Nəriman Abbasov: Tailandda olanda UFC döyüşçülərini üstələyirdim

Baxış sayı: 3. 043 dəfə baxılıb.

Nəriman Abbasov: Tailandda olanda UFC döyüşçülərini üstələyirdim

Xəbər verdiyimiz kimi, Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” beynəlxalq MMA təşkilatının çempionu adı uğrunda mübarizə aparacaq. 

ÇıxışYolu.Com-ın məlumatına görə, yüngül çəki dərəcəsində çıxış edən idmançımız kəmər uğrunda döyüşdə qazaxıstanlı Kuat Xamitovla üz-üzə gələcək.

Abbasov döyüşə hazırlıq barədə fikirlərini klubunun rəsmi saytına açıqlayıb:

“Fight Night”ın çempionluq kəməri uğrunda döyüşə hazırlaşıram. Hazırlıq prosesini baş məşqçim Şəhriyar Abbasovun rəhbərliyi altında gerçəkləşdirirəm. Məşq prosesi yüksək səviyyədə, planlı şəkildə davam edir”. 

Nəriman titul qazanmağın vacibliyini də vurğulayıb: 

“Mənim üçün çox vacib döyüşdür. Bu, həyatımın ən vacib yarışıdır. Neçə illərdir buna görə məşq edib çalışırıq. Düzdür, artıq bir dəfə – 2016-cı ildə kəmər uğrunda döyüşmüşəm. Amma onda istəyimə çata bilmədim. Bu dəfə isə qalib gəlmək lazımdır”.

Abbasov rəqibini analiz etdiklərini də bildirib: 

“Rəqibimin döyüşlərini görmüşəm, videolarını izləmişəm. Məşqçimlə onun güclü, zəif tərəflərini təhlil etmişik. Bu barədə danışmaq istəməzdim”.

İdmançımız gələcək planlarını da açıqlayıb: 

“Kəməri qazandıqdan sonrakı planlar UFC ilə bağlıdır. Özümü bu nüfuzlu yarışda da sınamaq istəyirəm. Bu ilin yanvarında Tailandda toplanışda oldum. Həmin vaxt UFC-də döyüşən idmançılarla məşq keçir, sparrinq döyüşlər edirdik. Onlar da bizim kimi idmançılardır. Hətta UFC təmsilçilərini üstələyirdim. Yarışın nüfuzlu olması o demək deyil ki, oradakı idmançılar daha güclüdürlər. Amma öncə “Fight Night”ın kəmərini qazanmaq lazımdır”.

Səbuhi MUSAYEV