2fc0f228-c24a-4130-8774-41714afed89d..jpg

Multikulturalizm Qış Məktəbi Qubada davam edir – FOTO

Baxış sayı: 752 dəfə baxılıb.

Multikulturalizm Qış Məktəbi Qubada davam edir – FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə
keçirilən “Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində” adlı XIII
Beynəlxalq Multikulturalizm Qış Məktəbi işini Qubada davam etdirir. Fevralın
24-də iştirakçılar daha iki mövzuda mühazirlər dinləyiblər.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan ədəbiyyatının tərcümələri mədəniyyətlər
sərhədində ünsiyyət aktı kimi” mövzusunda mühazirəni professor Lyudmila
Bejenaru (Rumıniya) təqdim edib.

Bildirilib ki, fərqli dillərdə danışan insanlarla ünsiyyət qurarkən onların
bir-birini başa düşməsinə kömək edəcək müəyyən ümumi dil lazımdır. Belə
hallarda ünsiyyətin həyata keçirilməsinin mümkün yolu tərcümədir ki, bu da
mədəniyyətlərarası ünsiyyətdə ən mühüm vasitəçilikdir.

Lyudmila Bejenaru qeyd edib ki, “Azərbaycan poeziyasının antologiyaları”
(Moskva, “Bədii ədəbiyyat”, 1939) “Azərbaycan şairləri”, (1962-ci il, Moskva),
Alla Axundovanın tərcümə etdiyi “Bahar” toplusu Azərbaycanın böyük şairlərinin
bütün mədəniyyət aləminə tanıdılmasında mühüm rol oynayıb.

Tədqiqatçı mühazirəsində Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli
sərəncamı ilə yaradılmış Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rolunu xüsusi
qeyd edib. Bildirib ki, Mərkəz ölkədə tərcümə fəaliyyətini, Azərbaycan
ədəbiyyatının beynəlxalq aləmdə və xarici ədəbiyyatın Azərbaycanda təbliğini
təşviq edir.

Sonra doktor Kristina Bossauer (Almaniya) iştirakçılara “Qurban Səidin “Əli və
Nino” əsəri” mövzusunda mühazirə oxuyub. Qeyd edilib ki, Azərbaycan
ədəbiyyatının ən qalmaqallı əsəri olan “Əli və Nino” əsəri ilk dəfə 1937-ci
ildə Vyanada alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilib və indiyədək
dünyanın 33 dilinə tərcümə edilib, 66 ölkədə nəşr edilib. Əsərin ilk nəşrində
müəllif kimi Qurban Səid göstərilsə də, müəllifinin kimliyi ilə bağlı ötən
dövrlər ərzində müxtəlif versiyalar irəli sürülüb. Amma kitabın dəyəri əsərdəki
hadisələr, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və
Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə etməsidir. Əsərdəki hadisələr,
əsasən, real mənzərəni əks etdirir.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları gün ərzində
Qubada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları Qırmızı qəsəbə ilə
yaxından tanış olub, sinaqoqları ziyarət edəcək, yəhudi icmasının üzvləri ilə
görüşəcəklər. Qış məktəbinin iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini
ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı
məlumatlandırılacaqlar.

Günün sonunda Qış Məktəbinin bağlanışına həsr edilən qala gecəsi keçiriləcək.

Xatırladaq ki, “Heydər Əliyev İli”nə həsr olunan XIII Beynəlxalq
Multikulturalizm Qış Məktəbi fevralın 26-dək davam edəcək.

XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə,
Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, ABŞ, Gürcüstan, Pakistan,
İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka,
Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərindən tələbələr iştirak
edirlər.

Source link