61bbf3cd-4ade-4ea8-af8d-99f32abaaabf.jpg

Muxtar Babayev: “COP29 Azərbaycana olduqca böyük dividendlər qazandıracaq”

Baxış sayı: 180 dəfə baxılıb.

“COP29-a hazırlıq prosesinin gedişi ilə bağlı məlumatlı olmaq həm xalqımız,
həm də cəmiyyət üçün olduqca vacibdir”.

Bunu COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev APA-ya müsahibəsində
deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəfləri
Konfransının 29-cu Sessiyasına (COP29) hazırlıqlar necə gedir? Ümumilikdə siz
bu prosesi necə qiymətləndirirsiniz?

– COP29-a hazırlıq prosesinin gedişi ilə bağlı məlumatlı olmaq həm xalqımız,
həm də cəmiyyət üçün olduqca vacibdir. Bildiyiniz kimi, 2023-cü ilin dekabr
ayında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəfləri
Konfransının 28-ci Sessiyasında (COP28) bütün iştirakçı ölkələr COP29-un
2024-cü ilin noyabrında Bakıda keçirilməsi məsələsində konsensus əldə etdilər.
Bu, Azərbaycan üçün olduqca vacib qərar idi. Ona görə ki, ölkəmiz iqlim
müzakirələrinə liderlik etməkdə, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş
dövlətlər, həmçinin, Cənubla Şimal və Şərq ilə Qərb arasında körpü rolunu
oynamaqda kifayət qədər qərarlıdır. Azərbaycan təkcə siyasi deyil, həm də
coğrafi baxımdan kəsişmə nöqtəsində yerləşir.

Bu mənada sözügedən konfrans bizim üçün bir vaxtlar yalnız neft və qaz ölkəsi
kimi tanınan Azərbaycanın yaşıl iqtisadiyyat, eləcə yaşıl texnologiyalar
ölkəsinə çevrilməsini, dayanıqlı inkişaf proqramlarını və dayanıqlı
iqtisadiyyatı təşviq etməsini göstərmək üçün də mükəmməl imkandır. Ona görə də
hesab edirəm ki, bu, Azərbaycan üçün böyük bir tədbir olmaqla yanaşı, həm də
BMT çərçivəsində təşkil olunan nəhəng konfransdır.

Bu ilin noyabrından etibarən biz müzakirələrə başlayacağıq. Həmçinin, bizim
müxtəlif xarakterli debatlarımız nəzərdə tutulur. Bütün müzakirələrin sonunda
bu konfransda iştirak edən ölkələrlə birlikdə COP29 ilə əlaqəli son dərəcə
vacib mövzular və prioritetlər, habelə maliyyələşmə məsələləri ilə bağlı
razılığa gəlməyimiz önəmlidir. Bu mənada məndən bu məsələdə jurnalistlərin
hansı rolu oynaya biləcəyini soruşsanız, deyə bilərəm ki, ilk növbədə mətbuatın
cəmiyyətimizə bütün önəmli informasiyaların, konfrans çərçivəsində
səsləndiriləcək fikirlərin, ölkə xaricində sözügedən konfransa hazırlıqların
necə həyata keçirilməsinin digər dövlətlərə də çatdırması, eləcə də
cəmiyyətimizin də bu konfransa fəal hazırlığı işinə töhfə verməsi də önəmli
məsələlərdəndir. Çünki biz həm qeyri-hökumət və gənclər təşkilatlarının
nümayəndələrinin, həm də digər maraqlı tərəflərin COP29-a hazırlıq prosesinə
cəlb olunmasında maraqlıyıq.

UNFCCC ilə əməkdaşlıq və BMT İşçi Qrupunun dəstəyi COP29 üçün bütün lazımi
şərtlərin yerinə yetirilməsini təmin etməkdə mühüm rol oynayıb. Onların
rəhbərliyi və tərəfdaşlığı bizə konfransın effektivliyini daha da artıraraq,
mənalı müzakirələrin və danışıqların aparıla biləcəyi platforma yaratmağa imkan
verdi.

– Azərbaycanın bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-dan
gözləntiləri nədən ibarətdir?

– İlk növbədə, Azərbaycan bu konfransda iştirak edəcək bütün tərəflərin və
beynəlxalq təşkilatların, maliyyə institutlarının, qeyri-hökumət
təşkilatlarının, özəl sektorun və ilk növbədə, ölkələrin bu tədbirdə səmərəli
və effektiv müzakirələr aparması üçün bütün lazımi şərtləri təmin etməlidir. Bu
konfransda iştirak edəcək tərəflərin istər hazırlıqlardan, istərsə də
konfransın özündən müsbət təəssüratla ayrılması və ölkələr arasında
maliyyələşmə məsələləri ilə bağlı razılaşmaların əldə olunması bizim də
maraqlarımıza cavab verir.

COP29-un sonunda biz ölkələr arasında, xüsusən də gündəliyin əsasını təşkil
edən maliyyə məsələlərində konsensusa nail olmağı hədəfləyirik. Əsas
mövzulardan biri yeni maliyyə hədəfi olan Yeni Kollektiv Kəmiyyət Məqsədi
(YKKM) olacaq. Bununla yanaşı, müxtəlif ölkələrlə müzakirə olunacaq başqa
prioritetlərimiz də var. Əlavə suallarınızdan asılı olaraq, bu mövzular
haqqında daha ətraflı məlumat verə bilərəm.

– Bu nüfuzlu beynəlxalq tədbir Azərbaycana onun qlobal iqtisadi gücünün
artması baxımından hansı üstünlükləri qazandıracaq?

– Hesab edirəm ki, COP29 Azərbaycana olduqca böyük dividendlər qazandıracaq.
Çünki sizin də bildiyiniz kimi, Azərbaycan hazırda alternativ enerji
layihələri, yeni alternativ enerji mənbələri, o cümlədən yaşıl kənd təsərrüfatı
və “ağıllı şəhər”, habelə “ağıllı kənd”, eləcə də yaşıllaşdırma ilə bağlı
müxtəlif layihələrin tətbiqi baxımından regionun lider dövlətidir.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif
layihələr həyata keçirilir. O da məlumdur ki, Prezident İlham Əliyev Qarabağı,
Şərqi Zəngəzuru və Naxçıvanı yaşıl enerji zonası elan edib.

Daha bir böyük təşəbbüs və mühüm istiqamət yaşıl dəhlizlərin yaradılması ilə
bağlıdır. Xəzər regionunun malik olduğu alternativ enerji mənbələrinin Avropa
kontinentinə ixracı üçün tələb olunan infrastrukturun yaradılması və təmin
olunması həm Azərbaycan, həm də region ölkələri üçün mühüm əhəmiyyətə malik
olan bir məsələdir.

Eyni zamanda, bu, Azərbaycanda yaşıllaşdırma proqramının davam etdirilməsi
üçün də vacib bir imkandır. Bilirsiniz ki, bizim tərəfimizdən 2030-cu ilədək
olan milli prioritetləri əks etdirən, habelə 2022-26-cı illər üzrə
sosial-iqtisadi inkişaf proqramı qəbul olunub. Bütün bu proqramlarda dayanıqlı
inkişafın, habelə dayanıqlı və yaşıl iqtisadiyyatın təmin olunması üçün bir
neçə istiqamət müəyyən edilib.

Buna görə də COP29 Azərbaycan üçün ölkəmizi, təşkilatları, biznesləri və
cəmiyyəti qlobal iqlim gündəliyinə daha da cəlb etmək və yaşıl iqtisadiyyatı
inkişaf etdirmək üçün unikal imkan təqdim edir. Bu, həm də bizi iqlimlə bağlı
fəaliyyətin gələcəyini formalaşdıracaq danışıqlarda və müzakirələrdə fəal
iştirak etməyə vadar edir.

– Energetika nazirinin müavini, eyni zamanda COP29-un baş icraçı direktoru
Elnur Soltanov bu il avqustun 24-də “Anadolu” Agentliyinə müsahibəsində
bildirib ki, ölkəmiz COP29-un davam etdiyi müddətdə eynilə olimpiya oyunlarında
olduğu kimi, qlobal atəşkəs çağırışı edib. Həm Rusiya ilə Ukrayna arasında
müharibəni, həm də Qəzza sektorunda mövcud gərgin vəziyyəti nəzərə alsaq, bu
çağırışın reallaşma perspektivlərini necə qiymətləndirirsiniz? COP29 müddətində
dünyada atəşkəsin təminatı mümkün olacaqmı?

– Bilirsiniz ki, COP29-un Prezidentliyi olaraq bizim tərəfimizdən 14 təşəbbüs
irəli sürülüb. Onlardan biri də COP atəşkəsi çağırışıdır. Mən hesab edirəm ki,
bu təşəbbüs həm müxtəlif ölkələrin və beynəlxalq təşkilatların, xüsusilə də
cəmiyyətlərin müxtəlif təbəqələrinin nümayəndələrinin marağındadır. Yüzlərlə
beynəlxalq təşkilat və onlarla ölkə Azərbaycanın bununla bağlı çağırışına
qoşulub. Fikrimcə, xüsusilə belə bir vaxtda bu təşəbbüs bütövlükdə regionun
maraqlarına cavab verir.

Təəssüflər olsun ki, bu gün dünyada 52 münaqişə ocağı var. Təsəvvür edin,
qlobal miqyasda 52 münaqişə mövcuddur! Bu isə o deməkdir ki, bütün bu hərbi
aktivlik təkcə insan itkilərinə deyil, həm də tonlarla buxar emissiyasının
atmosferlə təmasına səbəb olur. Bu istiqamətdə həyata keçirilən bütün
fəaliyyətlər və atmosferə buraxılan tullantılar həm iqlimə, həm də təbiətimizə
neqativ təsir göstərir. Məhz buna görə də mən bu konfransın Azərbaycan üçün son
dərəcə perspektivli olduğunu düşünürəm.

Biz həm digər ölkələr, həm də beynəlxalq təşkilatlarla birlikdə bu prosesin
tərəfdaşı olmaqda davam edəcəyik.

– İqlim dəyişikliyinin təsirinə məruz qalan nöqtələrdən biri də Afrikadır.
Ümumdünya Meteorologiya Təşkilatının sentyabrın 3-də yaydığı hesabata əsasən,
2030-cu ilədək həmin regionda 118 milyon insan bu problemin qurbanına
çevriləcək. Hesabatda, həmçinin, göstərilir ki, qarşıdakı 10 ildə iqlim
dəyişikliyinə uyğunlaşmanın təmin edilməsinə il ərzində 50 milyard dollar
həcmində vəsait tələb olunacaq. Əgər bu problemin qarşısı alınmasa, 2030-cu ilə
qədər 118 milyon insan quraqlıq, sel fəlakəti və qlobal istiləşmənin qurbanı
olacaq. Sizin qənaətinizcə, COP29 bu problemlərin həllinə dair təkliflərin
verilməsi üçün platformaya çevrilə biləcəkmi?

– Əslində, bu çox vacib sualdır. Sizin həssaslığa malik ölkələrlə bağlı
narahatlığınızı bölüşürəm. Afrika ölkələri bu baxımdan olduqca həssasdır.
Həmçinin, iqlim dəyişikliyinə məruz qalan ölkələrin hansı problemlərlə
üzləşdiyi də yaxşı məlumdur. Xüsusilə Afrika, Sakit okean regionu, eləcə də
Karib adaları və digər bölgələrdə yerləşən ölkələr iqlim dəyişikliyinin neqativ
təsirlərinə məruz qalır.

Məhz bu səbəbdən biz bütün tərəflərlə işləyir və onlara bu məsələyə dair
çağırışlar edirik. Bundan əlavə, biz iqlim maliyyəsinin həcminin artırılması, o
cümlədən müxtəlif yardım fondlarının hazırladığı proqramlarına cəlb olunan
vəsaitin artırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları, beynəlxalq
donorlar, çoxprofilli inkişaf bankları və özəl sektorla əməkdaşlıq edirik. Biz
eyni zamanda, Afrika regionunda yerləşən dövlətlərə, həssaslığa malik ölkələrə,
kiçik ada dövlətlərinə də dəstək göstərməyə çalışırıq. Çünki bu ölkələr iqlim
dəyişikliyinin ön xəttində yerləşir.

Bu il COP29 Sədrliyi bu ölkələri iqlim söhbətinin mərkəzinə qoydu. Biz İnkişaf
etməkdə olan Kiçik Ada Dövlətləri üzrə Dördüncü Beynəlxalq Konfransda iştirak
etmək üçün Antiqua və Barbudaya və Sakit Okean Adaları Liderlərinin Forumuna
qoşulmaq üçün Tonqaya səfər etmişik. Bundan əlavə, biz Konqo Respublikasının
Brazzavil şəhərində keçirilən meşələrin salınması və bərpası üzrə Birinci
Beynəlxalq Konfransda iştirak etdik və Efiopiyada olduq. Bu səfərlər zamanı biz
iqlim dəyişikliyinin bu icmalara dağıdıcı təsirinin birbaşa şahidi olduq.

Buna görə də biz uyğunlaşma maliyyəsini ikiqat artırmaq yollarını tapmaq üçün
beynəlxalq maliyyə təşkilatları, donorlar, çoxtərəfli inkişaf bankları və özəl
sektor da daxil olmaqla bütün tərəflərlə sıx əməkdaşlıq edirik. Məqsədimiz
inkişaf etməkdə olan ölkələrdə proqramların maliyyələşdirilməsinə kömək edən
müxtəlif fondlara töhfələri artırmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, biz həm özü,
həm də iqtisadiyyatı həssas vəziyyətdə olan, həmçinin, böyük təbii fəlakətlərin
həyat fəaliyyətinə, iqtisadiyyatına və təbiətinə neqativ təsir göstərdiyi
ölkələrə həm bərpa prosesində, həm də müxtəlif layihələrin həyata
keçirilməsində dəstək veririk. Azərbaycanla Millətlər Birliyi arasında bu
məsələdə texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi razılaşma da imzalanıb.
Azərbaycanın “Azərkosmos” agentliyi bu qəbildən olan dövlətlərdə ekoloji
monitorinqlərin aparılmasına öz mühüm töhfəsini verir. Eyni zamanda,
Azərbaycanla Millətlər Birliyi arasında bu quruma üzv dövlətlərlə həssas
təbəqəyə aid ölkələrin bərpasına dəstək fondunun yaradılması ilə bağlı
razılaşma imzalayıb. Ona görə də bütün bu məsələlər Bakıda aparılacaq
müzakirələrin diqqət mərkəzində olacaq.

Onu da qeyd etmək istərdim ki, COP29 çərçivəsində Bakıda İqlim Dəyişikliyi
üzrə İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (SIDS) Liderlər Sammiti
keçiriləcək. Bu sammitdə İtki və Zərərlərə cavab vermək üçün Fondun tam
fəaliyyət göstərməsi də daxil olmaqla, yeni maliyyə dəstəyi mexanizmlərinə
ehtiyac vurğulanmaqla yanaşı, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı
SIDS-in xüsusi zəifliklərinin aradan qaldırılmasına diqqət yetiriləcək. Sammit
SIDS liderlərini, həmçinin fondların və digər beynəlxalq qurumların əsas
nümayəndələrini bir araya gətirərək, bu xalqların davamlılığını artırmaq üçün
təsirli strategiyaları araşdıracaq. Bu sammit beynəlxalq əməkdaşlığın təşviqi,
kritik uyğunlaşma ehtiyaclarının həlli və SIDS-in öz inkişaf məqsədlərinə nail
olmaq səylərində dəstəklənməsi üçün əsas platforma olacaq.

– COP29-da müxtəlif dövlətlərin başçılarının və nüfuzlu beynəlxalq
təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Dəvət olunan yüksəksəviyyəli
qonaqlar arasında bu tədbirdə iştirakını təsdiqləyənlər varmı?

– Artıq onlarla ölkə Bakıda keçiriləcək COP29 sammitində dövlət başçıları
səviyyəsində iştirakını təsdiqləyib. Məhz buna görə də hazırda qeydiyyat
prosesinin uğurla davam etdiyini söyləmək mümkündür. Çox sayda ölkə və
beynəlxalq təşkilat, eləcə də müxtəlif ölkələrdən olan ictimaiyyət
nümayəndələri, müşahidəçilər, gənclər təşkilatları və özəl sektor da Bakıda
keçiriləcək konfransa qatılmaq üçün qeydiyyatdan keçib.

Bu səbəbdən mən konfrans iştirakçılarının sayı ilə bağlı yekun rəqəmlərlə
bağlı fikirlərimi bölüşmək istəməzdim. Bu göstərici hər ötən gün dəyişir. Biz
iştirakçı ölkələrə Azərbaycanda səmərəli müzakirələr, danışıqlar və debatların
həyata keçirilməsi üçün əlverişli platforma yaratmağa hazırıq.

– Məlumdur ki, Ermənistan da BMT-nin İqlim Dəyişmələri Çərçivə Sazişinin
Tərəfləri Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasına dəvət olunub. Bu
ölkənin sözügedən konfransda iştirak perspektivi nə dərəcədə realdır?
Azərbaycan Ermənistanın iştirakını təmin etmək üçün hansı addımları ata bilər?

– COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və
inklüziv platforma yaradıb. Biz bütün ölkələrin, o cümlədən Ermənistan
rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik.

Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə
yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini
imzalayıb. İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və
müsbət nəticələrə töhfə verəcək.

– COP29-da iştiraka dəvət olunan ölkələr arasında müxtəlif məsələlər üzrə
fikir ayrılıqları mövcuddur. Necə düşünürsünüz, belə olan halda ölkələr
konfransın yekun bəyannaməsinin qəbulu məsələsində vahid fikrə gəlməyə nail ola
biləcəklərmi?

– Təsəvvür edin ki, 200 ölkə Azərbaycanın təşkilatçılığı ilə bir araya gələrək
COP29 çərçivəsində razılıq əldə etməyə çalışacaq. Biz tərəflərə danışıqlar üçün
əlverişli şərait yaratmalı, onlar arasında vacib məsələlər üzrə müzakirələrin
təşkilini həyata keçirməliyik. Bu bizim öhdəliyimizdir və biz bunu edəcəyik.

Hazırda ölkələr Bakıda yekun nəticə əldə etmənin vacibliyini anlayırlar. Bu,
həm də istər təbiət, istərsə də ölkələr üçün son dərəcə önəmli xarakter
daşıyır. Biz həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Braziliya ilə “üçlük”
formatında müzakirə aparırıq. Bu format bizə yalnız tərəflərin Azərbaycanda
qətiyyətli mövqe sərgiləməsinə yox, həm də iqlim gündəliyinə dair atılacaq
növbəti addımların və öhdəliklərin hazırlanmasına imkan verir.

Bundan əlavə, biz siyasi əlaqəni gücləndirməli və onu ən yüksək səviyyəyə
qaldırmalıyıq. COP29 Sədrliyi Avstraliya və Misirin rəhbərliyi altında YKKM,
İrlandiya və Kosta-Rikanın rəhbərliyi altında Uyğunlaşma, Norveç və Cənubi
Afrika rəhbərliyi altında Mitiqasiya, Sinqapur və Yeni Zelandiya rəhbərliyi
altında 6-cı Maddə və İtaliya və Qazaxıstanın rəhbərliyi altında Şəffaflıq
olmaqla əsas sahələr üzrə nazirlər və yüksəksəviyyəli cütlüklər təyin edib. Bu
cütlüklər boşluqları aradan qaldırmaq, dialoqu inkişaf etdirmək və irəliləyişə
nail olmaq üçün bizimlə işləyəcək.

Biz, həmçinin, maliyyə və energetikadan tutmuş kənd təsərrüfatı və səhiyyəyə
qədər bütün aidiyyəti dövlət nazirliklərini işə cəlb etməli və dövlət və
hökumət başçılarının bu prosesə tam şəkildə cəlb olunmasını və sadiq olmasını
təmin etməliyik.

COP29-a gələn hər bir nümayəndə heyəti irəliləyiş əldə etmək üçün aydın siyasi
dəstəklə gəlməlidir.

– BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəfləri Konfransının
29-cu Sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizin yaşıl enerji
sahəsində həyata keçirdiyi siyasətə qlobal dəstəyi özündə əks etdirir. Bundan
əlavə, ölkəmizin yaşıl enerji sahəsindəki potensialını nəzərə alaraq, əsas
məqsədlərdən biri 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin sayının 30
faizədək artırılmasıdır. Necə düşünürsünüz, bu məqsədə nail olmaq üçün nə kimi
addımlar atılmalıdır?

– Çox düzgün qeyd etdiniz ki, 2030-cu ilədək biz bərpa olunan enerji
mənbələrin sayının 30 faiz artırılmasını planlaşdırırıq. Lakin mən düşünürəm
ki, biz bundan daha artıq göstəriciyə nail ola bilərik. Bu kontekstdə biz həm
də müxtəlif ölkələr üçün maraqlı təşəbbüsləri təşviq edirik. Bu, həm də enerji
dəhlizi, energetika şəbəkəsi, enerjinin paylanması və digər təşəbbüslərə aiddir.

– Bəzi ekspertlər inanırlar ki, COP29-un Azərbaycanda keçirilməsi siyasi
əlaqələrimizin genişləndirilməsi üçün də həlledici əhəmiyyət daşıyır.
Azərbaycan bu konfransın təşkilindən əldə etdiyi siyasi dividendləri necə
sistemləşdirə və artıra bilər?

– Bizim tariximizdə ən yaxşı nümunələrdən biri 121 ölkəni birləşdirən
Qoşulmama Hərəkatına liderlik etməyimizdir. Azərbaycan dörd il bu təşkilata
rəhbərliyi həyata keçirdi. Bizim ölkələrlə ünsiyyət yaradılması, nəticələrin və
razılaşmaların əldə olunması sahəsində uğurlu təcrübəmiz mövcuddur. Məhz bu
baxımdan COP29 Azərbaycana yeni dostlar tapmaq, uğurlu əlaqələr və tərəfdaşlıq
qurmaq baxımından daha bir imkan kimi qiymətləndirilməlidir.

Source link