Azərbaycanın işğal altında olan ərazilərində təbiətə və sərvətlərinə qarşı vəhşicəsinə istismar və talan davam edir. Ermənistanın mədən məhsulları üzrə ixracının artmasında işğal altında olan təbii sərvətlərin də xüsusi payı var.
ÇıxışYolu.Com xəbər verir ki, belə bir açıqlama verən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ətraf mühitlərin və təbii sərvətlərin qorunmasında beynəlxalq ekoloji münasibətlərin əsas tutulmasının vacibliyini vurğulayıb:
“İşğal altında olan 280 min hektar meşə sahəsi seyrəlir. Ermənilər tərəfindən qəsdən törədilən yanğınlar 100 min hektardan çox torpağın münbit qatını, oradakı orqanizmləri məhv edib. 70 endemik nümunə isə yox olmaq təhlükəsi ilə üzləşib”.
Nazir qeyd edib ki, çayların bir hissəsi öz mənbəyini Ermənistan ərazisindən götürür və ya işğaldakı ərazilərdən keçir. Hazırda Araz çayının ekoloji vəziyyəti dözülməzdir və bu, Naxçıvan üçün ciddi problemlər yaradır. Ermənilərin nəzarətində qalan “Sərsəng” su anbarı isə qəzalı vəziyyətdədir və dörd min əhali üçün ciddi təhlükə yaradır:
“Sərsəng anbarından məqsədli şəkildə yayda su verilmir, qışda isə azərbaycanlıların yaşadığı ərazilərə buraxılır, nəticədə, kəndləri, evləri su basır”.
M.Babayev bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərində 163 zəngin mineral yataq var. Xüsusən qiymətli qızıl və mis yataqlarının istismarı artıb. Azərbaycan ərazilərinin işğal altında olması isə həmin ərazilərdə beynəlxalq konvensiyaların tələbini qorumağa imkan vermir.
Qeyd edək ki, hazırda Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bu problem Bakı Biznes mərkəzində Azərbaycandakı xarici diplomatik korpusların rəhbərləri və nümayəndələri ilə birlikdə müzakirə edilir.
İlhamə Abdullayeva