“Mustafa Kamal Atatürk-2023” Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb
– YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının
iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil
olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər
iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd
zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş
vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və
digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə
fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin
salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif
tapşırıqlar icra edilir.
“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların
qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi,
idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin
peşəkarlığının artırılmasına yönəldilib.
08:44
Bu gün Azərbaycan və Türkiyə ordularının birgə taktiki təlimləri başlayır.
Cixisyolu.com xəbər verir ki, təlimlərin Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və
azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə keçirilməsi
planlaşdırılır.
İki ölkənin quru qoşunları arasında dostluq, əməkdaşlıq və qarşılıqlı
fəaliyyətin gücləndirilməsi, bilik və təcrübə mübadiləsi məqsədi ilə həyata
keçiriləcək “Mustafa Kamal Atatürk 2023” təlimləri Türkiyə Respublikasının
yaradılmasının 100-cü ildönümünə həsr olunub.
İki gün davam edəcək birgə taktiki təlimə Azərbaycan və Türkiyənin müxtəlif
qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə
də mühəndis texnikası və kiçik botlar cəlb olunacaq.