d9f29e4a-0e7f-4910-a571-ca2386c889d7..jpg

“Nə vaxt evlənirəm desə, mən hazıram” – Fədayə Laçın sirləri açdı + FOTO

Baxış sayı: 511 dəfə baxılıb.

“Nə vaxt evlənirəm desə, mən hazıram” – Fədayə Laçın sirləri açdı + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən
sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı.
Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram.
İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də
mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti
qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz
şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış,
qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki,
sevdiklərimlə arxayın görüşəcəyəm”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

“Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da
məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər
darıxıblar”, – deyə müğənni bildirib.

Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

“Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına
buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək
yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram”, – deyə
müğənni bildirib.

Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

“Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu
etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi
isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa
ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox
qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan
peşman olur. Mən də bu peşmanlıqdan qorxuram”, – deyə müğənni bildirib.

Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

“Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də
şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik,
xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha
çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki,
Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim
pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur.
Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır”, – deyə müğənni
bildirib.

Source link