45f0bb2e-0de8-4e76-9844-56f830615b9e..jpg

Naftalan şəhəri nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir

Baxış sayı: 551 dəfə baxılıb.

Naftalan şəhəri nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edir

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata
keçirilən tədbirlər nəticəsində Naftalan da özünün yeni inkişaf dövrünə qədəm
qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm
infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort
şəhərlərindən birinə çevrilməkdədir. Həm müalicəvi neft vannaları əsasında
xəstələrin müalicəsində əldə olunan yüksək təsirli nəticələr, həm də istirahət
üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün
daha cəlbedici kurort mərkəzinə çevirib. Görülən işlərin nəticəsidir ki,
Naftalan şəhəri bu gün həm də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Naftalan şəhərində “Naftalan-Sağlamlıq
və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası”
mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayır. Bu tədbir 2022-ci il
oktyabrın 8-9-da Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və “PMD
Hospitality”nin birgə təşkilatçılığı ilə ilk dəfə keçirilmiş beynəlxalq
elmi-praktik konfransın davamıdır.

Konfransın əsas məqsədi – tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu
sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm
sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni
mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm
sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdir.

Konfransda Azərbaycan, Latviya, Litva, Polşa, Macarıstan, Türkiyə, Qazaxıstan,
Özbəkistan, Almaniya və Rusiya Federasiyasının turizm, səhiyyə, kurort və
hotelçilik sahələrinin mütəxəssisləri və dövlət-hakimiyyət orqanlarının
nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Belə bir tədbirin Naftalanda keçirilməsi heç də təsadüfi deyil. Belə ki, son
10 ildə bu şəhərdə görülən işləri həm də ümumi inkişaf dinamikamızın
göstəricisi kimi qəbul etmək olar.

Prezident İlham Əliyevin dediyi kimi, bu gün Naftalan şəhəri turizm
mərkəzlərindən birinə çevrilməkdədir:

”Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet
dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz
onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq,
onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13
mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün – beşulduzlu “Çinar”, “Qarabağ”
və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş
vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları
olmalıdır – beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və
xarici qonaqlar bundan istifadə edə bilsinlər”.

Burada yaradılan müasir turizm infrastrukturu nəinki isti yay aylarında, hətta
soyuq qış fəslində də şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb
olub. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait
yaradılıb, konsert proqramları, musiqili-əyləncəli tədbirlər təşkil edilir.
Ümumilikdə son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə
olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bura eyniadlı nadir müalicəvi nefti ilə
tanınır. Təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində
istifadə edilir. Keçmiş SSRİ dönəmində Naftalan İttifaqın məşhur kurortları
arasında müalicə-sağlamlıq əmsalının yüksəkliyi ilə ön sırada olub. Bütün
bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri
sayılır. Lakin SSRİ dağılandan sonra məlum hadisələrlə bağlı bundan yararlanmaq
mümkün olmayıb. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam
etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər
sayəsində artıq Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini
qaytarmaqdadır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti,
“Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev
deyib ki, Azərbaycanın sağlamlıq turizmi sahəsində çox geniş imkanlar var:

“Naftalan nefti aparılan təbliğat nəticəsində dünyanın əksər ölkələrində
populyarlıq qazanıb. Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən
revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, sağlamlıq turizmini digər turizm
növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində
rentabelli olmasıdır. Bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da
turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət
kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə
məqsədilə 65-ə yaxın ölkədən 35 mindən çox turist gəlib. Bu, Azərbaycanın
yalnız bir müalicə təsisatına gələn turist sayıdır.

Bir sözlə, işini “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal
marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin
qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının
tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: Arxeologiya, aqroturizm və
ekoturizm perspektivləri” adlı panellərdə davam etdirəcək konfransda 10-dan çox
ölkənin turizm, səhiyyə, kurort və hotelçilik sahələrinin mütəxəssisləri öz
müasir çağırışlarını təklif edəcəklər.

Həmçinin bu gün Naftalanda təşkil olunan beynəlxalq tədbirdə müzakirə olunacaq
məsələlər də, dinləniləcək mühazirələr də bu bənzərsiz sağlamlıq turizm
məkanının daha geniş coğrafiyada tanınmasına, bura turist axınının daha da
sürətlənməsinə təkan verəcək.

Source link