9010fea2-427a-4c4d-9aed-f4bdc19a4f87..jpg

Müharibə veteranı: “İstəyirəm ki, əcəl məni Kərkicahanda yaxalasın”- MÜSAHİBƏ

Baxış sayı: 680 dəfə baxılıb.

Müharibə veteranı: “İstəyirəm ki, əcəl məni Kərkicahanda yaxalasın”- MÜSAHİBƏ

“Ən böyük arzum doğulub, boya-başa çatdığım torpağımda ölməkdir. Torpaq
həsrəti ilə yaşamaq çox ağırdır. Vətəndə vətənsiz qaldım. Elimə, obama geri
dönmək istəyirəm”.

Bunu Cixisyolu.com-a müsahibəsində Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin sakini
Mürvət Əliyevdeyib.

– Kərkicahanın işğalından danışmağınızı istərdim. Təxribatlar nə zamandan
başlamışdı?

– İlk təxribatlar 1988-ci ildən başlamışdı. 1988-ci ildən Xankəndidə mitinqlər
başlamışdı. Qarabağı Ermənistana birləşdirmək istəyirdilər. Orada yaşayan
azərbaycanlıları təhqir edib, döyürdülər. İlk hücum 1988-ci il fevralın 13-də
başladı.

Kərkicahan qətliamı 1992-ci ilin dekabrın 28-də baş verdi. Onlar Xankəndidən
Kərkicahana təqribən gecə saatlarında hücum etdilər. Bu cür qətliam
törədiləcəyi ağlımıza gəlməzdi. Ermənilər qarşılarını çıxanı qətlə yetirdilər.
250 ev qarət edilmişdi. Xankəndidə olan azərbaycanlı evlərini qarət edib,
yandırırdılar. Sonuncu dəfə 1991-ci il dekabr ayında gecə saat 12-də hücuma
keçdilər. Kərkicahanı gecə saat 4-ə qədər atəşə tutdular. Üç tərəfdən hücum
oldu.

– Qəfil hücuma necə müqavimət göstərdiniz?

– Hücum edən kimi evləri yandırırdılar. Biz qarşısını almağa çalışırdıq.
Silahımız yox idi. Əlimizdə olan od tüfəngi ilə müqavimət göstərirdik.
Kişilərlə yanaşı, qadınlar da onların qarşısına çıxdı. Lakin sona qədər
müqavimət göstərə bilmədik. Hamı bilirdi ki, düşmən öndədir. Biz postlar qurub,
qadınları, uşaqları qorumağa çalışırdıq. 1 tüfəngimiz var idi. 4 nəfər adam
posta çıxırdıq. Düşmənə qarşı hərbi dərslərdə istifadə edilən avtomatlardan
istifadə edirdik. Hər kəs nə yol ilə olursa-olsun kömək etməyə çalışırdı. Bu
vəziyyətdə rahat yatmaq qeyri-mümkün idi.

1989-cu ildə ilk şəhidimiz oldu. Xankəndidən Kərkicahana gələ bilmirdik.
Şuşaya gedirdik. Özüm Birinci Qarabağ Müharibəsinin veteranıyam. Şuşa
döyüşlərində yaralanmışam.

– Doğma yurdunuzu xatirələrinizdə necə yad edirsiniz?

– Kərkicahanlı günlərimiz üçün darıxıram. Çox yaxşı günlər idi. Lakin işğalını
unuda bilmirəm. O vaxtlar 24 yaşım var idi. Lakin kontuziya aldığıma görə, bəzi
hadisələri xatırlamıram. Onu xatırlayıram ki, evləri, məktəbləri, bağçaları
necə yandırlar. Dekabrın 28-də Kərkicahan işğal olundu. Dekabrın 29-da
Kərkicahanı yenidən geri aldıq. Lakin sona qədər mübarizə apara bilmədik. Bütün
kəndi talan edib, yandırdılar. Əsir düşənlərə olmazın zülmlər verilirdi.

– Həlak olanlar içərisində yaxınlarınız var idimi?

– Qohum-qonşu şəhid oldu. Kərkicahan həmin gün 34 şəhid verdi. Onlar hamısı
doğmam idi. Çox yaxınımı itirdim. Ermənilər deyirdi ki, “mən qarabağlıyam”. O
söz ürəyimdə güllə kimi qalmışdı. Qələbə qazanandan sonra sanki canımdan çıxdı.

Kərkicahan işğal olunandan sonra Şuşaya getdik. 1992-ci il mayın 8-ə qədər
Kərkicahanın meşələrində dayanırdıq. Biz gələndə ermənilər Şuşanı bombaladılar.
Tanklarla, toplarla atəşə tuturdular. Düşən mərmilərin dalğası məni yerə vurdu.
Alnımda, qulaqlarımda hələ də çapıqlar var. Həmin an öldüyümü zənn ediblər.
Məni birbaşa Laçına göndəriblər. Oranı da daha sonra atəşə tutmağa başladılar.
Çox çətin günlər idi.

– Mürvət bəy, ən böyük arzunuz nədir?

– Ən böyük arzum doğma yurd-yuvama gedib orada ölməkdir. Həmişə nənəm, babam
deyirdi ki, torpaq həsrəti çox çətindir. Başa düşmürdüm. Qaçqın olandan sonra
başa düşdüm. Qaçqınlıq vətəndə vətənsiz qalmaq deməkdir.

İstəyirəm ki, əcəl məni Kərkicahanda yaxalasın. Sağ olduğum müddətdə gedib,
görmək istəyirəm. Orada mən qardaşlarımı itirdim. Bu gün 59 yaşım var. Canım
vətənimə, torpağıma qurban olsun. Bu gün də hazıram. Arzum elimə, obama
getməkdir.

Nəzrin Vahid

Source link