fb68699b-46e1-4220-a8c1-1ecf161764d8..jpg

Nadir İsmayılovun həbs müddəti azaldıldı

Baxış sayı: 781 dəfə baxılıb.

Nadir İsmayılovun həbs müddəti azaldıldı

“Zaminbank”ın həbsdə olan keçmiş rəhbəri Nadir İsmayılovun cəzası azaldılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə Bakı Ağır
Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm Bakı Apellyasiya Məhkəməsi
tərəfindən dəyişdirilib. Hakim Mirəzli Abbasovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub. Qərara əsasən, tanınmış bankirin həbs müddəti 14
ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli
miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən
istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72,3 milyon manatı
qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Beş milyon manatı isə dələduzluq
yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə
olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon
manatı Mərkəzi Bank qarşısındadır.

Qeyd edək ki, iş üzrə zərərçəkmişlər arasında “Şərurlu İsfəndiyar” kimi
tanınan iş adamı İsfəndiyar Axundov və məşhur skripkaçı Ceyhun İsmayılov da
olub.

Bundan başqa, Nadir İsmayılovun aşağıdakı əmlakları da müsadirə edilib:

– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən iki mənzil;

– Bakı şəhəri, Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi;

– Bakı şəhəri, Xətai rayonunda yerləşən 0,3809 kv.m və 0,0804 hektar torpaq
sahəsi;

– Bakı şəhəri, Xətai rayonunda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi;

– Ailə üzvlərinə məxsus mənzil;

– Ailə üzvlərinə məxsus fərdi yaşayış evi;

– Ailə üzvlərinə məxsus 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;

– “Jeep Wrangler”, “Mercedes Benz S500”, “Bentley Continental” və “Mercedes
Benz G63 AMG” markalı avtomobillər.

Source link