Müğənni Nadir Qafarzadə ilə aktyor Kamran Ağabalayev arasında qalmaqal daha da şiddətlənib.
ÇıxışYolu.Com xəbər verir ki, Qafarzadənin “Pis qadının başını kəsərlər” fikirləri Ağabalayevi özündən çıxarıb.
Aktyorun müğənni barədə yazdığı “Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır” sözləri cavabsız qalmayıb.
Nadir Kamran haqqında saytlardan birində yayımlanan “Azərbaycanlı aktyor erməni ilə filmə çəkilir” başlıqlı yazını şəxsi “İnstagram” hesabında paylaşaraq, qarşı tərəfə sərt ismarıc yollayıb:
“Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağız dolusu kişilikdən danışır”.
Yaşanan qalmaqallı olayla bağlı ÇıxışYolu.Com-ın əməkdaşı hər iki sənətçi ilə əlaqə saxlayıb.
N.Qafarzadə K.Ağabalayevi tanımadığını və bir incəsənət nümayəndəsinin digəri haqqında təhqirlər deməsini nalayiq hərəkət kimi qələmə verib:
“Mən şəxsən o insanı tanımıram. Ona görə yox ki, o mənim haqqımda nəsə deyib. Doğrudan onu tanımırdım. Amma haqqımda fikir bildirəndən sonra tanıdım. Sən məni tanımırsan və tanımadığın insan haqqında ağzına gələni danışırsan. Bir incəsənət nümayəndəsinə bu yaraşarmı? Mən paylaşdığım statusda onu təhqir etmədim. Onun valideyinlərinə, ailəsinə, özünə hörmət qoyuram. Çünki mənim də ailəm və valideyinlərim var. Mən özümü qoydum onun yerinə. Adam danışanda da təhqirlə tənqidi düzgün ayırd etməlidir. Onun mənimlə nə problemi var? Bəlkə də o mənimlə gündəmə gəlmək istəyir, ona görə bu cür addımlar atır?! Amma bu, yolverilməzdir. Bir-birimizə hörmət etməliyik. Cahil və savadsız adam danışsaydı, məni yandırmazdı. Amma sən o boyda universitet bitirmisən, ali savadlı peşəkar aktyorsan. Ağzına yaraşmayan sözləri, fikirləri dilinə alırsan. Elə əsl faciə də budur”.
K.Ağabalayev isə qarşı tərəfin fikirlərini birmənalı qarşılamayıb, özünü Nadirin səviyyəsinə salmaq istəmədiyini deyib.
“Mənə bu mövzu maraqlı deyil. Heç bu haqda açıqlama vermək də istəmirəm. Özümü onun səviyyəsinə salmaq istəmirəm. Erməni obrazını kim oynamalıdır, yapon yoxsa erməni? “Erməni”ni elə erməni oynamalıdır da. Nadir tərəfindən səslənən fikirlər isə çox absurddur. Onu yazan jurnalistdə də az günah yoxdur. Başlığa yazıb ki, mən bir filmdə erməni ilə tərəf müqavili olacam. Sən filmin ssenarisini oxumusan? Bilirsən ki, heç mənim tərəf müqabilim kimdir? Yəni o boyda adamların arasından epizodda çəkilən ermənini gördün? Bütün bu söhbətlər yersizdir. Yaxın günlərdə yaşanan bu qalmaqal haqda geniş müsahibə verəcəm. Mənim deməyə hələ çox sözüm var”, – deyə aktyor bildirib.
Qeyd edək ki, aktyor Kamran Ağabalayev İstanbul, Krım və Sankt-Peterburqda lentə alınan “Rus kölə” adlı serialda Bəyazid Ağa obrazını canlandıracaq.
Rəşad Əliyev