Müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lər COP29-la bağlı Qlobal
Məsləhətləşmə görüşü keçiriblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sağlamlığa Xidmət” İctimai Birliyi tərəfindən “Vətəndaş cəmiyyəti
təşkilatları COP29-da necə iştirak edə bilər” adlı qlobal məsləhətləşmə görüşü
təşkil olunub.
Görüş onlayn formatda baş tutub. Görüşdə dünyanın müxtəlif ölkələrindən – ABŞ,
Kanada, Böyük Britaniya, Moldova, Rusiya, Albaniya, Pakistan, Hindistan,
Banqladeş, Nigeriya, Keniya, Zimbabve, Botsvana, İndoneziya, Çad və s. kimi
ölkələrdən, o cümlədən, Azərbaycandan, ümumilikdə 80-ə yaxın ekoloji və səhiyyə
yönümlü QHT nümayəndəsi, iqlim mütəxəssisləri, universitetlər, beyin mərkəzləri
qatılaraq növbəti dəfə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-la bağlı gözləntiləri barədə
öz fikirlərini bölüşüblər.
Görüş zamanı “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə
Vəliyeva QHT-lərin COP tədbirlərində iştirakı üçün zəruri olan qeydiyyat
məsələlərinə aydınlıq gətirərək, təşkilatların tədbir çərçivəsində aparılan
iqlim dəyişikliyi üzrə danışıqlara verə biləcəyi töhfədən və iştirak üçün vacib
olan müşahidəçi statusu almaq prosedurlarından danışıb.
Görüşdə, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən su, enerji və icmalar
sahəsində dünyanın ən böyük problemlərini həll etmək üçün həll yolları təklif
edən qlobal, multidissiplinar peşəkar xidmətlər şəbəkəsi GHD-in baş mütəxəssisi
Kripa Dwarakanath iştirak edərək COP28 və gələcək perspektivlər barədə
təqdimatla çıxış edib, ölkələrin dayanıqlılıq üzrə maliyyə yatırımlarının
artırılmasının milli müəyyən olunmuş töhfələrin (MMT) yerinə yetirilməsində
böyük rol oynadığını bildirib.
Səhiyyə və ətraf mühit məsələləri üzrə ixtisaslaşmış Qlobal beyin mərkəzi
AHOA- Afrihealth Optonet Assosasiyanın rəhbəri Dr.Uzodinma Adirieje görüşdə
çıxış edərək bildirib ki, COP29-a gedən yolda QHT-lərin bir platforma altında
birləşərək ümumi prosesə dəstək verməsi məqsədəuyğun olardı. İqlim
dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrin nümayəndələrinin tədbirdə və
danışıqlarda iştirakı üçün imkanlar yaradılmalıdır.