Nəşi tapılan şəhidin xanımı: “Altıncı sinfə qədər oğlumla qızım bilmirdilər
ki, ataları itkin düşüb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Neftçala şəhərində anadan olan və Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər
rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən, şəhid
leytenant Əliyar Ələkbərovun nəşinin qalıqları 30 ildən sonra Gəncə şəhərində
aşkarlanıb.
Şəhidimizin həyat yoldaşı Dilarə Ələkbərova bu haqda Moderator.az-a danışıb.
“Əliyar 1993-cü ilin oktyabr ayında könüllü olaraq döyüşlərə gedib. Sonuncu
dəfə evə dekabrın 26-da oğlunun ad günündə gəlib. 1994-cü ilin fevral ayının
15-də bizə xəbər gəldi ki, Əliyar Kəlbəcər istiqamətində, Murovdağda itkin
düşüb. O, rabitə taqımının komandiri olub. Əliyarı döyüşlərə yola saldığım gün
indiyə kimi yadımdadır. Gözlərimin önündən getmir. Həmin günü çox ağladım.
Dedim ki, bizi kimə tapşırıb gedirsən? Dedi ki, dayım sizə baxacaq. Atama dayı
deyirdi. Biz onunla qohumuq, bibinəvəsi-dayınəvəsiyik. Dedim ki, niyə belə
deyirsən?! Qızım qucağında idi, uşağı verdi mənə. Sonra oğlunu qucağına götürüb
həyətə çıxdı. Həyətdə 1-2 addım gedəndən sonra oğlanı da gətirib mənə verdi.
Üzünü çevirib çıxıb getdi. Övladlarım 5-ci, 6-cı sinifdə oxuyana qədər onlara
bu haqda heç bir məlumat verməmişik. Həmişə fikirləşiblər ki, atamız hardasa
cəbhədədir, düşmənlə vuruşur. Bir dəfə bizi Beynəlxalq Qızıl Xaç Komitəsindən
dəvət etmişdilər. Qapı arxasından uşaqlar eşitmişdilər ki, ataları itkin düşüb.
Sonra mənə dedilər ki, biz hər şeyi bilirik. Böyüyəndən sonra da iki övladımla
oturub danışırdıq”, – deyə şəhid xanımı bildirib.
Dilarə xanım deyir ki, bu illər ərzində axtarmadıqları yer qalmayıb:
“Bu illər ərzində əlimiz çatan yerlərə müraciət etdik. İtkin düşəndən sonra
rəhmətlik qardaşı, mənim atam Gəncəyə, Hacıkəndə qədər gedib axtardılar.
Gəncədə olan hospitalları da gəzmişdilər, soraq salmışdılar, amma tapa
bilməmişdilər. Söhbət 1994-cü ildən gedir. Bildiyimə görə, bir neçə cənazə var
ki, həmin vaxt ailələrinə çatdırılmayıblar, elə orada dəfn olunublar. Hələ bir
neçə il bundan öncə mən İmişlidə belə bir məzarlığın olduğunu bildim. Oranın
axundu ilə əlaqə saxladım. Əliyarın 1994-cü ilin fevralında itkin düşdüyünü
dedim. Dedi ki, dəfn olunanlar 1993-cü ilin yanvar ayının şəhidləridir. Xahiş
etdim ki, dəfn olunarkən çəkilən şəkilləri mənə göndərin. Şəkilləri mənə
göndərdi. Həlak olanların üzləri görünürdü. Mən onların fotosuna baxdım.
Əliyarı onların içində tapmadım. Bildiyimə görə, Tərtərdə də, Füzulidə də belə
məzarlıqlar var. Amma indi hamısı DNT üçün açılıb. Ağlıma gəlməzdi ki, 30 ildir
onu Gəncədə naməlum şəhid adı altında dəfn ediblər. Biz dəfələrlə Gəncədə
olmuşuq, İmamzadə ziyarətgahına getmişik. Bizim xəbərimiz olmadan o da orada
uyuyurmuş. Mənə ən çox təsir edən bu oldu. Çox sevindim ki, məzarı olub, rahat,
sakit yatıb. Düşmənə əsir olmayıb. Bilirsiniz ki, düşmənlər igidlərimizi necə
zülmlə, işgəncə ilə öldürüblər. Həmişə Allaha yalvarırdıq ki, Əliyar düşmənə
əsir düşməsin. Bir tərəfdən də 30 il bundan əvvəlki günlərimizi yenidən
yaşadıq. Övladları da, mən də. 2015-ci ildə DNT analizi qaynımdan, rəhmətlik
anasından, övladlarından və məndən götürüldü. Bilmirik ki, qalıqlarını bizə nə
vaxt təhvil verəcəklər. Bu, bir az vaxt ala bilər. Hələ ki, əllərində 16 nəfər
var, onları təhvil verməlidirlər. Nəşini Bakıda dəfn etmək istəyirik. Əslimiz,
kökümüz Neftçaladan olsa da, burada yaşamışıq. Əliyar da cəbhəyə Bakıdan yola
düşüb”.