b33273c8-8105-40d8-b487-126b386fb33e..jpg

Müzəffər Ağakərimov: “Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur”

Baxış sayı: 652 dəfə baxılıb.

Müzəffər Ağakərimov: “Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin
büdcəsinin əsas yerini tutur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründən sonra turizm və hotelçilik sahəsində yeni çağırışlar
yaranıb. Eyni zamanda, sərhədlərin hələ də bağlı olması bu sektorun inkişafına
təsirsiz ötüşmür”.

Cixisyolu.com xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”
İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağayev bildirib ki, koronavirus pandemiyası Azərbaycan turizminin güclü
bünövrəsinin olduğunu sübut etdi:

“Məhz bu güclü bünövrəyə görə pandemiya dövründən Azərbaycan turizmi üzüağ
çıxdı. Azərbaycan turizm sektoru bu gün yenidən bərpa və inkişaf
mərhələsindədir. Sərhədlərlə bağlı məsələ də vaxtı gələndə həll olunacaq.
Azərbaycanın hər bir guşəsində daxili turizm yüksək səviyyədə inkişaf edir.
Ümumiyyətlə, daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin
əsas yerini tutur. Fikir verin, 10 il bundan öncə daxili turizm bir o qədər də
inkişaf etməmişdi. İndi isə öz vətəndaşlarımızın böyük bir hissəsi istirahət
zamanı daxili turizmin imkanlarından yararlanır.

Bu, bir yox, bir neçə amildən irəli gəlir. Ukrayna və Rusiya arasındakı
müharibə, Yaxın Şərqdə baş verən hadisələr və eləcə də bir sıra digər proseslər
turistlərin seçiminə təsir edir.

Azərbaycan əhalisi öz ölkəsində istirahət etməyə üstünlük verir. Düşünürəm ki,
bu, düzgün qərardır. Bütün Qafqazda Azərbaycan həm insan potensialına, həm
ərazisinə, həm təbii nemətlərinə görə birinci yerdə qərarlaşıb. Biz bütün
qüvvəmizi daxili turizmə yönəltsək, sürətli inkişaf əldə edərik. Bu da get-gedə
ölkə büdcəsinə daha çox gəlir gətirər”.

Tələbələrin təhsil ala-ala təcrübə üçün hotellərə göndərilməsi məsələsinin
önəmli olduğunu vurğulayan M.Ağakərimov onu da əlavə edib ki, bu gün təhsil
müəssisələri ilə sənaye sahəsində çalışan mütəxəssislər birgə fəaliyyətə
meyillidirlər:

“Tələbələrin hotellərə praktika üçün göndərilməsi təmin ediləcək. Həmin
hotellərin mütəxəssisləri hər bir departament – təmizlik, ön büro, restoran,
içki şöbəsi və s. – üzrə tələbələrə müvafiq təlimlər keçəcəklər. Burada heç bir
problem olmayacaq. Hazırda hotellərdə istədin-istəmədin təcrübə qazanılır. Lap
heç bir anlayışı olmayan, bu sahəyə həvəsi olan biri hoteldə təcrübəyə başlasa,
cəmi üç ay sonra özündəki ciddi dəyişikliyi hiss edəcək. Burada yeganə problem
dil bilikləridir. Dil bilikləri turizm və hotelçilik sektorunda təməl
prinsiplərdən biridir. Turistlərlə əl-qol ilə danışmaq, izah etmək mümkün
deyil. Digər sahələrdə jestlərlə işin içindən çıxmaq olar, amma bizim sektorda
düzgün ünsiyyət bacarığı vacib şərtdir. Xüsusilə rus və ingilis dillərini
bilmək tövsiyə edilir. Nə qədər çox dil bildin, o qədər yaxşıdır”.

Könül Cəfərli

Source link