113039e9-9293-4f6b-840f-2c7e52ec1d5a..jpg

Murad Musayev: “Qəbələ” ilə oyunlarımız maraqlı və çətin alınır”

Baxış sayı: 492 dəfə baxılıb.

Murad Musayev: “Qəbələ” ilə oyunlarımız maraqlı və çətin alınır”

“Bu komanda ilə oyunlarımız hər zaman maraqlı və çətin alınır”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev evdə
“Qəbələ”yə 5:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın ilk turunun bağlanış
matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis hər iki komandanın ifasında parlaq oyun alındığını
bildirib:

“Açıq futbol getdi. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından
sonra həm bizim, həm də “Qəbələ”nin bərpa üçün cəmi iki gün vaxtı var idi.
Bizim kiçik üstünlüyümüz o idi ki, evdə oynadıq. “Qəbələ” isə Kiprdən yenicə
qayıdıb. Bu mənada, biz bir az gümrah idik”.
Azarkeşlərə dəstəyə görə təşəkkür edən 40 yaşlı çalışdırıcı çempionluq sözü
verməyib:
“Vəd verirəmsə, əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah çempion
olacağıq? Alınmasa, birinci siz deyəcəksiniz ki, söz vermişdiniz, bəs necə
oldu? Azərbaycan Premyer Liqası daha da gücləndi. Buraya maraqlı futbolçular
gəlir. Hələ heç bir söz verə bilmərəm. Cəmi bir tur geridə qalıb”.

Coy Lens Mikelsə rəsmi təklif gəldiyini təsdiqləyən Musayev onu satmaq
istəmədiklərini vurğulayıb:

“Çünki bizim üçün vacib, lider oyunçulardan biridir. Amma müqaviləsində bənd
var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ heç nə dəqiq
deyil. Mikelsin özü də yekun qərarını verməyib. Hadisələrin necə inkişaf
edəcəyini bilmirəm”.

Növbəti həftə Bakıda üç avrokubok matçının keçiriləcəyini söyləyən baş məşqçi
“Qarabağ” və “Neftçi”yə görə öz oyunlarına az sayda azarkeş gələcəyindən
narahatdır:

“Dolu tribunalar qarşısında oynayanda tamam başqa atmosfer, emosiyalar olur.
Biz hamıdan uzaqdayıq və “Sabah”ın oyununa gəlmək “Qarabağ” və “Neftçi”nin
stadionuna yollanmaqdan daha çətindir. Üstəlik, oyun həftəiçidir. İnsanlar işə
də getməlidirlər. İstənilən halda, bizi dəstəkləməyə gələcək hər bir insana
öncədən təşəkkür edirəm. Kimin gəlmək şansı varsa, onları tribunada görməkdən
şad olacağıq. Söz verirəm ki, “Partizan”la görüşdə uğurlu nəticə üçün ən
yaxşısını edəcək, cəsarətli oynayacağıq”.

Source link