4413c880-7a00-491e-836e-a9a9021d1b87..jpg

Münhen Təhlükəsizlik Konfransı – Azərbaycan üçün diplomatik təşəbbüslər platforması

Baxış sayı: 3. 955 dəfə baxılıb.

Münhen Təhlükəsizlik Konfransı – Azərbaycan üçün diplomatik təşəbbüslər
platforması

Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ön
böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münhen şəhərində təşkil
edilən Münhen Təhlükəsizlik Konfransı (MTK) beynəlxalq təhlükəsizlik
məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır, qlobal
səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün
platforma rolunu oynayır.

AZƏRTAC-ın təqdim etdiyi bu yazıda da MTK-nın əhəmiyyətindən, bu Konfransda
Azərbaycanın fəal iştirakından söhbət açılır.

Qeyd edək ki, Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər,
parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və
beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər
arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və
regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. MTK əsas
konfransla yanaşı, həm tədbir çərçivəsində, həm də il ərzində müxtəlif
mövzularda və fərqli regionlarda müzakirə görüşləri təşkil edir. Konfransın
ilkin fokusu Trans-Atlantik və Avropa təhlükəsizliyi məsələləri olsa da, son
illərdə qlobal əhəmiyyət kəsb edən mövzulara da yer ayrılır, coğrafi
şaxələndirmə aparılır. Bir sözlə, Münhen Təhlükəsizlik Konfransı hərtərəfli
təhlükəsizlik konsepsiyasını ehtiva edir. Yəni, ənənəvi milli və hərbi
təhlükəsizlik anlayışları ilə məhdudlaşmayaraq, digər əhəmiyyət kəsb edən
iqtisadi, ətraf mühit, humanitar sahələrə də yer ayırır.

1963-cü ildən keçirilən Münhen Təhlükəsizlik Konfransının əsas şüarı “Dialoq
vasitəsilə sülh”dür (Peace through Dialogue). Təsisçisi Adolf Hitlerə qarşı
alman müqavimət hərəkatının fəal üzvü və sonralar ölkənin aparıcı naşiri və
siyasi xadimi Evald fon Klaystdır (Ewald von Kleist). O, təsis olunduğu ildən
1998-ci ilə qədər MTK-nın sədri vəzifəsini həyata keçirib. İlk onilliklərdə MTK
əsasən alman siyasətçiləri və hərbçilərinin ABŞ və NATO üzv ölkələrindən olan
həmkarları ilə fikir mübadiləsinin aparıldığı məkan idi. İştirakçıların coğrafi
əhatəsi və müzakirə mövzularının genişliyi elə də böyük deyildi. Soyuq
müharibənin başa çatması ilə Münhen Təhlükəsizlik Konfransı coğrafi əhatəsini
genişləndirərək və ənənəvi “Qərb dünyası”ndan kənara çıxaraq Mərkəzi və Şərqi
Avropa, Rusiya, daha sonra isə Azərbaycan da daxil olmaqla yeni müstəqillik
qazanmış, Latın Amerikası, Asiya, Yaxın Şərq ölkələrini də öz dairəsinə cəlb
etməyə başladı.

Münhen Təhlükəsizlik Konfransının builki – sayca 59-cu görüşündə ənənəvi
olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri
müzakirə ediləcək.

Hazırkı sessiya MTK-nın yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə
təşkil edilir və indiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına
görə ən irimiqyaslı olacağı ilə səciyyələnir. Prezidentİlham Əliyevin də
qatıldığı bu görüşə 800 nəfərdən çox iştirakçı rəsmi dəvət olunub. Konfransda
Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə
xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı
Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış
qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq
Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirlər.

Ukraynada davam edən müharibənin birinci ildönümü ərəfəsində təşkil olunan
59-cu Konfransda Ukrayna mövzusunun aparıcı yer tutacağı gözlənilir. Bununla
belə, Avropa və onun əsas tərəfdaşı olan Azərbaycan üçün hazırda aktual olan
enerji təhlükəsizliyi, yaşıl enerji, Cənubi Qafqazda təhlükəsizlik kimi
mövzuların, həmçinin “Qlobal Cənub”a daxil olan Afrika və Asiyanın üzləşdiyi
müxtəlif problemlərin də diqqət mərkəzində olacağı gözlənilir.

Azərbaycan Münhen Təhlükəsizlik Konfransının ən fəal iştirakçısıdır

Azərbaycan MTK-nın illik görüşlərində müntəzəm olaraq dövlət başçısı və ya
digər səviyyələrdə fəal iştirak edir. Builki Münhen Təhlükəsizlik Konfransına
dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham
Əliyevdir.

Münhen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik
həkk olunmuş hadisə – 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət
başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir.
Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə
canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi.

Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara,
siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni
tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin,
beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin
mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya
erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu.

Heç şübhəsiz, o tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin
ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını
geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.

Artıq qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət
olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından
biridir. Dövlətimizin başçısı Konfransın əsas proqramı çərçivəsində keçirilən
“Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və Gürcüstanın Baş naziri
İrakli Qaribaşvili ilə birgə “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel
müzakirədə əsas natiq kimi çıxış edəcək.

Bəzi məlumatlara görə, sonuncu panel müzakirəyə Ermənistanın baş naziri Nikol
Paşinyan dəvət olunsa da, o, iştirakdan imtina edib. Yəqin ki, Paşinyan 2020-ci
ilin acı təcrübəsini bir daha yaşamamaq üçün bu addımı atıb.

Dövlətimizin başçısının Konfransın əsas proqramındakı iki iclasda iştiraka
dəvət edilməsi onun lider və natiq kimi şəxsiyyətinə böyük hörmətin
göstəricisi, habelə ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual
mövzu üzrə və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı
rolunun qəbul edilməsi, tanınmasıdır. Avropanın enerji təhlükəsizliyinin təmin
olunması, enerji marşrutlarının şaxələndirilməsi, yaşıl enerji, regional
kommunikasiya xətlərinin açılması, Orta Dəhliz kimi məsələlərdə ölkəmizin
təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri,
Cənubi Qafqazda fəal şəkildə təşviq etdiyi sülh gündəliyi Münhen Təhlükəsizlik
Konfransı kimi mötəbər forumun maraq dairəsindədir.

Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət
və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət
rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.

Source link