Nəcməddin Sadıkovun yaxın adamının həbs müddəti uzadıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi
tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin 42 milyon manatdan
çox zərərvurma faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə istintaq hərəkətlərinin
davam etməsi ilə əlaqədar seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı
məhkəməyə müraciət edilib.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda DTX-nin müstəntiqi tərəfindən
verilmiş vəsatət əsaslı hesab edilib. Qərara əsasən Z.Niftəliyevin həbsdə
saxlama müddəti 35 gün uzadılıb.
Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
İttihama görə, Zahid Gülsəfa oğlu Niftəliyev kredit almaq məqsədi ilə
“Şahin-CO” MMC yaradıb, təsərrüfat və maliyyə vəziyyəti barədə “Atabank” ASC-yə
saxta məlumatlar təqdim edib, 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min
885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli
miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli
miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan “Atabank” ASC-yə
ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.
Xatırladaq ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi
Nəcməddin Sadıkovun yaxın adamı olub.