“Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə
olunacaq qədər yüksəkdir” – FOTO
“Naftalandakı müalicə turizminin inkişafı dünya standartları ilə müqayisə
olunacaq qədər yüksəkdir”.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda Litva səfirliyinin təşkilatçılığı ilə
keçirilən “Litva sağlamlıq və müalicə turizmi” adlı tədbirdə Litvanın
Druskininkay şəhərinin vitse-meri Linas Urmanaviçius deyib.
Oktyabrın 7-8-də Naftalanda keçirilən “Naftalan – sağlamlıq və turizmin
sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda
beynəlxalq elmi-praktik konfransın iştirakçısı olan Linas Urmanaviçius
konfransla bağlı xoş xatirələrini də bölüşüb.
Litvanın kurort mərkəzlərinin nümayəndələrinin qatıldığı “Litva sağlamlıq və
müalicə turizmi” adlı tədbirdə bu ölkənin kurort imkanlarına dair videoçarx
nümayiş olunub.
Litvanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viktoras Dagilis ölkəsinin
turizm imkanları barədə məlumat verib. O, hər il Azərbaycandan xeyli sayda
turistin müalicə üçün Litvaya üz tutduğunu bildirib.
Daha sonra çıxış üçün söz Litva səfirliyinin müşaviri Castinas Bakunasa
verilib. O, tədbir iştirakçılarına Litvanın təbiəti, eləcə də Vilnüs şəhəri
barədə danışıb.
Tədbirdə “Druskininkay” kurortunun əsasən mədə-bağırsaq və tənəffüs
xəstəliklərinin müalicəsi ilə məşhur olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki,
kurortun əsas təbii müalicəvi amilləri mineral sular və torf palçığıdır. Kurort
bir vaxtlar dənizi qurudan ayıran zolağın keçdiyi yerdə yerləşir.
Druskininkay şəhər şurasının üzvü, “Draugstyle” sanatoriyasının sağlamlıq
direktoru Arvidas Balcius isə Litvadakı tibbi reabilitasiya barədə məlumat
verib.
Tədbirdə sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm
potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində
maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması yollarından da söz
açılıb.