f9092b2f-7277-4968-96ec-a907947df54b.jpg

Narkoloji Dispanserdə insident: “Bir-birimizə toxunduq”

Baxış sayı: 245 dəfə baxılıb.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin
yeməkxanasında 1986-cı il təvəllüdlü Seymur orada müalicə alan Əzizə xəsarət
yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 aprel 2023-cü il tarixdə
saat 14 radələrində baş verib. Seymur məhkəmə qərarına əsasən məcburi qaydada
müalicə aldığı Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika
Narkoloji Mərkəzinin ixtisaslaşdırılmış şöbəsinin yeməkxanasında, onunla birgə
məcburi müalicəyə cəlb edilmiş Əzizin ünvansız nalayiq ifadələr işlətməsini
əsas gətirib. O, mətbəxlə yeməkxananın arasında olan nəfəsliyin mətbəx tərəfdən
altındakı masanın üzərindən bıçağı götürərək Əzizin sağ bud və qarın
nahiyələrindən qəsdən vurub.

Hadisəni törədən Seymur barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi
təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma)
maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, narkoloji
dispanserdə müalicə alarkən onunla eyni zamanda müalicəsini davam etdirən
Əzizlə aralarında anlaşmazlıq yaranıb: “Yeməkxanadan keçən zaman bir-birimizə
toxunduq. Mətbəx bıçağı ilə onu bıçaqlayaraq 1 dəfə xəsarət yetirdim. Mətbəx
bıçağını pəncərədə qoyulduğu yerdən götürdüm. Niyyətim onu vurmaq olmayıb,
qorxutmaq istəyirdim. Əzizin sağ tərəfdən qarnına vurdum. Əziz ayağı dolaşaraq
yerə yıxıldı. Həmin vaxt arxadan yaxınlaşan müalicə alan şəxslər araya
girdilər. Mən dərhal bıçağı əlimdən buraxdım. Həmin vaxt Əziz ayaq üstə
qalxaraq nəslimə söysə də, Əzizə əhəmiyyət vermədim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əzizin sözlərinə görə,
təqsirləndirilən Seymuru müalicə müəssisəsinə yerləşdirildikdən sonra tanıyıb,
ədavətləri və ya düşmənçilikləri olmayıb: “Orada olarkən aramızda mübahisə
oldu. Seymur mənə, mən də Seymura söyüş söydüm. Seymur sağ əlində olan bıçaqla
1 dəfə sağ tərəfdən qarnıma vurdu. Seymur sol əlini boynuma keçirdiyindən
ayağım dolaşaraq yerə yıxıldım. Həmin vaxt arxadan bizə yaxınlaşan müalicə alan
şəxslər Seymuru arxadan qucaqlayaraq aramıza girdilər. Seymurun məni təkrar
bıçaqla vurmaq imkanı olsa da, vurmadı. Mən ayağa qalxaraq öz palatama getdim.
Palatada olarkən gördüm ki, qarnımdan qan axır. Anlaqsız vəziyyətdə əməli
törətmiş Seymurla barışmışam. Ona qarşı hər hansı şikayət və ya tələbim yoxdur”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Seymur Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai
təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və
cəzadan azad edilib.

Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq Seymurun barəsində ümumi
tipli psixiatriya stasionar məcburi müalicə şəklində tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan
tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə
yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınıb. Qərar qanuni qüvvəsini alana
kimi dəyişdirilmədən saxlanılıb.

Source link