Bildiyiniz kimi, bir sıra ifaçılarımız Türkiyədə tanınmaq üçün minlərlə manatından keçib və xeyli əziyyətlərlə qarşılaşıblar.
Bunların içərisində Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, Əməkdar artistlər Röya Ayxan, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva kimi məşhurlar da var.
Ancaq onların tökdüyü pullar qarşısında ən yaxşı nəticəni tanınmaq uğrunda heç bir “tər tökməyən” və elə bir iddiası olmayan Üzeyir Mehdizadə göstərib.
Belə ki, hazırda Türkiyənin məşhur səmtlərində, butiklərdə, alış-veriş mərkəzlərində Üzeyirin mahnıları səsləndirilir. Bunu orada yaşayan vətəndaşlarımız dəfələrlə video şəklində sübut ediblər.
Üzeyirin “Yaxşı olar” mahnısının da 50 milyondan çox izlənməsi bunun bariz sübutudur.
Dünən gecədən isə Üzeyirin Türkiyədəki konsertindən olan görüntüləri sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun uğuruna sevinlərlə bərabər, müğənnini “bayağı” adlandıranların da sayı-hesabı yoxdur.
ÇıxışYolu.Com məsələ ilə bağlı musiqişünas, pianoçu və pedaqoq Muxtar Abseynovla danışıb.
O, cəmiyyətin bayağı musiqiyə doğru qaçmasının səbəbini belə izah edib:
“Cəmiyyət yeni doğulmuş uşaqdır, onu nəyə öyrəşdirirsənsə, onu istəyir, ondan xoşu gəlir və başqasına baxmır.
Bayağı musiqilər əsrlər boyu olub. Hazırda belə bir musiqisinin təbliğatı gedirsə, camaat ona alışıb, onu sevəcək”.
Abseynov bildirib ki, bu dərəcədə sevilməsi Üzeyirin günahı deyil:
“Ona qarşı tələbatın olması Üzeyirin günahı deyil.
Vaxtilə senzura var idi. Bayağı ifaçılar toy şənliklərində iştirak edirdilər və orada da qalırdılar. Efir üçün nümunəvi çıxış edən olmadıqlarına, musiqi səviyyələri aşağı olduqlarına görə efirə buraxılmırdılar.
İndi o senzura yoxdur, internet vasitəsilə mahnılar insanlara asanlıqla çatır.
Deyə bilmərəm ki, həmin ifaçılar pisdir, yaxud yaxşıdır.
İfaçının nə günahı var ki? Deyir, mən mahnını yazıram, ifa edirəm, istəmirsən, baxma, qulaq asma. Heç kimə özümü məcbur sevdirmirəm ki? Fakt odur ki, onu bəyənirlər, çünki təbliğ olunan onlardır.
Vaxtında Şövkət Ələkbərovanı, Rəşid Behbudovu, Flora Kərimovanı təbliğ edirdilər. İnsanların qulaqları musiqi baxımından tərbiyələnirdi. Ona alışmışdılar. Onlar peşəkar musiqiçilər idi. İndi belə şeylər yoxdur”.
Müğənninin Türkiyədəki görüntülərindən danışan pedaqoq bildirib ki, Türkiyədə də bayağılığa meyillilik çoxdur:
“Türkiyədə də bizimlə eyni sistemdir. Sadəcə, musiqi tərəfdən bir addım onlar bizdən öndədir.
Türklər ömür boyu bizim musiqidən qidalanıb. Pis vəziyyət odur ki, bizimkilər türklərdən nəsə götürməyə çalışır. Bu, çox səhv addımdır.
Onların bazarı genişdir, hər adam durur, oxuyur. Türkiyədə də bayağılar çoxdur. Sezen Aksu, Işın Karaca, Sertap Erener təbliğ olunmur, bayağılar təbliğ olunur.
Üzeyirlər və digərləri onlara yaxındırsa, orada da bayağılığın çox olmasından irəli gəlir.
İllər öncə İsmail YK var idi. İndi də Üzeyir var. Türklər onu İsmail YK kimi qəbul edə bilərlər.
Halbuki, İsmail YK-dan əvvəl də onunkimilər olub. Murat Kekilli var idi, “Bu akşam ölürüm” mahnısı ilə “tutuzdur”muşdu. Ancaq sonra heç bir mahnısı olmadı.
Orada da bayağılıq aşılanır, tələbat çoxdur. Ona görə də bizdən Sevda Ələkbərzadəni yox, elə Üzeyiri sevirlər. Sezenə dəyər verməyən tamaşaçı elə Üzeyirə dəyər verib, onu sevir”.