8cea73b4-6370-40c8-835d-f456e73ac436..jpg

Naftalan nefti sertifikatlaşdırılacaq

Baxış sayı: 541 dəfə baxılıb.

Naftalan nefti sertifikatlaşdırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət Turizm Agentliyi Naftalan neftinin sertifikatlaşdırılması ilə bağlı iş
aparır”.

“Report” xəbər verir ki, bunu Agentlik yanında Azərbaycan Turizm Bürosunun
İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, ümummilli lider
Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Hazırda həm Səhiyyə Nazirliyi, həm də Almaniyanın Sağlamlıq Turizmi
Assosiasiyası ilə birlikdə Naftalan neftinin sertifikatlaşdırılması üzərində
işləyirik, fəaliyyət planı hazırlanır. Sertifikatlaşdırmanın əsas hissəsi
Dövlət Neft Şirkətindən (SOCAR) başlayacaq”, – deyə o qeyd edib.

“Azərbaycanda sağlamlıq turizmi dedikdə ilk ağıla gələn yerlərdən biri
Naftalan şəhəridir. Burada yerli neft vasitəsilə müəyyən prosedurlar və
sağlamlıq turizmi sektorunda fəaliyyətlər davam edir. Naftalan Şəhər İcra
Hakimiyyəti ilə birlikdə Naftalanın turizm inkişaf konsepsiyasını hazırladıq.
Naftalanla bağlı ən mötəbər layihə Naftalan neftinin sağlamlıq turizminin
inkişafında rolunun artırılması ilə bağlı əlavə tədbirlər planı haqqında olan
layihədir. Həmin layihə yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Naftalan
neftinə ümumi strateji yanaşma gətirəcəyik. Layihə təsdiqləndikdən sonra
Naftalan neftinin beynəlxalq səviyyədə sertifikatlaşdırılması ilə bağlı
addımlar atacağıq”, – deyə R.Əliyev əlavə edib.

Bundan başqa, onun sözlərinə görə, hazırda sağlamlıq turizmi ilə bağlı
Naftalana gələn turistlərin böyük hissəsi MDB ölkələrindəndir:

“Dövlət Turizm Agentliyi xarici ölkələrdə keçirilən sərgilərdə, tədbirlərdə
Azərbaycanın turizm potensialını təqdim edir. Lakin Qərb ölkələrinin
turistlərini Naftalana cəlb etməkdə qarşımızda duran baryerlərdən biri Naftalan
neftinin beynəlxalq sertifikatının olmamasıdır. Sertifikatlaşdırma bitəndən
sonra Naftalana xeyli sayda turist gələcəyinə inanırıq”.

Source link