Nədir bu bacı başı kəsməklər, arvad yortmaqlar, qız-gəlin cəlladına çevrilməklər?!

Nədir bu bacı başı kəsməklər, arvad yortmaqlar, qız-gəlin cəlladına çevrilməklər?!

Baxış sayı: 2. 171 dəfə baxılıb.

Nədir bu bacı başı kəsməklər, arvad yortmaqlar, qız-gəlin cəlladına çevrilməklər?!

Aqşin Yenisey yazır…

Saatlarla dərzi yanında oturanınız varmı və onun bir pencəyi tikib araya gətirənə qədər nə qədər gülməli, əyri-üyrü parça, sap, astar qırıqlarnı kəsib atdığını görəniniz? Yəqin ki, bütün ehtiyaclar bu qədər zir-zibildən, qırım-qırıntıdan arınmış gerçəkliklərdir. Məsələn, dinlər, siyasi ideologiyalar, ədəbi cərəyanlar bizi özlərinə inandıranacan özlərindən nə qədər şey kəsib tullamalı olublar.

Görəsən, bizim yazı mədəniyyətini bir dərzi vərdişi ilə oxumaq icazəmiz olsaydı, tutalım, Dantedən, yaxud Firdovsidən, ya elə Nizami Gəncəvidən nə qədər “zir-zibil” çıxarardıq? İtaət və pərəstiş üçün meymundan üz çevirən pitekantrop növünün Tanrı və şəxsiyyət üzünə həsrət qaldığı zəmanəmizdə şöhrəti əsrlərin basaratını bağlayacaq qədər zırıltı xarakterlər yaratmağı qarşısına məqsəd qoymuş rus yazıçısı Dostoyevskinin əsərlərini yenidən oxuyub bu romanların başdan-başa cinayətkar təbiətli rus insanının dini fobiyalarından ibarət olduğunu və bədbin pafosla bədiiləşdirilmiş bu pozğun mövhumatdan dini moizələri çıxardıqdan sonra yerdə, sadəcə, kriminal xronikadan başqa bir şeyin qalmadığını görəndə düşünməzdikmi ki, insanın təkamülü yalnız çöldən-çölə baş verib, incəsənət yalnız forma intibahına səbəb olub?
Açığı, mən elə bu fikrə gəldiyim üçün bayaqdan dil boğaza qoymuram. 

Keçmişdən nə qədər uzaqlaşa bilmişik? Homerin kitablarındakı Helena uğrunda müharibə aparan kişilərlə aramızda “gillette”dən başqa ciddi nə fərq var? İnkişaf bizdə hansı yeni duyğu yaradıb? İnsanın iç aləminin rudimentar liliputluqda qalması onun yeni növ kimi deyil, sadəcə, “unudulmuş köhnəlik” kimi meydana çıxmasının dolayı yolla təsdiqi deyilmi? Nə ibtidai dini təlimlər, nə Hammurapidən Romaya, oradan “Avropa hüquq məkanına” uzanan qranitləşmiş qanun layları onun hozu “allahverənliyinin” qəddini düzəldə bilibmi?

Vaxtınız varsa, başlayaq. İnsanın “olmazlar” üzərində yırğalanan mədəni intibahının kökü hannibalizmdən, qanunpərəstliyinin əsas səbəbi isə ilk dəfə neandertalda baş qaldıran qisas hissinin təmin olunması ideyasından güc aıb və heç bir cəmiyyət özü-özünə zəmanət verə bilməz ki, mədəni inkişafdan hannibalizmə, qanunpərəstlikdən şəxsi qisasalmaya qayıdış anı artıq mümkün deyildir.

Qisas özlüyündə qeydiyyatdan keçməmiş şəxsi cəzalandırma hüququdur və o, yalnız səs çoxluğu topladıqda qanuni qüvvəyə minir. Həyatın mürəkkəbləşməsi cəmiyyətin mənəvi göstərgilərinin aşağı düşməsində, ilk növbədə, qadağaların dağıdılmasında, cinayətkarlıq fantaziyalarının və qəddarlıq romantikasının çiçəklənməsində özünü göstərir ki, bu da törəmə qanunlarına əsasən, cəzalandırmanın kəmiyyət və keyfiyyətcə artmasına gətirib çıxarır.

Xalqlar sanki vəhşi növün özünüqoruma instinkti ilə bu qlobal mürəkkəbləşmədən yaxa qurtarmağın yolunu özlərinin lokal, ilkin sadəliklərinə qayıtmaqda görürlər, məsələn, dünyada bəzi prezidentlər gülümsəyə-gülümsəyə ölkələrinin insan büdcəsinin “vergi ödəyiciləri” olan anaların doğuş VÖEN-ləri ilə maraqlanırlar və bu zaman ümumi sivil qanunlara güc gəlməkdən ötrü adətlər süni yolla daha da qabalaşdırılır.

Adətləri təkrarlamaqla xalq özünün aşınma təhlükəsi ilə üz-üzə qalmış milli xarakterini qorumaq, bərpa etmək şansı qazanır. Bundan ötrü tarixdəki, cəmiyyətdəki boşluqların yerini doldurmaq üçün ən ucuz material olan insana ehtiyac yaranır. Elə xalqlar da var ki, onlar, ümumiyyətlə, adətdən qanuna, səsdən yazıya keçməyi milli qürurlarına yaraşdırmırlar.

Məsələn, adətin alqışladığı ölümü qanunun qorumaq istədiyi həyatdan uca tuturlar. Belə xalqların şüuraltındakı azadlıq istəyini tarixi-mədəni ehtiraslar deyil, total-kriminal eqolar formalaşdırır. Nə çar, nə də sovet Rusiyası özlərinin mürəkkəb, amansız məhkəmə sistemləri vasitəsilə Şimalı Qafqaz xalqlarının xarakterindən qətl hadisələrini şəxsi məsələ prinsipinin sadə qəddarlığından uzaqlaşdıra bilmədi. Bu xalqlar üçün sadə və kəsə cəzalandırmanın “qana qan” prinsipi istənilən Roma hüquqündan daha üstün və effektlidir.

Hərdən mənə elə gəlir ki, heç bir xalq mədəni əsarətdən heç bir şey öyrənmir. Yəni Tac-Mahaldan ayaqyolu kimi istifadə edən hindlilər ingilislərdən heç nə öyrənmədilər. İçlərinə cin girməsin deyə yaxalarına sancaq taxan müsəlman azərbaycanlılar ateist sovetizmi həndəvərlərinə belə buraxmadılar. Dəvə sidiyi içən əlcəzairlilər Hüqoya “döşlərindən süd verən” fransız şərabını görəndə iyrənib ögüdülər və s. Bu, yəqin ki, xalqın içində qaynamağına baxmayaraq, heç bir gəlmə “mədəni mətbəxin qazanında” yaxşı bişməməyindən, alaçiy qalmağından irəli gəlir.  Yəni mədəniyyət bir xalqın daxili enerjisi hesabına yaranmayıbsa, xaricdən su tökməklə dolan deyil. Məsələn, iki min il hindliləri əsarətdə saxlayan müxtəlif mədəni sivilizasiyalar Hindistan üçün qurub-yaratdı, dəyişdi, axırı nə oldu? Yenə Himalaydakı vişveşvaralar və Qanqda üzən hisə verilmiş cəsədlər. Gəlmə mədəniyyət səni kosmosa uçurur, amma sən yenə də insan əti yeməyin fəziləti haqqında inancına qayıdırsan. (Gözümlə görmüşəm, nüvə silahı olan Hindistanda tanrıya tapınmağın yolunu meyit yeməkdə görən inanclar var.) Gəlmə mədəniyyət sənə təhsilin, elmin vacibliyindən danışır, sən yenə qızını doqquzuncu sinifdən çıxarıb “rusiyyət uşaqlarına” ərə verirsən.   

Sənə elə gəlir ki, səni tarixin sınağından kosmosa uçmaq yox, Qanqda meyit yandırmaq çıxaracaq, özünü gələcək zamanın qatarına kitab oxumaqla yox, qızını erkən ərə verib başından eləməklə çatdıra biləcəksən. Bu barədə yazılarımızın birində Ziya Göyalpın “Hars və mədəniyyət” kitabından yazarkən bəhs etmişdik. Ancaq orada xalqın özünü öz harsında, öz adət-ənənələrində donduraraq qoruduğundan yazmamışdıq. Əslində, öz milli kültüründə xalq özünü dondurulmuş, ya da qaxac olunmuş halda saxlayır gələcəyə. Qədim hind mədəniyyətinin qədim Roma və qədim Yunan mədəniyyətlərindən fərqli olaraq, hələ də canlı qalmasının da sirri budur ki, çinlilər və farslar, eləcə də, yəhudilər kimi hindlilər də ibtidai icma məişətinin həmrəyliyinə sığınaraq, sivilizasiyanın müəyyən bir pilləsində donub qaldılar. Yunan və Roma mədəniyyəti isə planetarlığa can atıb bəşəriləşdilər. Bizim xalq da canlılığını özünün icma məişətinin həmrəyliyinə olan sədaqətinə borcludur.

Ara-sıra baş qaldıran üsyanlarımız, qaçaqçılığımız olsa da, bizi bütün əsarətlərdən milli məişət donuqluğumuz xilas edib. Eynən Hindistanda olduğu kimi, bizdə də mədəni dəyərlərin çoxu əsarət dövrlərinin ecazkar tör-töküntüləridir. Yaşadığı sivilizasiyanın mədəni intibahı ilə ayaqlaşa bilməyən bütün xalqlar gələcəyə gedənlərin köçündə geriyə qalıb yollarda itkin düşməmək üçün olduqları yerdə qalıb özlərini məişət şəklində dondurmağa məhkumdurlar.

Don açılsa, əriyəcək və axıb çaya gedəcəklər! Bundan ötrü onlara milli adətlər və inanclar lazımdır. İnanc fərdi mistik illüziyaların həniri ilə coşdurub “alev-alev” yandıra bilər, amma xalq üçün din, inanc, adət-ənənə nəhəng buz parçalarıdır.  

Bu yazının lap başında ağlımda belə bir sual vardı; əcəba, son illər artan məişət cinayətkarlığımız bu donun əriməsidirmi? Birdən-birə nədir bu bacı başı kəsməklər, arvad yortmaqlar, qız-gəlin cəlladına çevrilməklər? 

Ənənəyə qaçış qanunun məsuliyyətindən azadolma aktı olmaqla yanaşı, bəlkə, həm də dinc əsarət dövründə mürgü döyən xalq passionarlığının qəfil oyanışıdır? Emosional reflekslərimizin bu şəkildə üzə çıxması, bəlkə, əsarət dövründən sonra qırışığımızın açılmasıdır? Axı hər bir canlı buxovdan açılanda birinci gərnəşir, xalqda da belə bir əzələvi ehtiyac ola bilməzmi?

Azadlıqda ənənənin fitə basdığı qeyrətsizlik damğasını daşımaq istəməyən azərbaycanlı ərin həbsxanadan çıxan kimi boşandığı arvadını öldürüb yenidən içəri, ənənənin dəstəklədiyi qeyrətli dustaq bivecliyinə qayıtmasının, fərdi vicdan rahatlığı, yaxud Engelsin dediyi “ailənin qadın köləliyinin təkamülü” olması fikri ilə bir əlaqəsi varmı? Xalqın milli passionarlığının uzun müddət hansısa gəlmə mədəni qanunlarla idarəolunan hala salınması gec-tez aktiv müqavimətlə – etnogenetik partlayışla nəticələnməsi bu cür məişət cinayətkarlığına səbəb ola bilərmi? 

Görək bu barədə özü də müstəmləkə vətəndaşı olan, Əlcəzair Azadlıq mübarizəsinin ideoloqu, müstəmləkə və mütəmləkəçilik psixologiyası uzmanı məşhur psixiatr Frans Fanon nə düşünür.

Çünki qadınların örtünüb-örtünməməsini, habelə təcavüzə uğramalarını müstəmləkəçi və müstəmləkəyə məruz qalmış kişi subyektlərin mübarizəsindəki kimlik qarşıdurması fonunda araşdırmaq, adətən, qadını əşyalaşdıran izahatlar vermək Fanonun mətnlərinin əsas yanaşmalarından biridir. Nə də olsa, o da mənşəcə müsəlmandır.

Fanon deyir ki, xalq əsarətdən çıxdıqda onda əvvəlcə irqi, dini, qəbiləvi, məhəlli kimliklər baş qaldırar və bu ta milli kimliyə, millətçiliyə qədər şiddətlənər. Fanona görə, müstəmləkə insanında ikinci əsas qabarıq cəhət şiddətə meyillilikdir ki, bu da onun öz “mən”ini başqalarına tanıtmaq arzusundan doğur.

Yəni müstəmləkəçilik təzyiqi altında əzilən eqosunu şiddət yolu ilə, bayaq dediyimiz ən kəsə yolla ətrafındakılara hiss etdirmək, özünü yenidən yaratmaq arzusundan. Acizin çarəsizliyindən doğan bir üsyandır bu. 

Məncə, biz də öz cəmiyyətimizdəki şiddətin səbəblərini eşələsək, bu iki gizli duyğunu görəcəyik: irqi, dini, qəbiləvi, məhəlli özünütəsdiqə canatma və şəxsi, eqosit özünütəsdiqləmə. Namus, qeyrət söhbətləri bəhanədir. Uzun illər müstəmləkə əsarətində olmağımız bizi öz kişiliyinidən şübhələnən fərdlərə çevirib.

Biz bu şübhədən yaxa qurtarmaq üçün ən kəsə yolu seçirik; namus və qeyrət anlayışlarını öz monopoliyasında saxlayan əxlaqın himayəsinə arxalanaraq əlimizin altında olan özümüzdən zəifləri, yəni qız-gəlinlərimizi öldürürük.    

Xristian imperiyasının müstəmləkəçiliyindən çıxan müsəlman azərbaycanlılarda icma, məişət cinayətkarlığının passionarlaşması ayrı-ayrı individumların əxlaqi pozğunluğu deyil, bu hal əsarət dövründə xalqın yad dəyərlərə itaəti nəticəsində yuvarlandığı mənəvi-psixi “heçkimləşdirmənin” ümumxalq ruhunda təzahürüdür.

Biz cibimizdə gəzdirdiyimiz bıçaqlarla “heç kim” olmadığımızı sübut etmək istəyirik. Çünki biz özü-özlüyündə buynuzu mişarlanmış gərgədan kimi bədbəxtik, yazığıq, zavallıyıq. Divin canı şüşədəki göyərçində olduğu kimi, bizim mənliyimiz də cibimizdəki bıçaqdadır. Müstəmləkə təhqirini hansı yolla olur-olsun o mənlikdən yumaq lazımdır. Və biz ən kəsə yolu seçirik – məişət cinayətkarlığını! 

Ümumiyyətlə, etinasızlığa, “heçkimləşdirilməyə” üsyan olaraq cinayətkarlığa əl atılması təkcə mütəmləkə insanlarına aid deyil. Bəziləri ailədə gördükləri diqqətsizliyə də özlərini öldürmək, yaxud buna bənzər kriminal hərəkətlərlə reaksiya verirlər. Yaxud keçən əsrin ortalarında kapitalizmin yaratdığı mənəvi vecsizlik, kütləvi etinasızlıq nəticəsində Qərb ölkələrində vətəndaş nikahlarından doğulan sos-yetim siam əkizləri olan narkomaniya və bank soyğunçuluğu sanki ailə qayğısından məhrum gənclərin əyləncəli həyat tərzinə çevirilmişdi.

Passionarlığın cəmiyyətin individiumlara tələbatı dövrü kimi səciyyələnən bu dövr özünün narkoman, soyğunçu avtoritetlərini yaratmışdı ki, onların ölüm xəbərləri, məhkəmə prosesləri az qala el şənlikləri kimi qeyd olunurdu qibtə etdiyimiz Avropada.

Azərbaycanda ailə-məişət cinayətkarlığının tüğyanına da, sadəcə, ayrı-ayrı ər-arvad münaqişələri, qisas və tamahkarlıq yanğısı kimi baxmaq, bir balaca darqursaqlıq olardı.

Cinayətkarlığın bu növünün birdən-birə alovlanması xalqımızın əsarət dövründə getdiyi “the big sleep”dən özünəməxsus gərnəşməylə oyanışıdır.