“Krasnodar”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın təcrübəli çalışdırıcısı
Qurban Qurbanovla əlaqə saxlayaraq Kadi Borqes haqqında maraqlı fikirlər
səsləndirib.
Sportinfo.az xəbər verir ki, rusiyalı çalışdırıcı Qurban Qurbanovla danışarkən
Kadi Borqesin “Qarabağ”a dönüşünün gerçəkləşməməsinə görə təəssüflənmədiyini
deyib.
Ötən mövsümün ilk yarısına kimi “Sabah”ı çalışdırmış mütəxəssis Azərbaycanda
işlədiyi müddətdə yaxından tanıdığı və münasibət qurduğu həmkarına cənubi
amerikalı legioner barədə mənfi fikirlər söyləyib.
O, Kadini intizamsız və rejimə məhəl qoymayan biri kimi xarakterizə edib.
Braziliyalının “Krasnodar”da olduğu müddətdə dəfələrlə problem çıxardığını
söyləyən Musayev Qurbanova maraqlı etiraf edib.
Rusiyalı Qurban Qurbanova: “Mən heyrət içindəyəm ki, siz Kadi ilə necə
çalışmısınız. Çox qeyri-peşəkar futbolçudur. Onunla işlədiyim aylarda daim
əziyyət çəkdim”, – deyib.
Qeyd edək ki, braziliyalı vinger bu ilin iyulunda “Krasnodar”dan ayrılaraq,
“Ferentsvaroş”a keçib. Sambaçı Macarıstan klubu ilə 3 illik müqavilə imzalayıb.
28 yaşlı oyunçu 2021-2023-cü illər ərzində “Qarabağ”da çıxış edib. Ağdam
təmsilçisinin 5 milyon avro qarşılığında satdığı legioner 2023/24 mövsümündə
Rusiya klubunun heyətində bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 3
məhsuldar ötürmə ilə yadda qalıb.