Mükafatla satılan neftin qiyməti azalır: Azərbaycanın “qara qızıl”ına necə
təsir edəcək? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Səudiyyə Ərəbistanı bazarda tələbatın azalması fonunda fevral ayında neft
tədarükünün qiymətlərini azaldacaq.
Belə ki, “Arab Light” brendi üçün neftin qiyməti hər barelinə görə 1,5-2
dollar ucuzlaşdırılıb.
Bəs bu hal Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Cixisyolu.com-a açıqlamasında bildirib
ki, artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı neft bazarının
tənzimlənməsində öz maraqlarından çıxış edir:
“Bu ölkə bazara dörd markada neft ixrac edir və yüksək qiymətə satır. Hazırda
da analoji addımları atırlar. Səudiyyə Ərəbistanı Şimali Amerika, Şimal-Qərbi
Avropa, Aralıq dənizi, Asiya və Sakit okean ölkələrinə ixrac etdiyi neftin
qiymətində mükafat tətbiq edir. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı
təxminən doqquz milyon bareldir. Onun təxminən 5,3 milyon bareli beynəlxalq
bazarlara çıxarılır. Burada da itirəcəyi heç bir şey yoxdur. Bununla bağlı iki
versiya var.
Bunlardan biri OPEC (The Organization of the Petroleum Exporting Countries) və
müttəfiq dövlətlərin neft hasilatında artımın baş verməsi nəticəsində bazarı
təsir altına almasıdır. Digər versiya isə Asiya və Sakit okean ölkələri
bazarlarında neft emalı zavodlarının ildə bir dəfə texniki baxışa
dayandırılmasıdır. Neft qiymətlərinin bu ilin ilk rübündə kəskin azalma
ehtimalı yoxdur. Çünki bazarlar dəyişib, tədarük mənzili uzanıb, neftin axın
xətlərində ciddi dəyişikliklər baş verib.
Eyni zamanda, Qırmızı dənizin şərq və qərbində neft balansının pozulması,
HƏMAS-İsrail qarşıdurması və bu kimi digər gərginlik nəticəsində qiymətin
azalma ehtimalı ləğv edilir. Dünyada mövcud neft emalı zavodlarının təmin
edilməsində Yaxın Şərq ölkələrinin rolu danılmazdır. Bu ölkələrin ixrac
qabiliyyəti geosiyasi fonda təhdid altına düşərsə, qısa zamanda neft
məhsullarının balansı pozulacaq və xammalda güclü problem yaşanacaq. Nəticədə
də qiymətlər sürətlə artacaq”.
Ekspert vurğulayıb ki, Azərbaycan nefti uzun illərdir ki, Aralıq və Qara
dənizin enerji bazarlarında mükafatla satılır:
“İxrac etdiyimiz neft məhsullarının brend etalonu mükafatla satılır. Bizim
neftin alıcı ölkələri sırasında Avropa nümayəndələri var. Bizim İsrailə,
Hindistana, Çinə satdığımız neft az kükürdlüdür və emal xərci olduqca aşağıdır.
Neftimiz bu il də mükafatla satılacaq. Bir məsələni qeyd edim ki, ötən il
dünyanın avtomobil benzininə olan birgünlük tələbatı 26,7 milyon barel olub. Bu
göstərici pandemiyadan əvvəlkindən də yüksəkdir.
Enerji keçidini müdafiə edən analitiklər bəyan edirdilər ki, pandemiyadan
sonra benzinə olan tələbat azalacaq. Amma bazar bu proqnozları rədd etdi.
Azərbaycan nefti də öz satış bazarını qoruyub-saxlayacaq. Liviyada neft
hasilatının dayandırılması, tədarükündə problemlərin yaşanması bizim neftin
satış bazarını daha da möhkəmləndirir. Yəni bu addımların Azərbaycan neftinə
heç bir aidiyyəti yoxdur və ola da bilməz”.
İlhamə Əbülfət