fa279811-5cb3-4828-9fb0-b7ef868b5a32..jpg

Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib

Baxış sayı: 1. 142 dəfə baxılıb.

Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus dilində çap edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası” kitabını rus
dilində çap edib.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat
yayıb.

Kitab indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların
dəyişdirilməsi və saxtalaşdırılması faktlarına həsr olunub.

Prezident İlham Əliyevin 2020-ci il iyun ayının 3-də Tərtər Olimpiya İdman
Kompleksinin açılışı zamanı etdiyi çıxışda indiki Ermənistan Respublikası
ərazisindəki coğrafi adların mütləq əksəriyyətinin Azərbaycan mənşəli olması,
bu mövzunun tədqiqi və təbliğinə dair Azərbaycanın alim və mütəxəssislərinə
verdiyi tövsiyəyə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM)
təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi
toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərinin cəlb
olunması ilə “Həqiqətin onomastikası” adlı kitabı hazırlanaraq nəşr edilib.

Gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni
saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan
torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış
azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim,
hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir
çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi
faktlarına həsr olunub. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə
tutulan kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış
məntəqəsinin, ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704
inzibati vahidin, 231 oronimin, 116 hidronimin, 137 yaylaq və qışlağın
toponimlərinin tarixi və izahı verilib.

Ermənistan Respublikası ərazisində toponimlərin müəyyənləşdirilməsi
istiqamətində tədqiqat işləri davam etdirilir.

“Həqiqətin onomastikası” kitabının ideya müəllifi BBMM-in Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdulla, müəlliflər – filologiya üzrə elmlər
doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim
Mustafa, redaksiya heyətinin üzvləri BBMM-in icraçı direktoru Rəvan Həsənov,
Azərbaycan Respublikası İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin
müavini Firdovsi Əliyev, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri Ramiz
Məmmədov, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı,
Milli Məclisin üzvü, filologiya elmləri doktoru Əziz Ələkbərli, Milli Məclisin
üzvü Musa Quliyev, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktor müavini Müqabil
Bayramov, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva, filologiya elmləri doktoru
Aslan Bayramov, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva, layihəyə
məsul BBMM-in təhlilçisi Araz Qurbanovdur. Kitabı rus dilinə filologiya üzrə
fəlsəfə doktoru, dosent Leyla Qədimova tərcümə edib.

Qeyd edək ki, kitab 2021-ci ildə Azərbaycan dilində, 2022-ci ildə isə ingilis
dilinə tərcümə edilərək nəşr olunub.

Source link