Nəzarətsiz qalan qızıl bazarı – “KASPİ”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda zərgərlik bazarının bir hissəsinin qeyri-leqal fəaliyyət
göstərdiyi rəsmi səviyyədə təsdiqlənib. Dövlət rəsmisi bu sahədə istehlakçı
hüquqlarının kifayət qədər pozulduğunu, bazarda müəyyən tənzimləyici alətlərin
tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirilmə işlərinin
aparılmasının vacib olduğunu bildirib.
Son günlər Azərbaycanda zərgərlik bazarında saxta məhsulların satılması ilə
bağlı iddialar artıb. Bu sahəyə hazırda nəzarətin istənilən səviyyədə olmaması
səbəbindən bazarda aşağıkeyfiyyətli malların kifayət qədər çox olduğu,
vətəndaşların aldadıldığı iddia edilir. Hətta KOBİA İdarə Heyəti sədrinin I
müavini Natiq Həsənov da bu bazarın bir hissəsinin qeyri-leqal fəaliyyət
göstərdiyini təsdiqləyib. Dövlət rəsmisi bu sahədə istehlakçı hüquqlarının
kifayət qədər pozulduğunu, bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin
tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirmə işlərinin aparılmasının
vacib olduğunu bildirib.
Bəs zərgərlik məhsulları bazarında hansı zəruri tədbirlər görülməlidir?
Ümumiyyətlə, təkmilləşdirilmə işlərinin aparılması bu bazara necə təsir edəcək?
“Kaspi”
bağlı məqalə hazırlayıb.
Qurunun oduna yaş da yanır?
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib ki,
zərgərlik bazarında əhəmiyyətli paya malik olan bazar iştirakçıları,
istehsalçılar əvvəlki Əyar Palatasının funksiyalarını icra edən qurumun
fəaliyyətə başlamasının tərəfdarıdırlar. Çünki saxta məhsullarla bağlı yayılan
xəbərlər bu bazara mənfi təsir edir, işini düzgün görən istehsalçılara da inamı
sarsıdır. Mütəxəssisin sözlərindən məlum olur ki, çıxan xəbərlərlə qurunun
oduna yaş da yanır:
“Saxta məhsullarla bağlı xəbərlərdə konkret halların səsləndirilməsi, saxta
məhsul satanın ifşa olunması daha faydalı olar. Çünki ümumi fikir
səsləndirildikdə, həm bazarın, həm də illərdir dürüst işləyən, müəyyən alıcı
kütləsi olan zərgərlərin adına xələl gəlir. Belə xəbərlərdən sonra satışlar
düşür, bu da zərgərlik sahəsinə mənfi təsir göstərir. Sözsüz ki, biz belə
halların olmasını inkar edə bilmərik. Çünki nəzarət edən struktur yoxdur.
Əvvəllər Qiymətli Daşlara və Metallara Nəzarət Dövlət Xidməti var idi, o qurum
da fəaliyyət göstərmir. Əgər elə bir qurum olsa idi, təbii ki, istehsalçıların
və istehlakçıların da hüquqları qorunardı”.
Bu, artıq saxtakarlıq deyil
Assosiasiya sədri deyib ki, alıcı kütləsində də müəyyən stereotiplər var. Biz
nəyə saxta deyirik, əvvəlcə o araşdırılmalıdır:
“Zərgərlik sənayesinin müəyyən qanunları var. Məmulatın tərkibində səkkiz
karatdan, əyarla desək, 333 əyardan yuxarı qızıl varsa, o artıq qızıl sayılır.
Düzdür, bu hələ Azərbaycanda geniş yayılmayıb, əsasən Qərbi Avropa ölkələrində,
Amerikada belədir. Amma Azərbaycanda ən məşhur iki əyar var. Biri 585 (14
karat), buna xalq arasında türk qızılı da deyirlər, digəri 750 (18 karat), xalq
arasında italyan qızılı da adlanır. Əslində, italyan, türk qızılı adlandırmaq
da düzgün deyil. Çünki İtaliyada da 585, Türkiyədə də 750 əyar qızıl var.
Qiymətli daşlara gəldikdə, satıcı alıcıya daşın təbii brilyant, yaxud süni
şəraitdə yetişidirilməsi ilə bağlı məlumat verməlidir. Əgər satıcı bunu
bildirirsə, bu, artıq saxtakarlıq deyil. Metaldırsa da, metalın adı və əyarı
göstərilməlidir”.
Qızılın saxta olmadığını necə bilmək mümkündür?
Mütəxəssis qeyd edib ki, alıcı qızılın saxta olub-olmadığını müəyyənləşdirə
bilməz:
“Kustar üsulla, ev şəraitində bunu bilmək mümkün deyil. Hər biri laboratoriya
şəraitində yoxlanılmalıdır. Çünki bu gün elə qalın örtük üsulları var ki, ev
şəraitində müəyyənləşdirmək mümkün deyil. Bu işlə də qiymətli daşlar üzrə
mütəxəssislər (gemoloqlar) məşğul olurlar”.
Assosiasiya sədrinin sözlərinə görə, günahkar həmişə istehsalçı olmur.
İstehlakçı da öz məsuliyyətini bilməlidir:
“Məsələn, satıcı qiymət deyir, alıcı deyir ki, daha ucuz olsun. Bu, həm onun
özünü risk altına atır, çünki mənşəyi bəlli olmayan məhsul o qiymətə verilə
bilər. Həm də sahibkarı vergidən yayınmağa sövq edir. Əgər istehlakçı kassa
çeki, məmulatın bütün xüsusiyyətləri qeyd olunan sertifikat tələb etsə,
saxtakarlıqla üzləşməz”.
Zərgərlik bazarında alıcılar nədən narazıdırlar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, zərgərlik
bazarında ən çox şikayətlər alıcıların aldığı malı qaytara bilməməsi ilə
bağlıdır:
“Nazirlər Kabinetinin 114 saylı qərarına görə qiymətli metallar, o cümlədən
qızıl zərgərlik məmulatları, dəyişdirilməyən və qaytarılmayan mallar
siyahısındadır. Çox təəssüf ki, bu, istehlakçı hüquqlarını pozur və bundan
sui-istifadə edənlər də az deyil. Bəzi satıcılar da bunu bildiyi üçün
keyfiyyətsiz malı vətəndaşa satır, sonra da qanunu əsas göstərərək qaytarmır”.
Əvvəllər qızılın üzərində romb damğası olurdu
Şikayətlərin məğzinə gəldikdə isə, E.Hüseynov bildirir ki, onlara gələn
şikayətə görə, satıcı alıcıya 20 000 manata işlək olmayan saat satıb:
“Qızıl saatdır, amma növbəti gündən sonra saat işləməyib. Dəyişmək, yaxud
qaytarmaq istədikdə isə deyirlər ki, bu qiymətli metaldan hazırlanıb, ona görə
nə dəyişirik, nə də qaytarırıq. İllər boyu ölkədə Əyyar Palatası var idi. Bu
palata qızıl məmulatlarını yoxlayır, üzərinə romb damğası vururdu. Bizə
müraciət edən şəxslərə deyirdik ki, harada romb damğası varsa, onlara üstünlük
verin. Yeddi ildən çoxdur ki, bu palata ləğv olunub, bu sahə demək olar ki,
başlı-başına qalıb. Belə qurumun yaradılması həm zərgərlik bazarına müsbət
təsir edəcək, həm də alıcıların hüquqları qorunacaq”.
Dövriyyəmiz 220-230 milyona çatacaq
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev təəssüflə
bildirib ki, bu gün də MDB zərgərlik bazarında ən keyfiyyətli məhsullar
Azərbaycan məhsulları sayılır, lakin ölkəmizdə öz məhsullarımız o qiyməti
görmür:
“Azərbaycanda zərgərlik sənəti kifayət qədər qədimdir. Hələ sovet vaxtından
Bakı Zərgərlik Zavodu Moskva Zavodundan sonra ikinci yerdə idi. Bu gün də MDB
bazarında ən hörmətli, ən keyfiyyətli məhsullar Azərbaycan məhsulları sayılır.
Əfsuslar olsun ki, Azərbaycanın öz alıcılarının inamı yoxdur. İtaliya, Türkiyə,
Avropa, ABŞ məhsulları olar, amma Azərbaycan olmaz. Bu, çox səhv yanaşma və
stereotipdir”.
T.Abbasquliyev sonda vurğulayıb ki, zərgərlik məhsulları bazarında
təkmilləşdirilmə işlərinin aparılması bu sahəyə müsbət təsir edəcək:
“2022-ci ilin nəticələrinə görə, bazarımızın dövriyyəsi 153 milyon manat olub.
Bu il də proqnozumuza görə, dövriyyəmiz 220-230 milyon manata çatacaq. Bu
sahənin inkişafı qeyri-neft sektorunun şaxələnməsinə töhfə verəcək”.