“Nəsil ağacı” sənədli filmi təqdim olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) Qərbi
azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil
ağacı” adlı sənədli filmin təqdimat mərasimini keçirib.
“Report” xəbər verir ki, filmdə Qərbi Azərbaycandan deportasiya edilən
həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur.
Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri
olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış
şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.
Filmdə vurğulanır ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı
əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı
ümumilikdə bir milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin
düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq Qərbi
azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayıb gələcək nəsillərə ötürürlər.
Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi
Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz
doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.
Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın
vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan
sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə
alınıb. Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev,
rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar
Tariyeloğludur.
“Nəsil ağacı” filmi Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq
istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.