Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib.
ÇıxışYolu.Com Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
N. Savçenkonun adı Donbasda martın 8-də təmas xəttində saxlanılan “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Rubanla bağlı məsələdə hallandırılır.
Belə ki, Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir.
Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.