Multikulturalizm Mərkəzində tat dilində “Əli və Nino” kitabının təqdimatı olub
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən tat dilinə tərcümə
edilərək çap olunan “Əli və Nino” kitabının təqdimatı keçirilib.
Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat
yayıb.
Bildirilib ki, tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
müşaviri Aytən Qəhrəman kitab haqqında məlumat verib. Bildirib ki, Mərkəz
yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və
adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu
layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif
xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir.
Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal
Abdullayevdir. Tat dilində çap olunan “Əli və Nino” kitabının redaksiya
heyətinə Mərkəzin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov,
filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı, Tehran
Alışanoğlu və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi
daxildir. Rafiq Səməndərin rəyçi olduğu kitabı tat dilinə Rusiya Vladimir
Dövlət Universitetinin dosenti Telman Əliyev tərcümə edib. Layihəyə məsul şəxs
Mərkəzin şöbə müdiri Rəşad İlyasovdur. O diqqətə çatdırıb ki, görkəmli
Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi
tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi
qiymətləndirilən “Əli və Nino” əsəri dünyanın 33 dilinə tərcümə olunaraq 66
ölkədə nəşr edilib. Vurğulayıb ki, Mərkəz tərəfindən “Əli və Nino” əsəri ötən
illər ərzində udi, talış və ləzgi dillərinə də tərcümə edilərək çap olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin ayırdığı maliyyə vəsaiti hesabına “Azəri” Tat
Mədəniyyət Mərkəzi İctimai Birliyinin hazırladığı “Tolerantlığın Azərbaycan
modeli – azsaylı xalqlar” sənədli filmi nümayiş olunub.
Daha sonra çıxış edən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri
Elman Əhmədov, “Tolerantlığın Azərbaycan modeli – azsaylı xalqlar” sənədli
filminin rejissoru Ceyhun Şüküroğlu, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai
Birliyinin nümayəndələri Məhəmməd Əliyev, Elçin Mirzəbəyli qeyd ediblər ki,
Azərbaycanda yaşayan xalqlar hər zaman bir olublar. Bu, 44 günlük Vətən
müharibəsində bir daha özünü göstərdi. Bütün xalqların nümayəndələri Zəfərə
gedən yolda “Dəmir yumruq” kimi birləşdilər. Tarixi Azərbaycan torpaqlarını
işğaldan azad etdilər.
Tədbir müzakirələrlə davam edib.