d47dd814-6beb-4ca4-91a9-74a3ada350c8..jpg

Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 1. 499 dəfə baxılıb.

Murad Musayev: “Sabah”ın uğurlarının burada nə qədər çalışmağımla əlaqəsi
yoxdur” – MÜSAHİBƏ

“Sabah” klubunun baş məşqçisi Murad Musayevin peşəkar futbolçu karyerası
olmayıb.

Rusiyalı mütəxəssis 2005-ci ildə – 22 yaşında məşqçiliyə başlayıb.

Karyerası əsasən “Krasnodar”la bağlı olan 39 yaşlı çalışdırıcı ilk illərdə
akademiyada fəaliyyət göstərib. 2016-cı ildə cəmi 3 ay müddətinə Rusiyanın U-18
yığmasına rəhbərlik edib.

2018-ci ildə “Krasnodar”ın əsas komandasının sükanı arxasına gətirilən Musayev
2021-ci ilin oktyabrından “Sabah”ı çalışdırır.

Komandası Azərbaycan Premyer Liqasının ilk yarısından sonra 43 xalla ikinci
pillədə qərarlaşan Murad Musayev “Report”un suallarını cavablandırıb.

– Ötən mövsümü 41 xalla başa vuran “Sabah” cari mövsümün artıq yarısında bu
göstəricini keçib. Bu mənada geridə qalan 18 turu sizin üçün parlaq saymaq olar?

– Məncə, ötənilki “Sabah”la builki “Sabah”ı müqayisə etmək düzgün deyil. Ötən
il komanda fərqli baş məşqçinin rəhbərliyi altında çıxış edib, heyətdə çoxlu
dəyişikliklər olub. Biz dünənlə yaşamırıq, yalnız bu gün və sabah barədə
düşünürük. Mövsümün ilk yarısındakı çıxışımızı ümumi olaraq uğurlu hesab
edirəm. Biz müasir və parlaq oyun nümayiş etdirdik və göstərdik ki, yaxşı
komandamız var. Çempionatda toplanan xallara gəldikdə, yaxşı qrafik cızdıq,
kifayət qədər çox xal topladıq. Bu da bizi sevindirir. Amma anlamalıyıq ki, bu,
sadəcə mövsümün ilk yarısıdır. Yekunda hansı nəticəni göstərəcəyimiz daha
önəmlidir. Ona görə də, eyforiyaya qapılmadan oyunumuzu bir qədər də
stabilləşdirərək daha da irəli getməliyik.

– İlin sonlarına yaxın çempionatda “Kəpəz” və “Şamaxı” ilə heç-heçə etdiniz,
ölkə kubokunun 1/4 final mərhələsində “Səbail”ə uduzdunuz. Həmin dönəmdəki eniş
nə ilə bağlı idi?

– Bütün məsafəni eyni tempdə qət etmək çətindir. Hətta ən təcrübəli
komandalarda belə, mövsümün gedişində enişlər ola bilir. “Sabah” da bu cəhətdən
istisna deyil. Nəzərə alaq ki, biz gənc klubuq. Komandanın heyətində ciddi
dəyişikliklər olub. Ona görə də, mövsümün gedşində 4 oyunda qələbə qazana
bilməməyimiz normal qəbul olunmalıdır. Əlbəttə, kubokda yarımfinala vəsiqə
qazana bilmədiyimiz üçün məyusuq. Çünki kubok titul qazanmaq üçün ən qısa yol
hesab edilir. Ancaq indi ən önəmlisi odur ki, son matçımızda parlaq oyun
göstərərək qələbə qazanmağı bacardıq. Həmin oyunları düzgün təhlil etməliyik
ki, gələcəkdə bu cür hallar yaşanmasın.

– Ardıcıl xal itkiləri lider “Qarabağ”ı sizdən uzaqlaşdırdı, 3-cü pillədəki
“Neftçi”ni isə bir qədər yaxınlaşdırdı. Bu, fasilə öncəsi komanda daxilində
təşvişə yol açmadı?

– Biz komanda ilə heç vaxt turnir cədvəli barədə danışmamışıq. Bir dəfə də
olsun rəqiblərimizin bizdən neçə xal irəlidə və ya geridə olmasını müzakirə
etməmişik. Çünki bu, bizi qətiyyən maraqlandırmır. Sadəcə, keçmiş oyunlarımızın
analizi və qarşıdan gələn görüşə hazırlıq barədə danışırıq. Bu, ən önəmli
aspektdir. Hansı ki, biz diqqətimizi ancaq ona yönəldirik. Turnir cədvəlinə isə
çempionatın sonunda baxacağıq. Hazırda bunun bizim üçün heç bir əhəmiyyəti
yoxdur. Diqqətimizi yayındırmamalı, yalnız qarşıdan gələn oyunlara və özümüzün
inkişafına köklənməliyik.

– Artıq bir ildir Azərbaycandasınız. Bakıda gördükləriniz bura gəlməzdən əvvəl
təsəvvür etdiyiniz kimidir?

– Bakı gözləntilərimdən də üstün oldu. Müasir Avropa şəhəridir. Öz gözəlliyi
və infrastrukturu ilə heyran edir. Bura ilk gələndə müsbət mənada kifayət qədər
təəccübləndim. Ümumi götürdükdə, Azərbaycanın gözəl təbiəti var. Bu ölkə gözəl
dağlara, göllərə, çaylara, fərqli iqlim qurşaqlarına malikdir. Məsələn,
Qəbələyə gedəndə təbiətin necə dəyişdiyinin şahidi olursan. Çöllük ərazi ilə
irəlilədiyin anda anidən yaşıllıq, dağlıq ərazi ilə üzləşə bilərsən. Bunların
hamısı çox gözəldir. Azərbaycan və Bakı barədə yalnız müsbət şeylər danışa
bilərəm.

– Ümumiyyətlə, Azərbaycanda yaxşı və pis mənada sizi ən çox nələr
təəccübləndirib?

– Bəzi müsbət şeyləri yuxarıda sadaladım. Mənfi hallara gəldikdə, sürücülük
mədəniyyətini qeyd edə bilərəm. Burada bəzi sürücülər yol hərəkət qaydalarına
tam riayət etmir ki, bu da nəqliyyatda idarəetmə zamanı çətinlik yaradır.
Məsələn, səndən öndə hərəkət edən avtomobil dönmə işığını yandırmadan anidən
dönə və ya sənin zolağına keçə bilər. Nəqliyyatda bu və buna bənzər bir çox
qayda pozuntuları olur. Məncə, sürücülər bu kimi məsələlərə həssas
yanaşmalıdırlar. Bu, Azərbaycanla bağlı yeganə mənfi haldır. Ümumilikdə ölkəylə
əlaqədar ancaq müsbət şeylər deyə bilərəm.

– Burada əksəriyyət rus dilini bildiyi üçün yəqin ki, ünsiyyət problemi
yaşamırsınız. Yerli insanların, xüsusən də, qonşularınızın sizə münasibəti
necədir?

– Haqlısınız. Burada ünsiyyətlə bağlı heç bir problem yaşamıram. Qaldığım
kompleksdə, getdiyim restoranlarda, mağazalarda rus dilində rahat ünsiyyət qura
bilirəm. Ümumiyyətlə, gündəlik həyatımda əsasən klub rəhbərliyi, əməkdaşları və
futbolçularla ünsiyyətdə oluram. Burada mənə hörmətlə yanaşırlar, çox yaxşı
şərait yaradıblar. Bunu yüksək dəyərləndirirəm. Hamı ilə çox yaxşı münasibətim
var, xüsusilə də, yerli futbolçularla. Onu da qeyd edim ki, yerli oyunçularla
ünsiyyət zamanı onların yüksək ailə mədəniyyətinə, dəyərlərə malik insanlar
olduğu görünür.

– Bakıda ailənizlə birlikdə yaşayırsınız?

– Bəli, ailəmlə birlikdə yaşayıram. İstisna hal təlim-məşq toplanışına
getdiyimiz vaxtda olur. Övladlarım burada uşaq bağçasına gedirlər. Ailə mənim
üçün çox önəmlidir. Onların yanımda olmaları, evə qayıdanda ailəmi görməyim
mənə çox yaxşı təsir edir. Burada işdən kənar vaxtımı ailəmlə keçirməyə
üstünlük verirəm. Onlarla Bakıdan kənar bölgələrə də səyahət etmişəm. Bu
baxımdan heç bir problem yoxdur.

– “Sabah”ın “Qarabağ” səviyyəsində olması, müntəzəm avrokuboklarda iştirak
etməsi üçün Murad Musayev həmkarı Qurban Qurbanov kimi uzun müddət komandanın
sükanı arxasında olmalıdır?

– Səhv etmirəmsə, Qurban Qurbanov 14 ildir “Qarabağ”da çalışır. Ona Avropada
çalışmaqla bağlı sual ünvanlayanda isə bu kluba bağlı olduğunu bildirir. Bu cür
bağlılıq, həmçinin işinin keyfiyyəti məndə Qurban Qurbanova qarşı çox böyük
hörmət yaradıb. “Sabah”ın uğurlarının mənim burada nə qədər çalışmağımla
birbaşa bağlılığı yoxdur. Çünki “Sabah” təkcə Murad Musayevdən ibarət deyil.
Məncə, eyni hal başqa klublar üçün də keçərlidir. Klubun uğuru bütün
bölmələrin, halqaların bir yerdə necə işləməsindən asılıdır. Rəhbərlik
tərəfindən seleksiyanın təşkili, maliyyənin stabilliyi, klubun
infrastrukturunun qurulması, təchizatın yüksək səviyyədə təşkil edilməsi,
bundan əlavə, menecerlərdən tutmuş, həkimlərə kimi, hər bir əməkdaşın
ixtisaslaşdırılması və s. kimi amillər çox önəmlidir. Əsas odur ki, bütün
struktur işləsin.

– Uzun müddət Azərbaycanda çalışmaq perspektivinə necə baxırsınız?

– Əsas məqsədim “Sabah”ı daha da inkişaf etdirmək, avrokuboklara çıxarmaqdır.
Ola bilsin ki, burada uzun müddət çalışacağam. Ancaq futbol həyatı
qeyri-müəyyəndir. Bizi qarşıda nələrin gözlədiyini çox vaxt bilmirik.
Addım-addım irəliləyirik və inanırıq ki, bizdə hər şey alınacaq.

– Azərbaycanda hansı yerli futbolçuları Rusiya Premyer Liqasında oynayacaq
səviyyədə sayırsınız?

– Öz subyektiv fikrimi bildirəcəyəm. Rusiya Premyer Liqasında yerli
futbolçulardan Elvin Cəfərquliyev, Toral Bayramov, Şahruddin Məhəmmədəliyev,
Ramil Şeydayev, Bədavi Hüseynov, Emin Mahmudov, Eddi İsrafilov, Aleksey İsayev,
Elvin Camalov və Namik Ələskərov oynaya bilərlər. Heç kimin xətrinə dəymək
istəməzdim, ola bilər ki, bəzi oyunçuları qeyd etməyi unutdum. Ancaq onu deyə
bilərəm ki, Azərbaycanda Rusiya Premyer Liqasında çıxış edə biləcək bir çox
futbolçu var. Bundan əlavə, Azərbaycanda oynayan legioner futbolçular da var
ki, onlar Rusiya Premyer Liqası klublarını gücləndirəcək səviyyədədirlər.

– Bəs Rusiya Premyer Liqasından bura kimisə transfer etmək nə dərəcədə realdır?

– Rusiyadan oyunçu transfer etmək çox çətindir. Burada maliyyə amili böyük rol
oynayır. Rusiya Premyer Liqası klublarında maaşlar Azərbaycan klublarındakından
daha yüksəkdir. Eyni səviyyəli futbolçunu İspaniya, Portuqaliya kimi ölkələrin
aşağı liqalarında və ya başqa ölkələrin çempionatlarında axtarmağa cəhd etmək
olar. Məncə, ən başlıca səbəb budur.

– İlk dəfə ölkə xaricində çalışırsınız. Azərbaycanda qazandığınız hansı
təcrübəni gələcək karyeranız baxımından mühüm hesab edirsiniz?

– Düzü, burada özümü evdəki kimi hiss edirəm. Rusiyanın cənubunda, Qafqazda
yaşamışam. Rusiyada bir çox Qafqaz respublikalarında, Dağıstanda, Adıgeydə,
Kabardin-Balkarıstanda olmuşam. Buna görə də, Azərbaycanda da olan oxşar
mentalitetə yaxşı bələd idim. Bu baxımdan uyğunlaşmaqda heç bir problemim
olmadı. Mənim evim bura çox yaxındır. Krasnodardan Bakıya olan məsafə daha
azdır, nəinki Krasnodardan Moskvaya.

– Azərbaycan və Rusiya Premyer Liqaları yəqin ki, müqayisəedilməzdir. Bizim
çempionatın ən yaxşı və pis tərəfləri nələrdir?

– Hesab edirəm ki, Azərbaycan Premyer Liqasında ilk “beşlik”də qərarlaşmış
komandalar Rusiya Premyer Liqasında çıxış edə bilərlər. “Qarabağ” hətta
çempionluq uğrunda da mübarizə aparacaq gücdədir. Ümumi götürsək, Rusiyada
komanda sayı Azərbaycanla müqayisədə çoxdur. Azərbaycanda bəzən bir komandanın
digəri ilə ardıcıl bir neçə dəfə qarşılaşması hallarına rast gəlinir. Bəzən
mövsüm ərzində bir rəqiblə 6 dəfə üz-üzə gəlməli olursan ki, fikrimcə, bu, heç
də maraqlı deyil. Həmçinin Rusiyada infrastruktur daha yaxşıdır. Həmin
qurğuların əksəriyyəti dünya çempionatı üçün tikilmişdi. Bundan əlavə, Rusiyada
stadionlarda daha çox azarkeşə rast gəlmək olar. Düzdür, son vaxtlar Rusiyada
da oyunlarda müşahidə olunan tamaşaçı sayında azalma var. Bu, daha çox tətbiq
edilən “Fan ID” ilə bağlıdır. Bununla belə, indi də Rusiyada oyunlara azarkeş
marağı Azərbaycandakından daha çoxdur. Bu bir qədər qəribədir. Çünki
Azərbaycanda “Qarabağ”ın avrokubok oyunlarına kifayət qədər azarkeş gedir.
Lakin daxili çempionatın görüşlərində həmin azarkeş marağı müşahidə olunmur,
tribunalarda çox az adam olur. Bizim “Qarabağ”la Masazırda baş tutmuş son ev
matçımıza isə 10 000 azarkeş gəlmişdi. Bu, bizi çox sevindirdi. Fikrimcə, həmin
gün azarkeşlərin özləri də həm meydanda sərgilənən oyundan, həm də stadionda
olan atmosferdən həzz aldılar. Azərbaycanda olan əsas problemlərdən biri də
süni örtüklü meydançalardır. Azərbaycan cənub ölkəsidir. Burada hava çox da
soyuq olmur. Premyer Liqada bir neçə klub süni örtüklü meydançadan istifadə
edir. Fikrimcə, bu heç də yaxşı hal deyil. Düşünürəm ki, Azərbaycanda hər bir
klub təbii örtüklü meydançaya malik olmalıdır.

– Qış fasiləsində komandadan ayrılacaq oyunçuları yəqin ki,
müəyyənləşdirmisiniz. Kimlərlə yolları ayırmağı və neçə yeni oyunçu transfer
etməyi planlaşdırırsınız?

– Komandada kifayət qədər oyun təcrübəsi qazana bilməyən bəzi gənc
oyunçularımızın başqa klublara icarəyə göndərilməsi ehtimalı var. Transfer
məsələsinə gəldikdə, bizim üçün çox vacibdir ki, kluba yeni gələcək futbolçular
hazırda heyətdə olanlardan daha güclü olsunlar. Böyük dəyişikliklər nəzərdə
tutulmayıb. Ola bilsin ki, bir və ya iki futbolçu ilə güclənək. Ancaq heç bir
transfer həyata keçirilməyə də bilər.

Source link