b62c6e3b-2f05-4827-b568-ed62d252bf96..jpg

Nərminin meyitini və İlkin Süleymanovu müayinə edən ekspert dindirilib – MƏHKƏMƏ

Baxış sayı: 891 dəfə baxılıb.

Nərminin meyitini və İlkin Süleymanovu müayinə edən ekspert dindirilib –
MƏHKƏMƏ

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə
yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
araşdırması davam edir.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun
sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın meyitinə baxış keçirən
ekspertlərdən biri – Tovuz rayonunun məhkəmə-tibb eksperti Nurlan Abbasov
dindirilib.

Şahid ekspert meyitin müayinəsində şəxsən iştirak etdiyini desə də, müdafiə
tərəfinin bir sıra suallarına – “cavab verə bilmirəm”, “cavab verməkdən imtina
edirəm”, – deyə münasibət bildirib.

Vəkillər ekspertə meyitin bir sıra hissələrinin kömürləşmiş hala kimi yandığı
halda hadisə yerindən tapılan paltarın bir hissəsinin yanmaması ilə bağlı sual
veriblər.

Nurlan Abbasov deyib ki, paltarı yanmadan da bədənin yanması mümkündür.

Dindirmə zamanı o da məlum olub ki, adı çəkilən ekspert İlkin Süleymanov həbs
olunduğu ilk günlərdə onun özü ilə bağlı da rəy verib. O, 2020-ci il yanvarın
11-də İlkin Süleymanov haqqında rəy verib və onun üzərində heç bir xəsarət
olmadığını yazıb.

Lakin İlkin Süleymanovla eyni kamerada saxlanmış şəxslər ifadələrində onun
bədənində çoxsaylı xəsarət izlərinin olduğunu bildiriblər.

Ekspert rəydə qeyd edib ki, İlkin Süleymanovu ekspertiza şöbəsində müayinə
edib, onun üzərində xəsarətlər aşkarlanmayıb.

O, vəkil Zabil Qəhrəmanovun sualına cavab olaraq İlkin Süleymanovu polis
şöbəsində gördüyünü desə də, digər suallara cavab olaraq polis şöbəsinə
getmədiyini iddia edib.

Təqsirləndirilən İlkin Süleymanov ifadəsində deyib ki, 2020-ci il yanvarın
11-də polis şöbəsində olarkən eksperti onun yanına gətiriblər.

İlkin Süleymanovun – “Əgər şəxsin üzərində gözlə görünən xəsarət varsa, amma
özü döyülmədiyini deyirsə, siz rəydə onu qeyd edirsinizmi?”, – sualına ekspert
– “xəsarət varsa, yazırıq”, – cavabını verib.

Proses martın 29-da davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar
Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan
meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər
Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində
həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa
cəlb edilib. İş üzrə çoxsaylı şahid dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji,
məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq
hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa
maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Source link