxardı. Onlar nüvə razılaşmasının saxlanılmasının tərəfdarıdır. Bu hadisə Binyamin Netanyahunun planlarına aid deyildi. O, bu vəziyyətdə Suriyadakı müharibədə beynəlxalq koalisiyanın dəstəyindən məhrum ola bilərdi”, – ekspert qeyd edib. 

Korkodinov əmindir ki, Donald Trampın uğursuz siyasətinə ümid İsrail rəhbərliyinin nikbinlikdən uzaqlaşmasına səbəb olub, çünki istənilən vaxt Vaşinqton konyunktur mülahizələrini rəhbər tutaraq Tel-Əvivlə münasibətlərini dəyişə bilər. 

“Netanyahu yaxşı bilir ki, ABŞ-dan başqa o, Almaniya, Fransa və Böyük Britaniya ilə əməkdaşlıq etməlidir. Onu da qeyd etmək olar ki, Bəşər Əsədin hərbi nailiyyətləri İsrailin Suriyadakı fəaliyyəti üçün mühüm maneələr yaradır. 

Daha dəqiq desək, İran-İsrail münaqişəsinin eskalasiyası yeni beynəlxalq ittifaqın yaradılmasına səbəb olacaq ki, burada ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və Rusiya mühüm rol oynayacaq”, – analitik deyib. 

Ekspert əlavə edib ki, hazırkı şəraitdə İsrail öz əhəmiyyətini hiss edir.

“Vaşinqton Donald Trampın simasında beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdi ki, əgər İran nüvə proqramını inkişaf etdirsə, böyük müharibə olacaq. Bununla yanaşı, ABŞ Qüdsü İsrailin paytaxtı elan etdi. Tel-Əviv bu şəraitdə əmin oldu ki, bütün dünyada yəhudi mərasimlərinin dövrü başlayıb”, – o bildirib. 

Şərhçi qeyd edib ki, bu əminliyin yaradılması Donald Trampa İsrailin Suriyadakı müharibəni yenidən qızışdırması üçün vacib idi. 

“Və bu amerikalıların yəhudilərə sevgisini göstərmir. Hazırda Vaşinqton onlardan öz məqsədləri üçün istifadə edir. Əgər “Suriya konserti” Vaşinqtonun planı üzrə getməsə, bundan ilk əziyyət çəkən İsrail olacaq.

Hazırda Tehran Tel-Əvivin texniki və hərbi imkanları yaxşı araşdırıb. Bu bilgilər düşmənə həlledici zərbə vurmaq və qüvvələri çevik səfərbər etməkdə İran üçün çox vacibdir. 

Vəziyyət hələ ki çox gərgin deyil. Ancaq bu, hər an dəyişə bilər: İran müharibə gözləyir, İsrail isə buna fəal hazırlaşır”, – Korkodinov deyib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com