Musa Qurbanlı: “Hokkeylə tanış olmaqda özüm də maraqlı idim”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hokkeylə tanış olmaqda özüm də maraqlı idim”.
Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı
formasını geyindiyi “Yurqorden” klubunun heyətində hokkey oyununda iştirak
etməsi ilə bağlı danışarkən deyib.
21 yaşlı hücumçu bildirib ki, İsveç komandasında hər mövsümün sonunda hokkey
oynamaq ənənəsi var:
“İsveçdə əsas idman növləri futbol və hokkeydir. Hokkey bu ölkədə çox
populyardır. “Yurqorden”in hər mövsüm bitdikdən sonra yığışıb hokkey oynamaq
ənənəsi var. Burada futbolçularla yanaşı, məşqçilər, həkimlər, bir sözlə, hamı
iştirak edir”.
O, hokkeydəki çətinliklərdən də söhbət açıb:
“Düzdür, daha əvvəl buz üstündə konki sürmüşəm. Az da olsa, təcrübəm var idi,
ayaq üstə qala bilirdim. Ancaq heç vaxt hokkey oynamamışdım. Həddən artıq çətin
idman növüdür. Azərbaycan millisinin düşərgəsindən qayıdan kimi kluba getdim.
Çünki məni çağırmışdılar, oynayacağımızı bilirdim. Eyni vaxtda hərəkətdə olmaq,
şaybanı idarə etmək, ayaq üstə qalmaq çətindir. Bunun üçün fiziki gücün çox
olmalıdır. Bəzi futbolçularımız əvvəllər də hokkey oynayıblar. Ona görə də çox
yaxşı çıxış edirdilər. Mən onlarla bacarmazdım, sadəcə, maraq üçün getmişdim”.
M.Qurbanlı AVRO-2024-ün seçmə mərhələsində İsveç (3:0) və Belçika (0:5) ilə
keçirilən son oyunlara da münasibət bildirib. Forvard Bakıda İsveç üzərində
qələbəni xüsusi vurğulayıb:
“İsveçlə görüşdə möhtəşəm qələbə qazandıq. Futbolumuz adına tarixi uğur idi.
10 nəfərlə qalmağımıza baxmayaraq, uşaqlar sona kimi gözəl mübarizə apardılar.
Layiqli və parlaq zəfər oldu. Xalqımızı bu qalibiyyətlə sevindirdiyimiz üçün
məmnun idik”.
Azərbaycan millisinin üzvü Brüsseldə Belçikaya məğlubiyyəti isə heyətdəki
itkilər və Eddi İsrafilovun qırmızı vərəqə alması ilə əlaqələndirib:
“İsveçlə oyundan sonra kollektivdə özünəinam artmışdı. Belçika ilə matça da
ümidli idik. Ancaq itkilərimiz var idi. Bəhlul Mustafazadə və Ramil Şeydayevin
yoxluğunu hiss etdik. Üstəlik, birinci hissədə aldığımız qırımızı vərəqə matçın
taleyini kökündən həll etdi. Çünki rəqibimiz ustalıq səviyyəsi yüksək olan,
dünya ulduzlarından qurulan komanda idi. Fərdi keyfiyyətləri çox yüksəkdir.
Onlara qarşı 10 nəfərlə mübarizə aparmaq çətin oldu. Belə alınmasını heç kim
istəməzdi. İsveç üzərində qələbədən sonra Belçikadan da yaxşı nəticə ilə
dönməyi arzulayırdıq. Nəticə bizi məyus etdi. Bundan sonra isə üzərimizdə daha
çox işləməklə önümüzə baxmağa çalışacağıq”.
Qeyd edək ki, Musa Qurbanlı İsveç və Belçika ilə oyunlara çağırılmasına
baxmayaraq, meydana çıxmayıb. Milli yer aldığı F qrupunda 7 xalla 4-cü yeri
tutub.