18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunun
birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil
müəssisələrində silsilə tədbirlər keçirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi,
suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin
qurulmasında və inkişafında müstəsna xidmətlərindən, müstəqilliyimizin qorunub
saxlanılması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən
danışıblar. Ümummilli liderin strateji kursunun bu gün onun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev tərəfindən uğurla davam
etdirildiyi xüsusi vurğulanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi
uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycanın hüququn aliliyi,
demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz
inkişafının ən parlaq dövrünü yaşadığı diqqətə çatdırılıb.
Keçirilən tədbirlər zamanı vətənpərvərlik mövzusunda sənədli filmlər və bədii
kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarixi muzeylər
ziyarət olunub.