be68461e-e596-4a79-befc-d81e3dbbb13b..jpg

Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ – FOTO

Baxış sayı: 699 dəfə baxılıb.

Munkun məşhur “Qışqırığ”ını eşidəcəyiniz muzeydən REPORTAJ – FOTO

Osloda tarixi ictimai yerlər çoxluq təşkil etməsə də, şəhər muzeylər və mədəni
tədbirlərin təşkil edildiyi məkanlarla zəngindir. Buradakı muzeylərdə Norveç
mifologiyasını, folklorunu, rəssam və heykəltaraşlarının sənət nümunələrini,
müasir incəsənəti, hətta sizə uşaqlıq sevinci qatacaq illüziyanı belə
tapmağınız mümkündür. Ona görə də hesab edirəm ki, Osloya məhz muzeyə baş
çəkməyi sevən, sənətə marağı olan insanlar gəlməlidirlər. Əks təqdirdə, şəhəri
çox sıxıcı hesab edə və burada bir qədər darıxa bilərsiniz.

Şəhərdə ikinci gününü ancaq muzeyləri gəzməklə keçirən biri kimi muzey
ziyarətinə ilk olaraq Norveçin ən əhəmiyyətli mədəniyyət müəssisələrindən olan
Milli Muzeydən başlamağın doğru qərar olacağı qənaətindəyəm. Çünki müxtəlif
dövrləri və üslubları əhatə edən geniş sənət əsərləri kolleksiyasına malik olan
bu məkanı sona kimi gəzmək üçün iki saatdan çox vaxt lazım olacaq. Bunu isə
başqa məkanları gəzib yorulduqdan sonra etmək çətindir. Muzeyin qısaca
təsvirindən söz açsam, bildirməliyəm ki, 2022-ci ildə təmirdən çıxmış muzey
hazırda Milli Qalereya, Dekorativ İncəsənət və Dizayn Muzeyi, Müasir İncəsənət
Muzeyi və Milli Arxitektura Muzeyi də daxil olmaqla, bir neçə qurumu özündə
birləşdirir və 400 mindən çox sənət əsərinə ev sahibliyi edir. Ona görə də
məkanı gəzərkən sıxlıqlar əhvalınızı dəyişə bilər. Ancaq xoşbəxtlikdən, muzey
işçiləri o qədər məlumatlıdırlar ki, kömək istəyəcəyiniz təqdirdə, sizə
qarışıqlıqdan xilas olmaq üçün yol göstərəcək, hətta xəritə də təqdim edəcəklər.

Xəritə ilə kolleksiyaları sıra ilə izləmə imkanına sahib olacaqsınız. Çünki
Milli Muzeyin hər otağında ayrı-ayrı dövrlərə aid sənət nümunələri sərgilənir.
Məsələn, bir otaqda XIX əsrdə sənətin çiçəklənməsi dövrünə aid əsərlər var.
Burada İohan Kristian Dahlın Norveç landşaftının gözəlliyini və milli kimliyini
əks etdirən rəsmləri nümayiş olunur. Bununla yanaşı, Norveçin modernist rəssamı
olmuş Nikolay Astrupun əhəmiyyətli əsərlər kolleksiyası da var ki, onun canlı
rəsmləri doğma bölgəsinin, xüsusən də Norveçin qərbindəki Yölsterin
mənzərələrini və folklorunu təsvir edir. Muzeydə, həmçinin, Norveçdə XIX əsrdə
ortaya çıxan milli romantizm hərəkatının sənət əsərlərinə də yer verilir.
Burada Harald Sohlberq kimi Norveç təbiətinin mistik xüsusiyyətlərini ələ alan
rəssamların əsərləri sərgilənir. Milli Muzey yerli sənətkarların əsərləri ilə
yanaşı, həm də beynəlxalq incəsənət nümunələrinin geniş çeşidini nümayiş
etdirir. Onlar arasında Pablo Pikasso, Vinsent van Qoq, Leonardo da Vinçinin
məşhur əsərlərini tapa bilərsiniz.

Təsviri sənət kolleksiyası ilə bərabər, Milli Muzeydə dekorativ sənət, dizayn
və memarlıq əsərləri də ziyarətçilərə təqdim olunur. Otaqlardan birində
şahzadələrin, XIX-XX əsrlərdə norveçli qadınların rəqslər üçün geyindikləri
ayaqqabıların nümayişi ilə rastlaşa, bir başqa otaqda isə fərqli dövrlərdə
norveçli xanımların və bəylərin ziyafət geyimlərini görə bilərsiniz. Hətta
Milli Muzeydə skandinav kilsələrinin dekorativ elementlərini, Məsihlə bağlı
oyma sənət nümunələrini, Müqəddəs Məryəmin və mələklərin taxta üzərində əks
olunan rəsmlərini də tapmaq mümkündür. Muzeyin ən maraqlı otaqlarından biri isə
insan bədəninin müxtəlif formalarının, mələklərin, kralların, fironların, hətta
atların belə heykəllərinin sərgiləndiyi yerdir ki, təkcə buradakı sənət
nümunələrini tam gözdən keçirmək üçün 20-30 dəqiqə vaxta ehtiyac duyulur.

Milli Muzeyi tərk etdikdən sonra onun düz qarşısındakı Nobel Sülh Mərkəzinə də
baş çəkə bilərsiniz. Nobel Sülh Mükafatı və onun laureatları haqqında
məlumatlılığın yaradılmasına həsr olunmuş bu mərkəz sərgi və tədbir məkanıdır.
Səfərim zamanı məkan təmirə qapandığı üçün həmin sərgi ilə tanış olmaq imkanım
yaranmasa da, onu deyim ki, burada daha çox sülh və münaqişələrin həlli ilə
bağlı sərgilər, interaktiv nümayişlər keçirilir. Mərkəzdə həm də Nobel Sülh
Mükafatı laureatlarının işləri araşdırılır. Oslo səfəriniz zamanı təmir bitmiş
olsa, buranı ziyarət edə bilərsiniz.

Milli Muzey və Nobel Sülh Mərkəzi Oslonun tam mərkəzində yerləşdiyi üçün
buradan sonra gediləcək muzeylərin bəziləri sözügedən binaların sağında,
bəziləri isə solunda yerləşir. Ona görə də səfərdən əvvəl hansı muzeylərə
gedəcəyimizi müəyyənləşdirməklə vaxta qənaət etmiş olarıq. Mən hazırladığım
siyahıya uyğun olaraq Nobel Sülh Mərkəzindən sonra daha az yol qət etmək üçün
ilk olaraq Astrup Fernli Müasir İncəsənət Muzeyinə yollandım. Bu muzey
“Tjuvholmen” məhəlləsində, müasir memarlığı və canlı mədəniyyət səhnəsi ilə
tanınan sahil bölgəsində yerləşir.

1993-cü ildə yaradılan muzey o vaxtdan Norveçdə müasir incəsənət üzrə aparıcı
qurumlardan biridir. Buradakı kolleksiya, əsasən, 1960-cı illərdən bu günə
qədər olan müasir incəsənətə yönəlib. Alman abstrakt ekspressionizminə, gənc
Britaniya rəssamlarına, Amerika incəsənətinə muzeydə xüsusi diqqət ayrılıb.
Yəni bu mədəniyyət evində nümayiş olunan əsərlərə həm norveçli, həm də
beynəlxalq sənətkarların rəsm, heykəltəraşlıq, fotoqrafiya nümunələri daxildir.
Fotoqrafiya nümunələrinin bəzilərinin homofobiyaya qarşı yönəldiyini desəm,
yəqin ki, yanılmaram. Çünki həmin fotoların bir qismində qadının başqa bir
qadınla, eləcə də kişinin başqa bir kişi ilə münasibətə başlaması və bu
münasibətin mərhələləri əks olunur.

Muzey belə sərgilərlə yanaşı, müasir incəsənətin anlaşılmasını təşviq etmək
məqsədi daşıyan seminarlar və tədbirlərə də ev sahibliyi edir. Məkanın
memarlığı da elə içərisində nümayiş olunan əsərlər kimi müasirdir. Tanınmış
italyan memar Renzo Piano tərəfindən layihələndirilən muzeyin binası heyrətamiz
estetika nümayiş etdirir. Belə ki, muzey vizual cəhətdən cəlbedici bir
kompozisiya təşkil edən şüşə keçidlərlə bir-birinə bağlanan iki əsas
strukturdan ibarətdir. Bu şüşə fasad isə bir yandan geniş təbii işığın daxili
məkanları doldurmasına imkan verir, digər tərəfdən isə ziyarətçilərə sahilyanı
ərazinin geniş mənzərəsini təqdim edir. Qalereyalar isə təmiz ağ divarlarla
xarakterizə olunur ki, bu da sənət əsərlərinin diqqət mərkəzində olmasına imkan
verən neytral fon yaradır. Ümumiyyətlə, Astrup Fernli Müasir İncəsənət
Muzeyinin memarlığı funksionallığı, estetikanı təcəssüm etdirir. Buranın bir
digər üstünlüyü də ondadır ki, gəzib bitirdikdən sonra digər muzeylərə getmək
üçün keçməli olduğunuz “Aker Brygge” adlı canlı atmosferi, müasir memarlığı,
istirahət məkanları ilə tanınan məşhur sahil ərazisində yorğunluğunuzu çıxara,
buradakı məşhur restoranlarda Norveç mətbəxinin yeməkləri ilə tanış ola və ya
sadəcə, yaxınlıqdakı kafe-barların birində “soft” içki içərək mənzərənin dadını
çıxara bilərsiniz.

Elə mən də belə edərək növbəti destinasiyaya, mütləq görülməli olduğunu
düşündüyüm məkanlardan birinə – Milli Muzeyin sağ sahilində yerləşən Akershus
qalasını baş çəkdim. Buranın Osloya gələn hər kəs üçün uğurlu ziyarət nöqtəsi
olduğu düşüncəsindəyəm. Çünki XIII əsrdə inşa edilmiş bu qala Oslodakı ən qədim
tikililərdən biridir və əlverişli strateji mövqeyi səbəbilə şəhərin və limanın
ecazkar mənzərəsini təqdim edir. Bu əzəmətli tikili Sarpsborq qrafı Alv
Erlinqssonun 1287-ci ildə Osloya hücumuna cavab olaraq inşa edilib. Belə ki,
sözügedən hücumdan sonra şəhərin mövcud müdafiəsinin yetərli olmadığı
müəyyənləşib və daha güclü müdafiə mərkəzi yaratmağa ehtiyac duyulub. Nəticədə
Kral V Haakon tərəfindən orta əsr qalası kimi tikilməsinə göstəriş verilib.
Norveçin müdafiəsi və idarə olunmasında mühüm rol oynamış qala əsrlər boyu kral
iqamətgahı, hərbi qala və həbsxana kimi istifadə edilib. Hələ də hərbi bölgə
olsa da, ərazi bu gün həm də məşhur turistik məkan kimi xidmət göstərir və
buraya möhtəşəm Akershus qala kilsəsi və Norveç Silahlı Qüvvələri Muzeyi ilə
birlikdə bir neçə əhəmiyyətli tikili daxildir. Hər gün saat 6-21 arasında qala
ziyarətə açıqdır.

Gün ərzində sadaladığım məkanları ardıcıl ziyarət etmək bir az yorucu olsa da,
şəhərə iki-üç günlük gələn biri dayanmamalıdır. Ona görə də qaladan sonra
növbəti görülməyə dəyəcək məkana – Oslo Opera Evinə üz tutdum. Müasir və
innovativ dizaynı ilə seçilən məkan füsunkarlığı ilə Bakıdakı bəzi binaları
xatırladar. Binanın ağ mərmər və şüşədən ibarət xarici görünüşü onun müasir və
zərif görkəmini daha da artırır. Bədii və mədəni əhəmiyyəti ilə yanaşı, Opera
Teatrı gözəlliyi ilə həm turistlərin, həm də yerli əhalinin sevimli məkanıdır.
Hətta memarlığı və dizaynına görə 2009-cu ildə Avropa İttifaqının Müasir
Memarlıq Mükafatına layiq görülüb. 2008-ci ildə açılan və şəhərin
simvollarından birinə çevrilən mədəniyyət ocağı Norveç Milli Opera və Baletinin
evidir və burada operalar, baletlər, konsertlər və digər mədəni tədbirlər də
daxil olmaqla, müxtəlif tamaşalar keçirilir. 1 100 otaqdan ibarət olan binanın
əsas auditoriyası 1 364 nəfər qəbul etmə imkanına malikdir və əla akustikası
ilə tanınır. Bu memarlıq incisinin yaxınlığında isə mənə görə, Norveçin ən
əhəmiyyətli muzeyi olan Munk muzeyi yerləşir. O muzey ki, məşhur norveçli
rəssam Edvard Munkun həyat və yaradıcılığına həsr olunub.

1963-cü ildə açılan muzey 2021-ci ildə hazırkı binasına köçürülüb, bu bina
ispan memar Xuan Herreros tərəfindən layihələndirilib və hazırda Osloda ən çox
ziyarət edilən məkanlardan biridir. Burada Munkun rəsmləri və şəxsi
əşyalarından ibarət geniş kolleksiya nümayiş olunur. Kolleksiya 28 mindən çox
əsərdən, o cümlədən “Qışqırıq”, “Madonna” və “Həyatın rəqsi” kimi simvolik
parçalardan ibarətdir. Bu muzey Munkun sənət karyerasına hərtərəfli baxış
təqdim edir, onun sevgi, ölüm, narahatlıq və digər insan duyğularını
araşdırdığını nümayiş etdirir. Munkun əsərlərindən əlavə, muzey incəsənətin
müxtəlif aspektlərini işıqlandıran müvəqqəti sərgilər də təşkil edir. Bu
sərgilərdə tez-tez digər rəssamların əsərlərinə yer verilir. Burada hətta alman
filosof Fridrix Vilhelm Nitsşenin portretini də tapa bilərsiniz.

Ümumiyyətlə, Osloda muzeylər o qədər sənət və informasiya yüklüdür ki, insan
məkanları gəzərkən əldə etdiyi bilgiləri tam şəkildə qoymağa yer tapmır. Bu
muzeylər həm də ölkədə mədəniyyətə verilən dəyəri nümayiş etdirir. Şəhər sizə
ilk baxışda quru görünsə də, gəzib axtardıqca, əslində, nə qədər zəngin
olduğunu görürsünüz. Oslodan yadigar qalacaq xatirələri sizə məhz muzeylər
qazandırır. Ancaq bu muzeylər gözəl olmaqla bərabər, həm də bir qədər bahadır.
Demək olar ki, şəhərdə girişi 20 avrodan aşağı olan muzey yoxdur. Əgər bir gün
Osloya gəlmək istəsəniz, təkcə muzeylərə 150-200 avro xərcləməyi nəzərə
almalısınız. Deyəsən, Norveçdə gənclər bu məbləği muzeylərə xərcləməyə elə də
maraqlı deyillər. Çünki burada belə məkanlara ən çox yaşlı nəslin
nümayəndələrinin gəldiyini müşahidə etdim. Görünən odur ki, Norveçdə yaşlı
insanların da rifahı yetərincə yüksək səviyyədədir. Bu səviyyəni görmək üçün
belə, Norveçə baş çəkməyə dəyər.

“Report” İnformasiya Agentliyi

Source link