528c1107-d0e6-46c2-a3c0-e9ee67ab2c14..jpg

Naibə Allahverdiyeva: “Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq edirəm”

Baxış sayı: 744 dəfə baxılıb.

Naibə Allahverdiyeva: “Xarici aktyorların 85-90 il yaşamalarına paxıllıq
edirəm”

“Çox istərdim ki, aktyorlar dəfn olunan zaman teatrdan son mənzilə yola
salınsınlar. Əslində həmişə belə olub. Amma sonradan nəyəsə görə bu ənənə
aradan götürüldü”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva
Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun dünyasını
dəyişməsindən, aktyorun dəfnində yaranan qalmaqaldan danışarkən deyib:

“Yəqin ki, bu qaydanı yenidən düzəldərlər. Sovet dövründə də, ondan sonrakı
müddətdə də belə olub. Təki bizim aktyorlarımızın canı sağ olsun, uzunömürlü
olsunlar. Mən dünyasını dəyişən aktyorların işlədiyi teatrlardan yola
salınmasını həm də ona görə istəyirəm ki, onu sevən insanlar mərhumla vida
mərasiminə gələ bilsinlər. Bir də görürsünüz ki, aktyor dünyasını dəyişib. Onun
pərəstişkarları aktyorun evini, ünvanını tanımırlar. Aktyorlar insanların
həmişə sevimliləri olublar.

Ümumiyyətlə, bildirim ki, sənətkarlarımız xəstələnəndə dövlət tərəfindən
onlara lazımınca qayğı göstərilir. Mərhum Xalq artistimiz Ramiz Novruz da
xəstələnən zaman Heydər Əliyev Fondu bunu diqqətdə saxladı. Dünyasını dəyişən
elə sənətkarlarımız var ki, dövlət onların dəfn mərasimini öz üzərinə götürür”.

Sevilən aktrisa Naibə Allahverdiyeva xarici aktyorların uzunömürlülüyünə
paxıllıq etdiyini açıqlayıb:

“Xarici aktyorlara baxıram və paxıllıq edirəm ki, 85-90 il yaşayırlar.
Rusiyalı aktyorlar uzun ömür yaşayırlar. Hər dəfə bir aktyorumuz dünyasını
dəyişəndə elə bilirəm ki, incəsənətimizdən bir yarpaq düşür. Səhnə bizim üçün
məbədgahdır, evimizdir. Bəlkə də səhnəni doğma evimizdən də artıq bilirik.
Səhnə olmasa, biz yaşaya bilmərik”.

Qeyd edək ki, iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzun dəfn
mərasimi müzakirələrə səbəb olub. Vida mərasimində həmkarı, Xalq artisti Əli
Nur çıxış edərək Mədəniyyət Nazirliyinin aktyora laqeyd münasibət bəsləməsini
qeyd edib. O, dəfn mərasiminin R.Novruzun evində deyil, Azərbaycan Dövlət Dram
Teatrında keçirilməli olduğunu deyib. Daha sonra o, dediklərini təkzib edib.
Bildirib ki, nazirliyin dörd əməkdaşı vida və dəfn mərasimində iştirak edib.
Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan
incəsənətinə kömək edir. Buna baxmayaraq, sözügedən məsələ ayrılıqda sənət
adamlarının dəfninə olan biganəliyi gündəmə gətirib.

Şəlalə Babayeva

Source link