ÇıxışYolu.Com-ın müxbiri və Baku TV-nin çəkiliş qrupu sosial şəbəkədə rezonans doğuran hadisənin detallarını araşdırmaq üçün hadisənin baş verdiyi Fatmayi kəndinə yollanıb.
Məlumatlara görə, mayın 11-də Abşeron rayon, Mehdiabad qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qarabağ müharibəsi əlili Fuad Arif oğlu Əkbərov Abşeron rayon icra hakimi İrada Gülməmmədovaya etiraz əlaməti olaraq Fatmayi kəndindəki birmərtəbəli evinə od vurub.
Onun sözlərinə görə, icra hakiminin adamları onun evini dağıtmaq istəyiblər. Öz videomüraciətində həmin şəxs deyib ki, Gülməmmədovanın adamlarına rüşvət verməkdən boyun qaçırdığı üçün döyülüb.
İcra hakimiyyəti Əkbərovun bu iddialarını təkzib edib və onun sözlərini təxribat adlandırıb.
İcra hakimiyyətinin bu açıqlamasına etiraz əlaməti olaraq, Qarabağ veteranı evinə od vurub.
Bəs görəsən, Qarabağ veteranını bu addımı atmağa nə vadar edib?
Əkbərovun qonşuları bildirib ki, o adekvat və qanuna əməl edən şəxsdir.
“Heç kim ondan bu hərəkəti gözləmirdi. Ola bilsin ki, onun əsəbləri korlanıb. İcra hakimiyyətinin adamları bir müddət öncə bizim kənddə bir nəfəri də döyüblər.
Həmin şəxs restoran sahibidir. O, icra hakiminin adamlarına rüşvət verməkdən boyun qaçırıb. Fuadın harada olduğunu heç kim bilmir. Söhbət gəzir ki, o, ölkəni tərk edib və Gürcüstana gedib”, – Əkbərovun qonşusu bildirib.
Həmçinin, öyrənə bildik ki, Əkbərovun Abşeron ərazisində daha bir evi var. Biz ora getdik. Bizi Fuadın həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əkbərova Tamam Cəmil qızı qarşıladı. Onun sözlərinə görə, həyat yoldaşı hətta özünə qəsd də etmək istəyib. Ancaq onu xilas etmək mümkün olub.
“Biz dövlətimizi sevirik və qanunlara tabeyik. İnsanları bu hala salmaq olmaz”, – qadın deyib.
Ərinin harada olması ilə bağlı sualı isə qadın cavabsız qoyub.
Bundan sonra biz icra hakimiyyətinə yollandıq. Uzun sürən söhbətdən sonra onlar bizə müsahibə verməyə razı oldular.
Abşeron rayon İH-nin mətbuat katibi Seymur Qasımov kamera qarşısında danışmaq istəmədi. O, yalnız müxbirin suallarını cavabandırdı.
– Nə baş verib? Qarabağ veteranı öz evini niyə yandırıb və İH-nin buna nə aidiyyəti var?
– Fuad Əkbərov İH-nə qarşı sabotajı əvvəlcədən hazırlayıb. Bax, buna görə də, o bütün olanları videoya çəkib və sosial şəbəkəyə yerləşdirib.
– Sabotaj onun nəyinə lazımdır? O kimdir?
– O burada daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur, onu burada hamı tanıyır. O deyib ki, İH nümayəndələri ondan rüşvət tələb edib. Belə bir hadisə olmayıb. Eləcə də, onun döyülməsi yalandır.
– Necə ki? İnternetdə qanlar içində olan Fuad Əkbərovun kadrları var.
– Bu planlaşdırılıb. Hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedib. O, qəsdən televiziya əməkdaşlarını çağırıb və bu hadisəni lentə alıb.
İcra hakimiyyətinin nümayəndəsi qeyd edib ki, bu faktla əlaqədar Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Cinayət işi prokurorun müavini Elçin Mahmudov tərəfindən aparılır.
Bizim çəkiliş qrupumuz Mahmudovla danışmağa nail oldu. O, bu faktı təsdiq edib.
“Araşdırma aparılır. Biz tərəfləri dindirmişik. İstintaq başa actdıqdan sonra geniş informasiya veriləcək”, – prokuror müavini bildirib.
Maraqlı detal
Məsələni araşdırarkən ÇıxışYolu.Com-ın müxbirinə polis əməkdaşı yaxınlaşdı və bildirdi ki, guya Əkbərov öz evini kafeyə çevirmək istəyib, ancaq buna icazəsi olmayıb. Bu səbəbdən Əkbərov ilə IH arasında insident baş verib.
Bundan sonra çəkiliş qrupumuz daha bir maraqlı fakt əldə etdi. Qonşuların sözlərinə görə, Əkbərovu Abşeron IH-in “Kaçok” kimi tanınan Baba adlı əməkdaşı döyüb.
Budur o…
Bizə danışan, ancaq adlarının açıqlanmasını istəməyən şəxslərin hamısının Fuad Əkbərov ilə yaxşı münasibətləri olub. Ev tikmək və ya başqa işlər üçün onlar tez-tez Fuada müraciət edirlərmiş. Fuad danışmaz əmlak məsələlərində IH ilə aşağı qiymətlərlə razılaşa bilirdi.
“Ola bilsin ki, sonuncu dəfə razılaşmalar zamanı nə isə düz getməyib və işə “Kaçok” (Baba – red) qarışıb”, – Fatmayi kəndinin sakinləri deyib.
Əkbərovun ifadəsindən:
“Mayın 11-də Abşeron rayon Icra hakimiyyətinin adamları ağır texnika ilə evimi uçurtmağa çalışdılar. Onlar evin qapısının karkasını uçurtmağa nail oldular. Mən onlara mane olmaq istədikdə isə məni döydülər. Mən onların acığına evimə od vurdum”
Biz həmçinin, Əkbərov və həyat yoldaşı haqqında məlumat da əldə edə bildik. Əkbərov uzun müddət Azərbaycan MTN-nin əks-kəşfiyyat idarəsində çalışıb, Qarabağ müharibəsində iştirak edib, ikinci qrup əlildir. Onun həyat yoldaşı isə hazırda Azərbaycan Daxili Işlər Nazirliyinin əməkdaşıdır.
ÇıxışYolu.Com məsələni diqqətdə saxlayır və yeni faktlar olduqda oxucularını bu məsələ ilə bağlı məlumatlandıracaq.