Musabəyov: Ermənistanda kulisdə amansız hərrac gedir

Musabəyov: Ermənistanda kulisdə amansız hərrac gedir

Baxış sayı: 2. 520 dəfə baxılıb.

Ermənistanda küçələr qaynayır, lakin kulisdə amansız hərrac gedir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, Milli Məclisin deputatı Rasim Musabəyov bu barədə öz “Facebook” səhifəsində yayıb.

Onun sözlərinə görə, Paşinyanın tərəfdarları Ermənistanı iflic ediblər.

“Nəqliyyat magistralları və dövlət müəssisələri bağlanıb. Tələbələr, həkimlər və bir sıra digər qurumların işçiləri etiraz edirlər. Ticarət obyektləri işləmir. Hakimiyyət və xalqın kəskin mübarizəsi göz qarşısındadır.

Vəziyyət çıxılmaz kimi görünür, lakin hesab edirəm ki, səhnə arxasında amansız hərrac gedir”, – o qeyd edib.

Politoloq əmindir ki, Paşinyan Ermənistan Respublikaçılar Partiyası ilə danışıqlara getməyə hazırlaşmırdı. 

“Onun məqsədi Ermənistan Respublikaçılar Partiyasının onlarla üzvünü öz tərəfinə çəkərək parlamentdə üstünlüyü ələ keçirməkdir.

Buna görə Paşinyan kimin hansı nazir olacağını və hakimiyyətə gəlsə, ilk olaraq hansı dəyişiklikləri edəcəyi barədə danışmayıb”, – Musabəyov bildirb.

Deputat yazır ki, Paşinyan özünün baş nazir seçilməsini tələb edirdi və digər məsələləri başqa vaxta saxlayırdı.

“Ermənistan Respublikaçılar Partiyası gördü ki, onların hakimiyyətdəki nümayəndələri və deputatları vəzifələrindən uzaqlaşdırılacaq. Bir çoxlarını isə təqib gözləyir.

Paşinyan parlamentdə üstünlüyü ələ keçirəndən sonra özünə münasib hakimiyyət quraraq seçki qanunvericiliyində sərf edən dəyişiklikləri həyata keçirməklə növbədənkənar seçkilərdə uzunmüddətli hakimiyyəti təmin etmək niyyətində idi.

Lakin Ermənistan Respublikaçılar Partiyası Moskvanın dəstəyi və köməyilə birliyi saxlaya bildi”, – deputat yazıb.

O qeyd edib ki, hakim partiyanın yalnız bir nümayəndəsi mayın 1-də Paşinyanın namizədliyini dəstəkləyib.

“Əminəm ki, küçələrdəki hadisələrlə yanaşı, Paşinyan kulisdə hakim partiyanın nümayəndələri ilə siyasi hərrac aparır.

Çox güman ki, vasitəçilər qismində Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan və Milli Şuranın spikeri Ara Babloyan çıxış edir.

Bu hərracların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Alternativ yalnız güc tətbiqi və xaosdur. 

Azərbaycan hadisələrin müxtəlif inkişafına hazır olmalıdır”, – Musabəyov qeyd edib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com